4421
07 Dec 2022 | 19:25

"İranın Ermənistana hədiyyə etdiyi bu raketlər Azərbaycan qarşı istifadə etmək üçündür..."

İranın 27 nəfərdən ibarət iki qrupun Qarabağa gəlməsi ilə Tehranın Ermənistana raket ötürməsi əlaqəli proseslərdir

 
SSRİ süqut etməsi ilə İran Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək və Azərbaycanda özünə uyğun qüvvələri hakimiyyətə gətirmək üçün daim Ermənistanla yaxından əməkdaşlıq edib. Bu əməkdaşlıq İrandakı hakimiyyətlərin daim  Ermənistanın Azərbaycana qarşı fəaliyyətlərini dəstələməsi ilə müşaiyət olunub. İştirak etdiyim Birinci Qarabağ Müharibəsi zamanı Laçın rayonunun azad edilən kəndlərində İran istehsalı olan sursatlara, o cümlədən minaatan mərmilərinə, tibbi ləvazimatlara, dərman pereparatlarına, quru ərzaq paylarına və s. dəfələrlə rast gəlmişəm. Bəzi erməni silahların Rusiya istehsalı olduğu müəyyən şübhə doğururdu, lakin bu silahların istehsalçısını həm gənc və təcrübəsiz olduğuma, həm də döyüş meydanında müvafiq şəraitin olmadığına görə təyin etmək çətin idi. İran mollarının "erməni sevdası" Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə də, 44 günlük Vətən Müharibəsi zamanı da, elə indi də davam edir. 
Vətən Müharibəsi zamanı İran tərəfi Azərbaycan Silahlı Qüvvələrinin hissə və bölmələrinin mövqelərinin yerləşdiyi ərazi və hərəkət istiqamətləri barədə əldə etdiyi məlumatları erməni tərəfinə ötürməsi, Azərbaycana məxsus PUA-ların fəaliyyətini məhdudlaşdırmaq üçün nəzərdə tutulan radio-elektron mübarizə vasitələrini erməni ordusuna hədiyyə etməsi, Azərbaycan Əsgərinin hücum əməliyyatının qarşısını almaq üçün Xudafərin istiqamətində süni maneələr yaratması və s. barədə daha əvvəlki çıxışlarımda məlumat vermişəm. Odur ki, İranın Azərbaycana qarşı fəaliyyəti və işğalçı Ermənistanla işbirliyi haqda kifayət qədər təkzibolunmaz faktlar mövcuddur. 
 
Son günlər isə Azərbaycan mətbuatında İranda xüsusi olaraq hazırlanmış şəxslərin Azərbaycanın rusların müəqqəti nəzarətində olan Qarabağ ərazisinə qeyri-qanuni səfərlər barədə məlumatlar yayılır.
 
Noyabrın 24-dən 30-dək olan cəmi 6 gün ərzində 27 İran vətəndaşının Qarabağ bölgəsinə daxil olması ilə bağlı sübutlar təqdim etsə də, nə İran, nə də Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyə tələsmir, casus olduğu belə ehtimal edilən bu şəxslərin Xankəndinə hansı məqsədlə gəldiyi də şərh edilmir. 
 
Bu məsələ ilə bağlı hadisələrə aydınlıq gətirilmədən İranın Azərbaycana qarşı daha bir məkrli planının üstü açılıb. İran casuslarının Qarabağa buraxılmasından bir ay əvvəl təxminən   oktyabrın sonunda molla rejimi gizli şəkildə Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Bu silahların tərkibinə  500 ədəd "Dehlavieh" idarə olunan tank əleyhinə raketi (TƏİR) və  eyni tipli 100 ədəd "Almas" raketi daxildir. 
 
"Dehlavieh" kompleksi 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrinə Dəstək Nazirliyinin sifarişi ilə hazırlanıb və Rusiyanın "Kornet" TƏİRK-nin bazasında hazırlanıb. "Almas" kompleksi isə 2021-ci ildə İİKK Quru Qoşunlarının sifarişi ilə hazırlanıb və İsrailin "Spike" kompleksini plagiat versiyasıdır. Maraqlıdır ki, bu sursatlar Ermənistana satılmayıb, onlar İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) "Qüds" qüvvələri tərəfindən hədiyyə edilib. "Qüds" qüvvələri İİKK-nın İran xaricində fəaliyyət göstərən təşkilatıdır.
 
İranın 27 nəfərdən ibarət iki qrupun Qarabağa gəlməsi ilə Tehranın Ermənistana raket ötürməsi əlaqəli proseslərdir. Böyük ehtimalla Xuzistandan gələn qrupların təyinatı Xankəndində erməni silahlılarına İran istehsalı olan silahların istifadəsi üçün təlim keçməkdən ibarət olub. Əgər bu ehtimal təsdiqlənərsə, deməli Ermənistana bağışlanan İran silahlarının bir hissəsi sülhməramlıların himayə etdiyi seperatçı qurumun silahlılarına verilib. Odur ki, İran tərəfi gec-tez həm Ermənistana raketlərin verilməsi, həm də 27 nəfərlik qrupların Qarabağa göndərilməsi məsələsinə aydınlıq gətirməli olacaq.
 
Lakin dəqiq məlum olan budur ki, İranın Ermənistana silah ötürməsi şübhə doğurmur və  bu Tehran rejiminin Azərbaycana qarşı atdığı növbəti düşmənçilik addımıdır. Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra İran üçün münbit narkotik və silah qaçaqmalçılığı marşrutlarını nəzarət götürməsi, rəsmi Tehranın Azərbaycana qarşı indiyədək gizli apardığı düşmənçilik siyasətini artıq açıq müstəviyə keçirməsi aşkar şəkildə müşahidə olunur. 
 
İranın bu günə qədər Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğal altında saxlayan və revanşizmdən əl çəkməyən Ermənistana hədiyyə etdiyi bu raketlər Azərbaycan qarşı istifadə etmək üçün nəzərdə tutulur. Xain və düşmən mövqeyindən əl çəkməyən İran rejiminin işğalçı ölkənin fərari ordusuna verdiyi  silahlar birmənalı olaraq yenidən regionda gərginliyin yaranmasına xidmət edir. İran unutmamalıdır ki, işğalçı Ermənistanı silahlandıran ölkələrin hamısı bu gün silah bazarında olan qalan mövqelərindən də məhrum olurlar. Çünki, müharibə aparmaq üçün tək silah əldə etmək yetərli deyil, bunun üçün ilk növbədə Silahlı Qüvvələrin Vətən sevgisi və yüksək döyüş ruhu olmalıdır. Belə sevgi və ruh  yüksəkliyi isə nə fərari erməni ordusunda, nə də öz texnikası ilə düşmən vasitələrini ayırd edə bilməyən İran ordusunda yoxdur. Odur ki, İranın məğlub Ermənistanı silahlandırması, sonunda həm erməni tərəfinin növbəti insan və texnika itkilərini, həm də Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarla zənginləşməsini təmin edəcək. 
 
Ədalət Verdiyev, hərbi ekspert
 
Link kopyalandı!
Son xəbərlər