Siyasət
3791
07 Dec 2022 | 15:03

"Volkovun dərhal geri çağırılması barədə məsələ qaldırmalıdır" - Siyasi şərhçi

"Azərbaycanın media mənsublarının Rusiya sülhməramlılarına necə dərs keçdiyini hər birimiz izlədik. Alqışa, ən xoş sözlərə layiq fədakarlıq nümunəsidir, sağ olsunlar bizim həmkarlarımız, təkcə jurnalist kimi yox, həm də vətəndaş kimi davrandılar və Azərbaycan ərazisində müvəqqəti olduqlarını Rusiyanın hərbi kontingentinin təmsilçilərinə növbəti dəfə xatırlatdılar". 
 
Bu fikirləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib. 
 
O hesab edir ki, media nümayəndələrimizin bu addımlarının davamı mütləq olmalıdır: " Söhbət ondan getmir ki, jurnalistlərimiz eyni missiya ilə yenidən sülhməramlı adlanan, əslində isə sülhdən çox, qarşıdurma yaratmağa, gərginliyi tətikləməyə xidmət edən rusiyalı hərbçilərin səddini yarmağa cəhd etməlidirlər. Bu, Rusiya hərbi missiyasının ifşası baxımından möhtəşəm bir test oldu və “B” planına keçmək lazımdır. Fikrimcə, Azərbaycanın müvafiq qurumları media təmsilçilərimizin suveren ərazilərimizdə hərəkətinə nümayişkəranə şəkildə maneə yaradan və bununla bağlı tapşırıq verən general-mayor Andrey Volkovun dərhal geri çağırılması barədə məsələ qaldırmalıdır! Heç şübhəsiz ki, rus general telekanallarımızın çəkiliş qrupunun Xocalıya daxil olmasını Rusiya kontintenginin müvəqqəti təsir zonasındakı özbaşınalıqları, erməni terrorçu dəstələrinin cinayətlərini, Xocalıda aparılan qanunsuz tikinti işlərinin ictimailəşdiriməsini istəmədiyi üçün əraziyə buraxmayıb".
 
 
E.Paşasoyun fikrincə, ermənilərə birdəfəlik anlatmaq lazımdır ki, bu hadisə Azərbaycan ərazisində baş verib və ciddi qanun pozuntusuna yol verilib: "Son məlumatlara görə, Qarabağ ərazisinə, elə rus hərbçilərin nəzarət etdiyi bölgəyə daha 13 İran vətəndaşı daxil olub, üst-üstə 27 nəfər! Onların terrorçu, yaxud hansı əməl sahibi olduğu bu günədək məlum deyil, rus kontingent məsələyə aydınlıq gətirməyib. Başqa ölkənin vətəndaşlarını Azərbaycan ərazisinə qeyri-qanuni olaraq buraxan Volkov və onun komandası Azərbaycan vətəndaşları olan jurnalistlərimizi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bölgəyə, bizimçün çox həssas bölgə olan Xocalıya buraxmırsa, o halda bu ərköyünlüyə, saymazlığa, qanunlarımızın tapdanmasına rəsmi və qeyri-rəsmi qurumlar, vətəndaş cəmiyyəti təşkilatları, media qurumları olaraq sərt təpki göstərməli, Rusiya komandanlığına “qırmızı xətti” keçdiyini başa salmalıyıq. Fikrimcə, jurnalist təşkilatlarımız bu məsələdə xüsusilə fəal olmalıdır. Eyni zamanda əməkdaşlarının fəaliyyətinə süni əngəllər yaradılan TV-lərimiz və informasiya agentlikləri də rəsmi şəkildə etiraz bildirməli, izahat istəməlidirlər". 
 
Siyasi şəhçi xatırlatdı ki, Azərbaycanın 4 minədək vətəndaşı əsir və itkin düşüb, girov götürülüb və Onların bir çoxu Xocalı soyqırımının qurbanlarıdır: "Bu günədək barələrində xəbər-ətər yoxdur, minlərlə insanımızın gözləri yoldadır. Hesab edirəm ki, həmin itkin düşənlərin ailə üzvlərindən, Xocalı sakinlərindən də ibarət bir heyətin Xocalıya yürüşü təşkil olunmalıdır. İnsanlar əllərində qərənfil əzizlərinin həlak olduğu, itkin düşdüyü əraziləri ziyarət etmək istədiklərini açıq şəkildə bəyan etməlidirlər və müvafiq qurumlarımızın əməkdaşlarının təhlükəsizlik tədbirlərini həyat keçirməsi ilə bu yürüş reallaşdırılmalıdır. Necə olur ki, rus sülhməramlılar az qala günaşırı “erməni zəvvarları”nın ziyarətini təşkil edir, hətta Xudavəng məbədinə, amma bizi, bu məmləkətin sahiblərini öz ərazilərimizə buraxmır? Erməni separatçıları Qarabağın qiymətli ehtiyatlarını əcnəbilərlə birlikdə talayır, amma rus hərbçilər həmin ünvanlarda mediamızın monitorinq keçirməsinə imkan vermir. İstisna etmirəm ki, əsir və girov götürülən insanlarımızın bir çoxları elə Ağdərədəki qiymətli filiz mədənlərində qul kimi işlədilib, dünyasınıl dəyişənlər də kütləvi şəkildə basdırılıb. Kim bilir, bəlkə hələ onlardan sağ qalanlar da var. Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün hərəkətə keçməliyik, dayanmaq olmaz!".
 
Link kopyalandı!
Son xəbərlər