Putinin Şoltsla söhbəti: Ukraynaya son raket zərbələri Krım körpüsündə partlayışa cavab imiş
Ekskluziv
3990
02 Dec 2022 | 21:08

Putinin Şoltsla söhbəti: Ukraynaya son raket zərbələri Krım körpüsündə partlayışa cavab imiş

"Almaniya Putinə qoşunlarını Ukraynadan çıxarmağa, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırış edib..."
 
"Ukraynanın mülki hədəflərinə raket zərbələri Krım körpüsündə partlayışa cavab olub..."
 
"Qərb dövlətlərinin Kiyev rejiminə hərtərəfli hərbi, siyasi və maliyyə yardımı səbəbindən Ukrayna danışıqlar ideyasını rədd edir..."
 
Almaniya kansleri Olaf Şolts bu gün, dekabrın 2-də Rusiya diktatoru Vladimir Putinlə telefonla danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "УНИАН" nəşri məlumat yayıb.
 
Telefon söhbəti zamanı Putin Ukraynada kritik infrastrukturun qəsdən məhv edilməsini etiraf edib və bu soyqırım aktlarına haqq qazandırmağa cəhd göstərib.
 
Putinin sözlərinə görə, Ukraynanın ilin soyuq fəslində işığın və istiliyin kəsilməsinə gətirib çıxaran mülki hədəflərinə raket zərbələri Krım körpüsündə partlayışa cavab olub.
 
"Rusiya Silahlı Qüvvələri uzun müddət Ukrayna ərazisində müəyyən hədəflərə nöqtəvi raket zərbələrindən çəkinib. Lakin indi belə tədbirlər Kiyevin Rusiyanın mülki infrastrukturuna, o cümlədən Krım körpüsü və energetika obyektlərinə qarşı təxribatçı hücumlarına məcburi və qaçılmaz cavab reaksiyası olub", - Putin hərbi cinayətlər törədilməsini etiraf edib.
 
Putin həmçinin Almaniya və başqa Qərb ölkələrinin dəstəyinə görə Ukraynanın Moskva qarşısında təslim olmamasından və onun təcavüzünə müqavimət göstərməkdə davam etməsindən Şoltsa şikayət edib.
 
"Qərb dövlətlərinin, o cümlədən Almaniyanın Kiyev rejimini silahlarla təchiz etməsi, ukraynalı hərbçilərin hazırlığını həyata keçirməsi diqqətə çatdırlılıb. Bütün bunlar, habelə Ukraynaya hərtərəfli siyasi və maliyyə dəstək ona gətirib çıxarır ki, Kiyev hər hansı danışıqlar ideyasını rədd edir", - Kreml terrorçuları yazıb.
 
Öz növbəsində Olaf Şolts dəftərxanası bəyan edib ki, Almaniya hökumətinin başçısı Putinlə söhbətində Rusiyanın Ukraynanın mülki infrastrukruruna raket zərbələrini pisləyib.
 
Şolts Almaniyanın Ukraynanın Rusiya təcavüzü qarşısında müdafiə qabiliyyətinin təmin edilməsinə hazır olduğunu vurğulayıb.
 
Almaniya kansleri neçənci dəfədir ki, Putinə Rusiya qoşunlarını Ukraynadan çıxarmağa, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə və diplomatik danışıqlara başlamağa çağırış edib.
Link kopyalandı!
Son xəbərlər