Tövbə - günah duyğusu ilə insan mənliyinin hesablaşmasıdır...
Ekskluziv
3919
02 Dec 2022 | 07:09

Tövbə - günah duyğusu ilə insan mənliyinin hesablaşmasıdır...

 "Mömini digərlərindən ayıran özəllik xətasından peşman olub Allah qarşısında acizliyini ifadə etməsidir..."
 
Necə tövbə etməliyik?..
 
Tövbə ərəb dilində, geri dönmək, qayıtmaq, dönüş etmək kimi mənalara gəlir. Dini bir ifadə olaraq isə tövbə, xətalarına qarşı peşmanlıq hiss edərək onları etiraf edib, tərk edilən məsuliyyətləri təkrar yerinə yetirmək və yenidən özünü ələ alıb Allaha tərəf yönəlmək deməkdir.
 
Tövbə məfhumu daha geniş izah edən alimlər də olmuşdur. Onların verdikləri izahları ümumiləşdirsək, tövbə, duyğu, düşüncə, təsəvvür və davranışlarda Rəbbimizin ilahlığına qarşı içərisinə düşdüyümüz bütün növ müxalif davranışlardan əl çəkib,  əmr və qadağaları baxımdan təkrar Onun razı olduğu yola yönəlmək deməkdir.
 
Tövbə, sadəcə vicdanın çirkin gördüyü bir şeyi diksinərək tərk etmək deyildir. Doğru olan tövbə, Allahın sevmədiyi, istəmədiyi şeylərdən, öz ağıl və düşüncəsinə görə yararlı hesab etsə belə, uzaqlaşıb, yenə Onun göstərdiyi yola üz tutmaqdır.
 
Tövbə, insanın özünü yeniləməsi, sapdırıcı düşüncə və davranışlarla pozulan qəlbinin tarazlığını yenidən nizamlayaraq Allahın qəzəbindən rəhmətinə sığınmaqdır.
 
Başqa bir ifadə ilə Tövbə günah duyğusu ilə insan mənliyinin hesablaşması, dağlar qədər böyük günahlar qarşısında iradəsi ilə dayanaraq mübarizə aparmasıdır. İnsanın, tamamilə günahdan uzaq dura bilməsi mümkün deyildir. Əlbəttə o mələklər kimi günahdan məsum tutulmayıb. Bu nöqteyi-nəzərdən insan hər zaman xəta işləməklə qarşı-qarşıya gələ bilər...
 
İnsanı mələkdən ayıran cəhət onun günah işləyə biləcək bir varlıq olmasıdır. Digər cəhəti isə ayağı günaha doğru sürüşdüyü zaman, ayağa qalxıb xətasında israr etmədən, əvvəlkindən daha təmkinli bir şəkildə yoluna davam edə bilməsidir. Bu hal onu mələklərdən daha üstün səviyyəyə çıxara biləcək özəllikdir.
 
Yaşadığımız dövrdə hər tərəfin günahlarla dolub-daşdığını görürük. Bu gün şeytan və onun yardımçıları qol-qanad açıb hər künc-bucaqda, hər tərəfdə öz toruna düşürəcək qurbanlar axtarır.
 
Allah Rəsulu (s.ə.s) bir hədisində “İşlənən hər günah insan qəlbində qara bir nöqtə meydana gətirər. İnsan, tövbə edib günahdan əl çəkərsə, qəlbi yenidən parlayar. Günahından dönməz və işləməyə davam edərsə, qara nöqtələr artar və ən son qəlbi tamamən qaralar” (Tirmizi, Təfsirul-Quran, 75) Şeytanın arzusu, insanın qəlbini günahlarla qaraltmaq, onu günahlar vasitəsi ilə Allahdan uzaqlaşdırmaqdır. Həmçinin şeytan günah işləyən insanı Allahın rəhmətinə, bağışlamasına qarşı ümidsizliyə sövq etmək istəyir. Məqsədi bu yolla da onu Allahın rəhmətindən uzaqlaşdırmaqdır.
 
İnsan bunu dərk etməlidir ki, Allah onu  yaradarkən mələk deyil, insan olaraq yaradıb. Digər tərəfdən də insan ilahi əmr və qadağalara riayət məsələsində aciz və gücsüzdür. Allah-Təala insanın bunu dərk edərək, qurtuluşu üçün işlədiyi əməllərə deyil, Allahın rəhmətinə güvənməsini, bel bağlamasını istəyir. Buna görə də hər daim Onun rəhmət qapısına sığınmağa ehtiyacı olan, günahkar bir varlıq olduğunu nəzərdən çıxartmamalıdır.
 
Mövzu ilə əlaqəli bir neçə hədisə nəzər salaq. Allah Rəsulu: (s.ə.s):
 
 والذي نفسي بيده لو لم تذنبوا لذهب الله بكم ولجاء بقوم غيركم يذنبون فيستغفرون الله فيغفر لهم 
 
“Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, əgər siz heç günah işləməsəydiniz, Allah sizi toplu olaraq həlak edər, günah işləyən, ardınca da bağışlanma diləyən  bir qövm  yaradar və onları məğfirət edərdi, bağışlayardı.”[1]
 
“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.”[2] “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” [3] – buyurur.
 
Allah-Təala insana göylərin, yerin, dağların daşımaqda aciz qaldığı bir əmanəti təklif etmiş insan da o əmanətə sahib çıxma məsuliyətini öz üstünə götürmüşdür.[4] Lakin insan, yükləndiyi bu məsuliyyətin tam haqqını verərək Allahın razılığını əldə edərək nicat tapmır. Əksinə, insan bu məsuliyyətin hesabından, gücü nisbətində,  daim Allahın rızasına tərəf üz tutub, hər əksik və qüsuru üçün tövbə etməsi və bağışlanma diləməsi nəticəsində Allahın mərhəməti sayəsində qurtula bilər...
 
Allah-Təala bu həqiqəti Əhzab surəsində açıqca ifadə edir: إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولً “Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.”      [5]لِيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا “Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.” (Əhzab 33/73)
 
  Bu ayələrdə, öncəliklə insanın əmanətin məsuliyyətini öhdəliyinə götürdüyü üzərində durulur. Daha sonra, əmanətə necə riayət etməsindən asılı olaraq insanların münafiq, kafir və mömin olaraq üç zümrəyə ayrıldığını və möminlər xaric digər iki zümrəyə əzab ediləcəyi ifadə edilir. Diqqət edilirsə, ayədə möminlərin əmanətə haqqı ilə riayət etdiyindən bəhs edilmir, əksinə, onların tövbə etməsi nəzərə verilir. Bu da onu göstərir ki, möminlər də məsuliyyəti yerinə yetirmədə qüsursuz deyillər. Mömini digərlərindən ayıran özəllik xətasından peşman olub Allah qarşısında acizliyini ifadə etməsidir. Belə olan halda onlarAllahın  əfvinə, mərhəmətinə nail olurlar. Ayənin sonunda “Allah bağışlayandır, rəhmlidir” şəklində tamamlanması da insanın qurtuluşunun ilahi rəhmət sayəsində olacağını və hər an tövbəyə möhtac olduğumuzu göstərir...
 
Bu mövzuda önəmli bir məsələni də qeyd etmək lazımdır ki, şeytan insanı Allahın rəhmətindən  ümidini kəsmək yolu ilə azdırdığı kimi, onu Allahın rəhməti ilə tovlayıb günaha sövq edərək də yoldan çıxara bilər. Ona görə də mömin gücü nisbətində daim günahdan ilandan, əqrəbdən qaçar kimi qaçmalıdır...
 
Belə ki, günahın, ilan əqrəb kimi nə zaman qarşımıza çıxacağı bəlli deyil. Günahı işləmək bir yana imkan nisbətində insan onun səmtinə belə yanaşmamalıdır. Diqqət etsək, Qurani Kərimdə  də Allah-Təala, bizləri bəzi günahlardan çəkindirərkən “yaxınlaşmayın” və ya “uzaq durun” kimi ifadələr işlədir.[6]
 
İnsan bir günaha bulaşınca o kirdən bir an əvvəl xilas olmağa çalışmalıdır. Günah ərəb dilində quyruq mənasına gələn “zənəb” sözü ilə eyni kökdən gəlir. Quyruq heyvanlara xas özəllikdir. İnsan günah işləyərkən  sanki özünü bir quyruq taxaraq quyruqlu varlıqlara bənzədər. Elə isə insanın ona ilişən hər quyruğu kökündən kəsib atması lazımdır. Necə ki, bulaşan hər maddi kiri su ilə təmizləyib üzərində daşımadığı kimi mənəvi pislik, kir, ləkə olan günahı da təmizləməsi lazımdır. Bunu etmək də tövbə ilə mümkündür. Allah Rəsulu (səs) bir hədisində: “…التَّائِبُ مِنْ الذَّنْبِ كَمَنْ لَا ذَنْبَ لَهُ – “Günahından tam olaraq üz döndərib tövbə edən, onu heç işləməmiş kimidir.” (İbn Macə, Zühd 30; Təbərani, el-Mucəmul-kəbir, 10/150)   buyurur.
 
Hər bir işin ədəbi, ərkanı olduğu kimi, günahlarda tövbə etmənin də özünə xas ədəbi, qaydası və şərtləri vardır. Onlardan bəziləri bunlardır:
 
 
Mənbələr:

[1] Müslim, Tövbə 9,

[2] Müslim Zikir 42

[3] Tirmizi Qiyamət 49, İbn-i Macə, Zühd, 30

[4] Əhzəb 33/72

[5] Əhzab 33/72

[6] İsra 17/32, Ənam 6/152 Nisa 4/31 Hücurat 49/12

Meneviyyat.az

Link kopyalandı!
Son xəbərlər