Bəlkə də onun qarderobu dünyanın ən məşhur səhnə ulduzlarının qarderobundan zəngin olub. Rafael Truxiylo 1930-cu ildə hakimiyyətə gəldikdən sonra yalnız hərbi libas geyinsə də, çıq geyinmək şakərindən əl çəkməyib. Onun sayı bilinməyən şəxsi iqamətgahlarındakı qarderob otaqlarında yüzlərlə kostyum, köynək, qalstuk, ayaqqabı və digər geyim əşyaları saxlanılıb. Dominikan prezidentinin gündəlik geyindiyi hərbi libasların düymələri isə qızıl və platindən hazırlanıb ki, bu libasların qiyməti on min dollardan baha olub...
Rafael Truxilyo 1891-ci ildə Dominikan Respublikasının San-Kristobal şəhərində çoxuşaqlı yoxsul bir ailədə anadan olub. Natamam orta təhsil aldıqdan sonra o, rahat qazanc əldə etmək üçün bir müddət öz həmyaşıdları ilə xırda oğurluqla məşğul olub. Çox keçməmiş Truxilyo özünə kiçik bir dəstə də yaradıb ki, onlar soyğunçuluq və qarətlərlə gəlir əldə ediblər. Bu fəaliyyətinə görə o, qısa müddətli həbsə də düşüb.
Truxilyo ilk rəsmi əmək fəaliyyətinə teleqrafçı kimi başlayıb. 1916-cı ildə ABŞ Dominikanı tam nəzarətinə götürərkən yerli sakinlərdən milli qvardiya yaradanda Truxilyo da bu qvardiyada özünə yer edə bilib. O, çox qısa zamanda amerikalı zabitlərin etimadını qazanıb, onların bütün əmr və göstərişlərini yüksək səviyyədə icra etməklə gələcək karyerasına yaşıl işıqlar yandırıb. Məhz bu çevikliyi, qoçaqlığı, “sözəbaxanlığı” sayəsində Truxilyo 9 il ərzində sıravilikdən general rütbəsinə, Dominikan ordusunun komandanı vəzifəsinə qədər yüksəlib.
Hakimiyyət və pul hərisi olan Truxilyonu tutduğu vəzifə qane etməyib. O, daha yuxarılara, hakimiyyətə, brinci şəxs olmağa can atıb və general 1930-cu ildə hakimiyyəti devirirək öz istəyinə nail olub.
16 may 1930-cu ildə keçirilən prezident seçkilərində Truxilyo seçicilərin 99 faiz səsini toplayaraq prezident srçilib. Bu saxtalaşdırlmış rəqəmi həmin dövrdə ABŞ-ın Dominikandakı səfiri aşağıdıkı kimi şərh edib:
“Truxilyoya prezident seçkilərində səs verənlərin sayı ümumi seçicilərin sayından daha çoxdur...”
Bu ifadə ABŞ rəsmisi tərəfindən söylənsə də, Truxilyonu prezident edən də elə ABŞ hakimiyyəti olub.
Truxilyonun hakimiyətə gəlişi Dominikanda çox şeyləri dəyişib. Ölkədə dünyanın heç bir yerində olmayan diktatura rejimi hökm sürüb. O, birinci kürsüyə əyləşən kimi Dominikan Partiyası yaradıb. Vətəndaşların bu partiyaya üzv olması məcburi olub. Partiya üzvləri yüksək üzvlük haqqı ödəməyə məcbur edilib. Truxilyo partiyanın xəzinəsinə şəxsən özü nəzarət edib.
Ölkədə bütün ilklər diktatorun adına yazılıb - ilk alim, ilk elmlər doktoru, ilk generalissimus rütbəsi, yaşayış məntəqələrinə, küçə və prospektlərə onun adının verilməsi prezidenti “dahi şəxsiyyət”ə çevirib.
Hakimiyyətə gəldikdən sonra Truxilyo ölkədəki bütün işlək müəssisələri özəlləşdirərək öz yaxın adamlarının nəzarətinə verib. Ölkənin ümumi gəlirinin 40 faizdən artıq hissəsi prezidentin şəxsi büdcəsinə yığılıb.
Hökumətdə və orduda ən yüksək vəzifələrə Truxilyonun ən yaxın qohumları təyin edilib. Mövcud hakimiyyətə qarşı çıxanlar isə repressiyaya məruz qalıblar. Onların sayı 50 min nəfəri ötüb.
Truxilyonun iqamətgahlarının sayının nə qədər olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Bu iqamətgahların birini isə prezident öz qadın əyləncəsi üçün saxlayıb. Hər gün bu iqamətgaha könüllü, yaxud da məcburi şəkildə qadınlar gətirilib. Prezidentin var-dövləti və yaşı artdıqca o daha gənc qızlara üstünlük verib.
Var-dövlət Truxilyonun gözünü o qədər tutub ki, o, ona dəstək olan ABŞ-ı da öz nəzarətindən uzaqlaşdırmağa çalışıb, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarını ödəməkdən yayınmağa cəhd edib. Amerika rəsmiləri Truxilyo diktaturasından xəbərdar olub və bir neçə dəfə ona xəbərdarlıq da edilib. Truxilyo münasibətləri normallaşdırmaq üçün II dünya müharibəsində ABŞ-la mütəfiqqiliyini, Almaniya qarşı mübarizəyə qoşulduğunu bəyan edib. Amma bu yalnız sözdə qalıb. Dominikanın müharibə dövründə nə bir əsgəri, nə də bir sursatı hərbi əməliyyatlarda görünməyib.
1938-ci ildə Truxilyo ABŞ demokratiyasını əsas “götürərək” ikinci prezidentlik dövrü başa çatdıqdan sonra seçkilərdə iştirak etməyib. Həmin il 71 yaşlı vitse-prezident Xasinto Peynado prezident seçilib. Faktiki olaraq isə ölkəni ordunun ali baş komandanı və partiyanın rəhbəri vəzifələrini özündə saxlayan Truxilyo idarə edib.
1942-ci ildə Truxilyo yenidən prezident kürsüsünə sahib olub. Bu dəfə o, konstitusiyada dəyişiklik edərək prezidentlik müddətini 4 ildən 5 ilə uzadıb.
1952-ci ildə ABŞ-ın təzyiqi ilə Truxilyo birinci kürsüdən ayrılmaq məcburiyyətində qalıb. O, öz müraciətində bunu qanunlara hörmət kimi təqdim edib. Yəni, iki müddət prezident olduqdan sonra seçkilərə qatılmadığını konstitusiyaya əməl etməsi kimi qiymətləndirib. Ancaq Truxilo yenə də hakimiyyəti əlində saxlamağı bacarıb. Belə ki, 1952-ci ildə Dominikana onun qardaşı Ektor Truxilyo seçilib.
Rejim dəyişməyib, olduğu kimi qalıb. Truxilyo ölkəni əvvəlki kimi idarə edib. Bu idarətetmə əvvəlkindən də sərt olub. Nəhayət, ölkənin müxalif qüvvələri rejimdən yaxa qurtarmaq üçün son çıxış yolunu Truxilyonu fiziki cəhətdən məhv etməkdə görüb. 30 may 1961-ci ildə Truxilyonun şəxsi “Chevrolet Bel Air” avtomobili atəşə tutulub və 69 yaşlı diktator elə həmin dəqiqə ölüb.
Truxilyoya sui-qəsd olunması ilə bağlı bir çox versiyalar səsləndirilib. Bu versiyalarda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin adı da hallanıb. Belə ki, avtomobilə Amerika istehsalı olan silahlardan atəş açılması, həmin silahların Mərkəzi Kəşfiyyat İdarəsindən ötürülməsi kimi faktlar üzə çıxıb.
Truxilyonun ölümündən sonra ailə hakimiyyəti əlində saxlaya bilməyib. Sabiq prezidentin ailə üzvləri Parisə qaçmağa məcbur olublar. Oğlu özü ilə Truxilyonun nəşini də Fransaya aparıb və o, Parisin Per-Laşez qəbirstanlığında dəfn edilib. /Musavat.com/