“Laçında postlar qurub erməniləri Azərbaycan sərhədçilərinin varlığına öyrəşdirməliyik...”
Ekskluziv
5291
29 Nov 2022 | 21:31

“Laçında postlar qurub erməniləri Azərbaycan sərhədçilərinin varlığına öyrəşdirməliyik...”

“Bəs necə edək ki,  Rusiyanın "sülhməramlı" adlanan kontingentinin fəaliyyəti bizim xeyrimizə olsun? Bu, təbii ki, incə diplomatik iş tələb edir...”
 
“Son vaxtlar Yuxarı Qarabağ və Şərqi Zəngəzur ətrafında gərginlk artıb.  Və bu gərginlik həm də onunla bağlıdır ki, Azərbaycan  son iki il ərzində həmin bölgədə öz imkanlarını xeyli artırıb.  Odur ki, rəsmi Bakı hazırda istəyir ki, ermənilərlə yanaşı, Rusiya hərbçilərinin fəaliyyəti də biz istədiyimiz istiqamətdə olsun.  Əslinə qalsa, bu, düzgün taktikadır. Çünki “sülhməramlılar” orada öz funksiyalarını düzgün yerinə yetirdikləri halda onların orada olmasının xeyrinə qane olmaq olar. Ona görə ki, indiki mərhələdə ermənilər sanki bizdən hansısa kəskin  hərəkət gözləyirlər ki,  yenə dünyaya haray-həşir salsınlar ki, vay, qoymayın, bizi qırdılar. Yəni bu, bəllidir. Amma belə məqamda biz həmişə  deyə bilərik ki, orada sülhməramlılar var, onlar vəziyyətə nəzarət etməlidir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Qarabağ ətrafındakı son gərginlik barədə danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.
 
“Bəs necə edək ki,  Rusiyanın sülhməramlı sayılan kontingentinin fəaliyyəti bizim xeyrimizə olsun? Bu, təbii ki, incə diplomatik iş tələb edir. Və daim Rusiya kontingenti ilə iş aparılmalıdır.  Yəni biz xırda addımlarla öz məqsədimizə doğru irəliləməliyik.  Misal üçün, “Laçın dəhlizi” deyilən ərazidəki vəziyyəti götürək. Biz deməliyik ki, o ərazidə  Azərbaycan dövləti olaraq sülhməramlılarla birgə iş aparmaq niyyətindəyik. Yəni orada biz sərhəd, gömrük, fitosanitar və s. xidmətlər qurmalıyıq, siz də öz müşahidə-nəzarət postlarınızda öz işinizi görün, yəni təhlükəsizliyi və sülhü təmin edin. Biz də qanunlara uyğun olaraq öz işimizi görək. Hesab edirəm ki, biz ilkin mərhələdə bunu etməliyik və Qarabağdan Ermənistana və əksinə gedib-gələn erməniləri Laçında sərhəd postlarındakı Azərbaycan dövlətinin hərbçilərinin, sərhədçilərinin, məmurlarının varlığına öyrəşdirməliyik. Artıq 30-32  il ərzində haylar bizə yalnız səngərdən, silahların nişangahlarından baxmağa  vərdiş ediblər, indi zəhmət çəksinlər, üzbəüz ünsiyyətdə olub qanunlarımızla hesablaşsınlar. Və qoy ermənilər bilsinlər və əmin olsunlar ki, Azərbaycanın onlara qarşı əsla, öz beyinlərinə yeritdikləri kimi, soyqırım-filan törətmək məqsədi yoxdur. Sadəcə, istəyirik ki, onlar da digər yerli və xarici vətəndaşlar kimi Azərbaycan ərazisində yaşayanda və yaxud  bu dövlətin sərhədindən keçəndə bizim qanunlarımızla hesablaşsınlar”,- deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər