"Başqa dilləri bilməmək ayıb deyil, öz doğma dilini bilməmək ayıbdır..."
"Adların dəyişdirilməsi zamanı milli ideologiya nəzərə alınmalıdır..."
"Qırğızıstan Ukrayna yolunu gedir... bu, rus dilindən tamamilə imtinaya hesablanıb..."
"Putin Qırğızıstan prezidentinə iradlarını bildirməlidir..."
Qırğızıstan rus sözlərindən təcili olaraq yaxa qurtarmaq niyyətindədir. Rusiya Ukrayna ssenarisi ilə təhdid edir...
Qırğızıstanda təcili olaraq ölkə paytaxtı Bişkekin rayonlarının adlarını dekommunizasiya və derusifikasiya etmək istəyirlər.
Moderator.az xəbər verir ki, bu təkliflə respublika parlamentinin spikeri Nurlan Şakiyev çıxış edib.
Onun sözlərinə görə, paytaxt rayonlarından başqa, Qırğızıstanda elə yerlər və su tutarları var ki, xarici adlar daşıyır.
"Təcili olaraq Bişkekin bütün rayonlarının adları dəyişdirilməlidir. İndiyədək Qırğızıstanda ayrı-ayrı yaşayış məntəqələri başqa dillərdə adlanır", - o, deyib və əlavə edib ki, dövlət dili haqqında qanun 30 il öncə qəbul edilib, lakin bütün yeniliklər kağız üzərində qalıb.
"Hər bir qırğızıstanlı qırğız dilini bilməlidir. Biz bu şüarla yaşamalıhyıq ki, iki qırğız öz aralarında qırğız dilində danışmalıdır. Başqa dilləri bilməmək ayıb deyil, öz doğma dilini bilməmək ayıbdır", - Şakiyev deyib.
Bundan öncə belə təşəbbüslə yerli deputatlar da çıxış edərək, bəyan edib ki, Bişkek rayonlarının indiki adları (Pervomaysk, Sverdlovsk, Lenin və s.) mənəvi cəhətdən köhnəlib və öz tarixi missiyasını yerinə yetirib". Onlar hesab edir ki, adların dəyişdirilməsi zamanı milli ideologiya nəzərə alınmalıdır.
Buna cavab olaraq Rusiya bəyan edib ki, Qırğızıstan "Ukrayna yolunu gedir". O cümlədən hakim "Vahid Rusiya" partiyası Ali Şurasının üzvü Svetlana Jurova Şakiyevin bəyanatını Qırğızıstanda "rus dilindən tam imtina edilməsində ilk addım" adlandırıb və əlavə edib ki, "Ukraynadakı hadisələr məhz bundan başlayıb".
"Bunlar sadə məsələlər deyil. Bunlar rus dilinin tamamilə sıxışdırılması üçün atılan ilk kiçik addımlardır. Mən buna zərrə qədər şübhə etmirəm...Bu, şübhəsiz, Qırğızıstanda yaşayan çoxsaylı rusların hüquqlarını pozacaq. Beləliklə, bizim əlaqələrimiz kəsilir. Sonra növbəti mərhələ-məktəblər bağlanacaq, daha sonra nəsə başqa bir şey.
Gürcüstanda olduğu kimi, gənclər, təəssüf ki, praktiki olaraq rusca danışmır. Biz bilirik ki, Ukraynada da belə başlanıb. Sanki milli dövlət dilinin müdafiəsindən söhbət gedir, amma eyni zamanda insanlar yavaş-yavaş anlayıb ki, daha rusca danışmayacaqlar", - o, Qırğızıstanda qırğız dilinin ilk növbədə olacağına görə həyəcanını ifadə edib.
Deputat əlavə edib ki, bu məsələ yüksək dövlət səviyyəsində müzakirə ediləcək və mümkündür ki, Putinə "Qırğızıstan prezidentinə irad bildirmək üçün" təklif ediləcək.