Bir kənddə 54 min yəhudi 1 həftənin içində öldürülüb - alman və rumın nasistlərin böyük cinayəti
Dünya
3245
28 Nov 2022 | 15:51

Bir kənddə 54 min yəhudi 1 həftənin içində öldürülüb - alman və rumın nasistlərin böyük cinayəti

Ukraynanın Nikolayev vilayətinin Domanevski rayonunun Boqdanovka kəndi nə vaxtsa adi yaşayış məntəqələrindən biri olub. Əhalisinin sayı 2 min nəfərə çatmayan bu kəndin adı 1941-ci ilin dekabr ayında tarixə faciəli hadisələlə düşüb.
 
II dünya müharibəsi dövründə, 1941-ci ilin iyun ayında Rumıniya Hitler Almaniyasınaın tərəfinə keçdikdən sonra Ukraynanın bir sıra ərazilərinin işğalında bu ölkənin qoşunları da xüsusi rol oynayıb. O cümlədən Nikolayev vilayətinin bir hissəsi, Boqdanka kəndi də rumın qoşunlarının işğalı altında olub. Məhz bu kənddə Hitlerin avropalı yəhudələrə qarşı soyqırım siyasəti Rumıniya tərəfindən “yüksək” səviyyədə həyata keçirilib.
 
0_Main-1024x835.jpg (136 KB)
 
1941-ci ilin payızında işğalçı Rumıniya qoşunları Boqdanovka kəndində, Yujnı Buq çayının sahilindəki donuz kompleksində yəhudilər üçün xüsusi düşərgə yaradıblar. Artıq həmin ilin dekabr ayında bu düşərgədə 54 mindən artıq yəhudi saxlanılıb.
 
Şahidlərin sonralar verdikləri ifadələrdə dəhşətli faktlar əks olunub. Boqdanovka kənd sakini Karp Şeremet yəhudi düşərgəsinin yaradılmasını aşağıdakı kimi xatırlayıb:
 
“Mən həmin vaxt donuzçuluq sovxozunda təsərrüfat müdiri işləyirdim. 1941-ci ilin sentyabr ayında sovxoza 640 nəfər yəhudi gətirdilər. Onları sovxozun anbarına yerləşdirdilər. Rumın jandarmları onların özləri ilə götürdükləri bütün əşyaları əllərindən alırdılar. Dekabrın 21-ə qədər, demək olar ki, hər gün sovxoza 500, 1000, 2 min yəhudi gətirilirdi. Sovxozda donuzların saxlanılması üçün 22 tikili var idi. Ancaq bu yəhudilərin saxlanılması üçün bəs etmirdi. Minlərlə yəhudi qışın soyuğunda açıq havada sovxozun məftillərlə hasarlanmış ərazisində saxlanılırdı. Onların hansı şəraitdə saxlanılmasını sözlə ifadə etmək mümkün deyil. Bəzən su gətirmək üçün sutkalarla onları “barak”lardan çölə buraxmırdılar. Qidasızlıqdan, soyuqdan xəstəliklər baş alıb gedirdi. Dekabrın 18-də düşərgəyə üç nəfər gəldi, ikizi alman zabiti idi, biri isə daha yüksək vəzifəliyə oxşayırdı. Onlar sovxozu gəzdilər, ərazinin, yəhudilərin saxlandıqları yerlərin şəkillərini çəkdirdilər. Həyətdə öz aralarında 5-10 dəqiqə söhbət etdikdən sonra getdilər. Onların gəlişindən 3 gün sonra düşərgəyə 60 nəfər alman və rumın zabitlər gəldi. Biz elə düşünürdük ki, onları düşərgədə nəzarəti gücləndirmək üçün göndəriblər. Amma yox, bu 60 nəfər xüsusi hazırlıq keşmiş cəlladlar idi. Elə həmin gündən düşərgədə yəhudilərin kütləvi məhv edilməsi prosesi başlandı. Prosesdən əvvəl onlar elan etdilər ki, bu, Stalinin ad gününə hədiyyədir (21 dekabr Stalinin doğum günüdür). Yəhudiləri 50-100 nəfərlik dəstə ilə düşərgənin ətrafına aparırdılar, diz üstə çökdürürdülər və bundan sonra güllələyirdilər. Proses hər gün səhər tezdən başlayır, axşam saat 9-10-a qədər davam edirdi. Təzminən 200-ə yaxın yəhudini xəndək qazmaq üçün ayırmışdılar. Güllələnənləri yandırdıqdan sonra həmin xəndəklərə atırdılar. Biz hər gün bu dözülməz səhnələrin şahidi olurduq...”
 
90EO1_.jpg (177 KB)
 
Milliyətcə yəhudi olan, Boqdanovka düşərgəsində saxlanılan Filip Klinovun sonralar istintaqa verdiyi ifadələr isə daha dəhşətlidir:
 
“Ailəmiz yeddi nəfərdən ibarət idi. Bizi Boqdanovkaya yaşadığımız Odessa şəhərindən gətirmişdilər. İlk gündən rumınlar məni təsərrüfat briqadasına götürdülər, ailə üzvlərim isə içəridə saxlanırdı. Mən onların hansı vəziyyətdə olduğunu yaxşı bilirdim. Bir dəfə cəhd edib onlara çörək ötürmək istədim. Rumın əsgərləri məni tutdular. Cəza üçün məni güllələnmə yerinə apardılar. Amma nədənsə qərarlarını dəyişdilər. İkinci dəfə də ailə üzvlərimə çörək ötürmək istəyəndə yenə də ilişdim. Bu dəfə mənə heç nə demədilər, amma çörəyi ötürməyə də qoymadılar. Gecə ikən qayıtdım təsərrüfat briqadasına. Səhər tezdən bir rumın zabiti məni qabağına salıb düşərgənin ətrafındakı güllələnmə yerinə apardı. Düşündüm ki, bu artıq sondur. Həmin məkana çatanda rumın zabiti mənə altı ailə üzvümün meyitlərini göstərdi və yarı rus dilində mənə xəbərdarlıq etdi:
 
- Yəqin ki, sən bundan sonra içəri çörək ötürməyə bir daha cəhd etməyəcəksən.
 
4086_3.jpg (178 KB)
 
Alman və rumın hərbçilərinin cəlladlığının son həddi yox idi. Ən adi bir hərəkət güllələnməklə nəticələnirdi...”
 
Boqdanovka düşərgəsində yəhudilərin kütləvi məhv edlməsi dekabrın 29-a qədər davam edib. Cəlladlar yeni illə bağlı 3 gün özlərinə bayram tətili elan ediblər. 1942-ci ilin ilk günlərindək proses davam edib.
 
Ümumilikdə dekabrın 21-dən yanvarın 10-a qədər Boqdanovka düşərgəsində 54 minə yaxın yəhudi məhv edilib. Təxminən 3 min nəfərə yaxın yəhudi isə aclıqdan, soyuqdan və xəstəlikdən ölüb.
 
Almanlar və rumınlar gülləyə qənaət etmək üçün daha “səmərəli” bir vasitə də seçiblər. Minlərlə yəhudi donuz saxlanılan tikililərə doldurulub. Həmin tikililərə dörd bir tərəfdən od vuraraq içəridə olanları yandırıblar.
 
yiamjwaqylmstbrn.jpg (211 KB)
 
Düşərgədə saxlanılanlardan bir qrupu birləşərək qaçmağa cəhd edəndə, onlar son nəfərinədək rumın əsgərləri tərəfindən güllələnib.
 
Boqdanovka düşərgəsində cəmi 177 nəfər sağ qalıb. Onlardan 127-si kişi, 50 nəfəri isə qadın olub. Bu yəhudilər rumınlar tərəfindən düşərgədə müxtəlif işlərə cəlb edildiyindən ölümdən yaxa qurtara biliblər.
 
1945-ci ildə Boqdanovkada yəhudələrin kütləvi məhv edilməsinin əsas təşkilatçıları, Rumıniya ordusunun yüksək çinli zabitləri məhkəmə qarşısına çıxarılıb. Onların hərbi cinayətləri tam sübuta yetirlib. Məhkəmə onlar haqqında ölüm hökmü çıxarsa da, sonradan hökm ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
 
1280px-Богданівка._Пам'ятник_розстріляним_євреям_1.jpg (237 KB)
 
Boqdanovka kəndində isə gühahsız öldürülən on minlərlə yəhudinin xatirəsinin əbədiləşdirilməsi üçün memorial kompleks yaradılıb. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər