Ədliyyə Nazirliyi:
Cəmiyyət
3827
25 Nov 2022 | 16:54

Ədliyyə Nazirliyi: "Məişət zorakılığının qarşısının alınması məsələləri diqqət mərkəzindədir" - FOTOLAR

"Ölkəmizdə məişət zorakılığının qarşısının alınması məsələləri diqqət mərkəzindədir".
 
Bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə deyib.
 
Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər şəxsləri, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Mediasiya Şurasının üzvləri, vəkillər, vətəndaş cəmiyyəti institutları iştirak ediblər.
 
Əvvəlcə qonaqlar Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrin fəaliyyəti və yaradılmış müasir şəraitlə tanışlıq olub.
 
 
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova xatırladıb ki, BMT Baş Assambleyasının qərarı ilə hər il noyabrın 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Onun sözlərinə görə, ölkəmizdə gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması məsələləri diqqət mərkəzindədir.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov penitensiar müəssisələrdə saxlanılan şəxslərin təhlükəsizliyi və sağlamlıqlarının təmin edilməsinin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildiyini, cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb.
 
Ombudsman Səbinə Əliyeva ictimai müzakirələrin aparılması baxımından tədbirin əhəmiyyətini qeyd edib. Ombudsman qadınların hüquqlarının təşviqi və müdafiəsi məqsədilə aidiyyəti dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə də əməkdaşlıq edildiyini bildirib.
 
BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib ki, Ombudsman Aparatı ilə birgə qadın zorakılığının qarşısının alınması məqsədilə 16 günlük kampaniyaya start veriləcək: "Biz Azərbaycanın 16 rayonuna səfər edəcəyik. Səfər çərçivəsində qadınların səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Sevindirici haldır ki, bəzi cəzaçəkmə müəssisələrində qadınların şəraitinin yaxşılaşdırılması üçün onlara yeni vərdişlər öyrədilir. Onlar da qazanc əldə edərək öz ailələrinə müəyyən mənada dəstək ola bilirlər".
 
 
Digər çıxışçılar gender bərabərliyinə nail olunmasında, eyni zamanda qadınların səlahiyyətlərinin genişləndirilməsində və onların iqtisadi resurslara bərabər çıxış hüquqlarının yaradılmasında Dayanıqlı İnkişaf Məqsədlərinin rolundan da söhbət açılıb.
 
Qeyd olunub ki, qadın və qızlara qarşı bütün formalarda zorakılığın aradan qaldırılması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti, qadınların hüquq və azadlıqlarının təmin olunmasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinin vacib amillərdəndir.
 
Tədbirdə eyni zamanda, uşaqlara qarşı pis rəftar, onların istismarı və ümumiyyətlə bütün formalarda uşaq zorakılığına qarşı mübarizə üsulları məsələləri müzakirə olunub.
 
Sonra qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin ifasında​ konsert proqramı keçirilib.
 
Tədbir çərçivəsində pulsuz ingilis dili (İELTS) kursunun açılışı olub, Vəkillər Kollegiyasının “Qadın vəkillər” alyansı tərəfindən pulsuz hüquqi yardım aksiyası, “İçəri şəhər” Muzey Mərkəzi tərəfindən “Qurama” sənəti üzrə ustad dərsi keçirilib, qadın məhkumların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
 
Link kopyalandı!
Son xəbərlər