Ekskluziv
3046
24 Nov 2022 | 07:00

"Bizim insanlar haqdakı zənn və qərəzlərimiz çox vaxt özünü doğrultmur..."

"Bir insanın potensialının ortaya çıxması sevgi, diqqət, mərhəmət və inkişafına uyğun mühitdə mümkündür..."
 
Qərəzli davranışdan necə qorunmalı?..
 
"Qərəzə əsir olmaq da insanları həqiqi missiyalarından uzaqlaşdırır..."
 
Qərəz nədir?..
 
Qərəz kəlməsi ərəb dilində “gizli düşmənçilik” deməkdir. Bu kəlmə dilimizdə ümumişlək söz kimi “gizli və ya pis niyyət” və “ədavət” mənalarında da işlənir. Bu məqalədə daha çox “gizli və ya pis niyyət” mənasında işlədilmişdir.
 
Qərəz əsasən iki cür olur: ixtiyari və qeyri-ixtiyari. İxtiyari qərəz məqsədli və bilərəkdən başqasına qarşı düşüncə və davranışlarla edilən qərəzdir. Qeyri-ixtiyari qərəz isə daha çox gizli şəkildə özünü göstərir. Cəmiyyətdəki stereotiplər, adət-ənənələr, yaşayış formaları və s.-də buna təsir edir. Bu da insanın həmsöhbətinə bu və ya digər şəkildə təsir edir.
 
Bəzən bilərək, bəzən də bilməyərək qərəzin bizim gündəlik həyatımızda və qərarlarımızda fərqli təzahürlərini görə bilərik. Bu mənada İslamın gözəlliklərini insanlara çatdıran möminlər də qərəzi bilməli və qərəzdən qorunmaq üçün çalışmalıdırlar.
 
Qərəzə “əsir” düşməmək...
 
Uca Allah insanı ən mükəmməl şəkildə yaratmış və ona iradəsi ilə seçmək haqqı vermişdir. İnsan da etdiyi seçimlərlə ali mərtəbəyə də qalxa bilər, “əsfələ-safilinə” (aşağıların ən aşağısı) də düşə bilər. Bir qayə üçün yaradılan insanın bu (seçmək) fəaliyyəti bütün ömür boyu davam edir. İslamın məqsədi insana fitrətinə uyğun yaşamağı, Yaradanın rizasını qazanmağı öyrətmək, insanın vəzifəsi isə  bunu öyrənməkdir. Bu öyrətmə (təbliğ) prosesində bəzən öyrədənlər öyrədilənlərin inkişafı, gələcəyi ilə əlaqəli qərəzli düşüncələrə “əsir” düşürlər. Qərəzə əsir olmaq da onları həqiqi missiyalarından uzaqlaşdırır. Rəsulullahın (s.ə.s.) həyatına nəzər salanda görürük ki, O (s.ə.s.), təlim-tərbiyə və təbliğ prosesində əsla zənn və gümanlarla hərəkət etməmiş, qərar və hökmlərdə heç vaxt qərəzli davranmamışdır.
 
İlahi əxlaqı nümunə götürmək...
 
Əvvəla, onu qeyd edək ki, Rəsulullahın (s.ə.s.) bu cür davranması İlahi əxlaqın təzahürü idi. Bütün peyğəmbərlər əxlaq, insanlıq, iman əsasları, haqq-ədalət və digər məsələlərlə əlaqəli problemləri olan cəmiyyətlərə göndərilmişlər. Hətta bu qövmlərin bəziləri peyğəmbərlərə qarşı gəlmiş, onları öldürməyə belə cəhd etmişlər. Bəziləri də peyğəmbərlərin gətirdiklərini qəbul etməmək üçün mübarizə aparmış və nəticədə İlahi əzabla cəzalandırılmışlar.
 
Görəsən niyə Uca Allah (c.c) sevdiyi elçilərini bu cür cəmiyyətlərə göndərmişdir? Bu sual ətrafında düşünməkdə fayda var.
 
İnsan zehni ilk baxışdan bu cür cəmiyyətlərin islah olmayacağı qənaətinə gəlir. Halbuki peyğəmbərlər tarixində bunun əksinin olduğunu görürük. Yəni ən bərbad toplumlar belə peyğəmbərin dəvətindən sonra İlahi əxlaqa yiyələnə bilər. Burdakı əsas məsələlərdən biri də hamı ilə eyni cür yox, onun yaradılışına uyğun davranmaq lazımdır.
 
Peyğəmbərlər tarixinə baxanda həm də onu görürük ki, insanlar zaman keçdikcə mənfi və ya müsbət mənada dəyişə bilərlər. Əsla hidayət olmaz deyilən bir çox insanın Haqq yolu tapdığına tarix də şahiddir. Yəni bizim insanlar haqdakı zənn və qərəzlərimiz çox vaxt özünü doğrultmur.
 
Bir insanın potensialının ortaya çıxması sevgi, diqqət, mərhəmət və inkişafına uyğun mühitdə mümkündür. Fərqli dövrlərdə əzilən toplumların bir müddət sonra hakimiyyətə gəlməsi də bunun nəticəsidir...
 
Peyğəmbərlik tarixindəki bu vəziyyət fərdlər üçün də keçərlidir. Bu mənada Uca Yaradan əsla “Firondan adam olmaz” demir, hətta iki peyğəmbərini onun yanına göndərir. Hətta bu haqda belə buyurur: “Fironun yanına gedin! Həqiqətən, o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Ta-ha surəsi, 20/43-44.) Uca Allah bununla Firon haqdakı qərəz və zənn qapısını bağlayır. Üstəlik necə hərəkət etmək lazım gəldiyini də göstərir.
 
İlahi muradı və əxlaqı doğru anlayan peyğəmbərlər də həmsöhbətlərinin necə olmalarından və davranmalarından asılı olmayaraq onlar haqda hər hansı mənfi zənnə qapılmır, qərəz güdmür və təbliğ vəzifələrini hamıya qarşı haqqı ilə yerinə yetirməyə çalışırdılar...
 
Qərəzdən fürsətə...
 
Rəsulullah (s.ə.s.) həmsöhbətlərinin fitrətini və qabiliyyətlərini çox yaxşı tanıyardı. Onların duyğu, düşüncə və davranışların arxasındakı səbəbləri, ailədən və böyüdüyü cəmiyyətdən öyrəndiklərini, xarakterini, yaşadığı yerə aid dəyərlərini, təsirləndiyi mədəniyyəti, iqtisadi vəziyyətini, sağlamlıq problemlərini, yaşını, cəmiyyətdəki mövqeyini, yaşadığı hadisələri və s. nəzərə alardı. Çünki sadalananların hamısının insana təsiri var. Bunları bilmədən və fərqləndirmədən həmsöhbətin ruh, qəlb və vicdanına xitab etmək çətindir. Ən əsası bunları nəzərə almadan sui-zənn və qərəzdən qurtulmaq çox çətindir. Bu mənada İslamın gözəlliklərini insanlara çatdıranlar da sui-zənn və qərəzdən qurtulmaq üçün əvvəla bunları bilməlidirlər.
 
Allah Rəsulu (s.ə.s.) Adiyy ibn Xətəmə “Sənin İslama aid həqiqətləri qəbul etməyinə bilirsən nə mane olur? İslamın düşmənlərini çox, tərəfdarlarını isə az və zəif görürsən. Gücün çoxluqda olduğunu düşünürsən.” – buyurmuşdur.
 
Rəsulullah (s.ə.s.) bununla Adiyyin deyilənləri eşitməməyinin səbəbini onun qorxuları ilə əlaqəli olduğunu bildirir. Ardınca da ona dövrün böyük imperiyalarının çox keçmədən müsəlmanlara məğlub olacağını, müsəlmanların varlanacağını, hətta zəkat verməyə insan tapılmayacağını deyir. Bəlkə də Adiyyin müsəlman olmağından ümidini kəsənlər vardı. Ancaq Rəsulullahın (s.ə.s.) həmsöhbətinə onun anladığı dildən və onun üçün önəmli olan xüsuslardan yanaşması Adiyyin müsəlman olmasına gətirib çıxarır[1]...
 
 
Mənbələr:
 
1] Bax: İbnul-Əsir, Üsdul-Ğabə 837; İbn Həcər, İsəbə, 1015.
 
Meneviyyat.az
 
Link kopyalandı!
Son xəbərlər