Peyğəmbərimiz(s.a.s.) ailədaxili problemləri necə həll edərdi?..
Ekskluziv
3954
19 Nov 2022 | 07:27

Peyğəmbərimiz(s.a.s.) ailədaxili problemləri necə həll edərdi?..

"Allahın Elçisi(s.a.s.) gündəlik işlərinin çoxluğuna rəğmən həyat yoldaşlarına vaxt ayırardı..."
 
Ailədaxili problemlərin həlli...
 
"Peyğəmbərimiz əziz zövcələrinin hal və davranışlarından bir narahatçılığın olduğunu oxuyur və aranı düzəltmək üçün ilk addımı atırdı..."
 
Rəsulullahın (s.a.s.) həyat yoldaşları da insan idilər. Onların da hiss və duyğuları vardı. Sevinc və kədərlərini birgə yaşayırdılar. Ancaq yaşadıqlarının heç biri onlarda qalıcı izlər buraxmır, məsələnin mahiyyətini anlar-anlamaz dərhal geri addım atırdılar. Ortada bir anlaşılmazlıq varsa, bunu da düzəldirdilər. Onlar haqpərəst olduqlarına görə, hislərinin əsiri olmur və həqiqətin tərəfini saxlayırdılar...
 
Rəsulullahın (s.a.s.) ailəsində də müəyyən anlaşılmazlıqlar olmuşdur. Ancaq O, (s.a.s.) peyğəmbər fətanəti ilə məsələlərə yanaşmış və bu anlaşılmazlıqları asanlıqla həll etmişdir. Ən gözəl nümunənin (s.a.s.) ailədaxili problemlərə yanaşma tərzinə bəzi nümunələrə nəzər salaq:
 
Rəsulullah (s.a.s.) bir gün evə bir əsir gətirmiş və onu Aişə anamızın otağında qoyub bayıra çıxmalı olmuşdu. Bu zaman otaqda həzrət Aişə ilə birlikdə bir neçə qadın da vardı. Söhbət edirdilər. Söz sözü çəkmiş, xeyli vaxt keçmişdi. Əsiri yaddan çıxarmışdılar. Əsir də fürsətdən istifadə edib sivişib qaçmışdı.
 
Bir müddət sonra Rəsulullah (s.a.s.) evə qayıtdı. Otağa girdi, əsirin nə izi qalmışdı, nə tozu! Bərk qəzəbləndi. O, adəti üzrə daima kölələri, əsirləri əsarətdən xilas etmişdi. Güman ki, həmin əsiri də azad edəcəkdi. Ancaq bu kimi işlərin də öz vaxtı vardı. Əmanət qoyub getdiyi adamın qaçdığını görəndə Aişə anamızdan soruşdu:
 
− Ey Aişə! Əsir necə oldu? Haradadır?
 
Həzrət Aişə təəssüflə sadəcə bu sözləri deyə bildi:
 
− Qadınlar kimi mənim də başım söhbətə qarışıb.
 
Bir insanı azad etmək fürsəti əldən çıxmışdı. Peyğəmbərimiz Aişə anamızı bir az da zarafatyana tənbeh elədi:
 
− Ay əlləri sınası![1]
 
Rəsulullah (s.a.s.) dərhal bayıra çıxdı. Əsiri yaxalamaq üçün camaata səsləndi. Tezliklə əsiri tapıb hüzuruna gətirdilər. Aradan bir qədər keçdikdən sonra Allah Rəsulu (s.a.s.) evinə geri döndü. Aişə anamız özünə yer tapa bilmirdi. Tez-tez əllərini çevirib baxırdı. Qorxurdu ki, Rəsulullahı incitdiyinə görə bir bəlaya düçar olar. Allah Rəsulu onun var-gəl elədiyini görüb səbəbini soruşdu:
 
− Sənə nə olub? Yoxsa dəstəmaz almaq istəyirsən?
 
Aişə anamız ömür-gün yoldaşının sualını fürsət bilib bir az da nazlı əda ilə cavab verdi:
 
− Bayaq mənə bəddua elədin. İndi baxıram görüm, əllərimdən hansı yerindən qopacaq!
 
Beləliklə, o, həm Rəsulullahın bədduasından qorxduğunu, həm də bədduanı xeyirli duaya çevirmək istəyini dilə gətirmiş oldu. Rəsulullah da əllərini açdı, Allaha həmd-sənadan sonra belə dua etdi:
 
− Allahım, Mən də bir bəşər övladıyam, bir bəşər kimi qəzəblənə bilərəm! Kişi və ya qadınlardan hansı möminə bəddua etmişəmsə, Sən o bədduanı onların maddi və mənəvi kirlərdən arınmasına bir vəsilə et!..[2]
 
Rəsulullah (s.a.s.) gündəlik işlərinin çoxluğuna rəğmən həyat yoldaşlarına vaxt ayırardı. Peyğəmbərimiz əziz zövcələrinin hal və davranışlarından bir narahatçılığın olduğunu oxuyur və aranı düzəltmək üçün ilk addımı atırdı. Həzrət Aişə ilə olan dialoqu buna nümunədir:
 
Rəsulullah (s.a.s.) bir gün sevimli xanımına belə dedi:
 
− Sənin Məndən məmnun, yaxud incik olduğunu dərhal hiss edirəm.
 
Həzrət Aişə təəccüblə soruşdu:
 
− Bunu nədən anlayırsan?
 
Allah Rəsulunun cavabı həmişəki kimi düşüncələrə işıq saçdı:
 
− Məndən xoşnud olduğun vaxtlar “Muhammədin Rəbbinə and olsun ki!” deyirsən, incik olanda isə  “İbrahimin Rəbbinə and olsun ki!” sözünü işlədirsən.
 
− Doğrudan da, elədir, – deyə Aişə anamız Onun sözlərini təsdiqlədi və əlavə etdi,  − ya Rəsulallah, vallah, doğru deyirsən! Ancaq Sənə söz verirəm ki, bundan sonra Sənin adından başqasını dilimə gətirməyəcəyəm![3]
 
Bəzi həyat yoldaşları Rəsulullaha (s.a.s.) naz edir, bəzən də səslərini yüksəldirdilər. Bunlar təbii idi. Heç kimə kobudluqla cavab verməyən Allah Rəsulu (s.a.s.) zövcələrinin bu hərəkətlərini də səbirlə qarşılayır, problemlər böyümədən həll yolları tapırdı. Məsələn:
 
Günlərin birində Aişə anamız nəyəsə hirslənmişdi, bir qədər ucadan danışırdı. Bu vaxt atası həzrət Əbu Bəkir (r.a.) onlara gəlmişdi. Həzrət Aişənin bu davranışından Allah Rəsulu razı qala bilməzdi. Qızının bu hərəkətinə şahid olan atası onu bir kənara çəkib üstünə acıqlandı: “Ey filan qadının qızı! Sən hansı cürətlə Rəsulullahın hüzurunda belə yüksək səslə danışırsan?!”
 
Həzrət Əbu Bəkir bu sözləri deyə-deyə əlini havada hazır vəziyyətdə saxlamışdı. Bu vaxt Allah Rəsulunun onlara baxdığını hiss elədi. Utandı. Allah Rəsulunun görkəmindən məsələni başa düşüb oradan səssizcə uzaqlaşdı.
 
Onun getdiyini görən Rəsulullah (s.a.s.) Aişə anamızın yanına gəldi. Xəcalət hissi ilə ömür-gün yoldaşına baxırdı. İndi aranı düzəltmək vaxtı idi. Hüznü sevincə çevirmək üçün bir addım atmaq lazımdı, onu da Allah Rəsulu (s.a.s.) atdı. Ayrılıb gedən qudası Əbu Bəkri (r.a.) göstərib dedi: “Gördün, aranıza girib səni onun əlindən necə aldım?!”
 
O gün Əbu Bəkir (r.a.) qızının evindən kədərli halda getmişdi. Çox keçmədən o evə bir də gəldi. Bu səfər isə onu tamam bambaşqa mənzərə gözləyirdi. Allah Rəsulu (s.a.s.) ilə Aişə anamız onu gülər üzlə qarşıladılar. Həzrət Əbu Bəkir təbəssüm edib dedi:
 
− Bayaq aranızdakı gərginliyə məni ortaq etdiniz, indi də sevincinizə şərik edin![4]
 
(Davamı var)
 
Mənbələr və izahat:
 
[1] Burada Allah Rəsulunun işlətdiyi ifadə “Allah əlinin birini və ya hər ikisini qoparsın!” mənasına da gəlir.
[2] Əhməd ibn Hənbəl, Müsnəd, 6/52 (24251). Bəzi rəvayətlərdə Allah Rəsulunun sözügedən əsiri Aişə anamıza deyil, Hafsa anamıza (Heysəmi, Məcməüz-zəvaid, 8/266) və ya bir başqa şəxsə tapşırdığı da bildirilir. (Beyhəqi, Sünən, 9/89; Hənbəli, əl-Əhadisül-muxtara, 5/20.
[3] Buxari, Nikah, 107 (4930); Müslim, Fəzailüs-səhabə, 80 (2439); Əhməd ibn Hənbəl, Müsnəd, 6/61 (24363).
[4] Əbu Davud, Ədəb, 92 (4999); Nəsai, Sünənül-kübra, 5/139 (8495).
 
Meneviyyat.az
 
 
 
Link kopyalandı!
Son xəbərlər