44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə özü ilə bir sıra reallıqlar gətirdi ki, bu reallıqlardan da biri 30 il erməni işğalı altında qalan ərazilərdə yeni infrastrukturun yaradılması ilə bağlı idi. Çünki Ermənistan işşğal dönəmində bütün şəhər və kəndlərdəki infrastruktura divan tutmuş, sosial щbyektləri, yol və körpüləri, elektrik stansiyalarını, su anbarlarını və s. sıradan çıxarmışdı. Məhz bu səbəbdən də 8 Noyabr zəfərindən sonra Azərbaycan dövləti məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını təmin etmək üçün sosial infrastrukturun bərpası istiqamətində sistemli addımlar atmağa başladı. Bu gün də davam edən böyük abadalıq işləri çərçivəsində başa çatan layihələr dövlətimiz bu məsələdə necə böyük uğurlara imza atdığını göstərməkdədir.
Qayıdışımızın ən böyük abidəsi: Zəfər yolu!
Böyük Qayıdışın təmini yolunda həyata keçirilən ən böyük sosial infrastruktur layihəsi 44 günlük Vətən müharibəsi zamanı hərbçilərimizin Şuşanı azad etmək üçün keçdiyi tarixi yol – Zəfər yolu olub. 2020-ci ilin noyabr ayında – düşmənin mərmi yağışı altında öz sinələri ilə Şuşaya yol açan Azərbaycan hərbçilərinin iki il öncə piyada keçdiyi bu yol, qısa müddət ərzində başdan-başa genişləndirilib asfatlaşdırıldı.
Məlumat üçün qeyd edək ki, uzunluğu 101,5 km olan Zəfər yolunun əsası 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına səfəri əsnasında qoyulub. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamış, ilkin olaraq Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 50 milyon manat vəsait ayrılmışdır.
Bunu da qeyd edək ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 km-ə yaxın 10 yol infrastruktur layihəsi icra olunur ki, onların bəzisi başa çatdırılıb, bəzisinin isə icrası davam edir. Bunlar yeni Əhmədbəyli-Füzuli Şuşa (81,6 km), Toğanalı-Kəlbəcər-İstisu (80,7 km), Kəlbəcər-Laçın (72,8 km), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam (45 km) yollarıdır. Füzuli-Ağdam (64,8 km) avtomobil yoludur. Bütün bu layihələr dövlətimizin Böyük Qayıdışın təmini üçün gördüyü işlərin miqyasını göstərir. (//az.wikipedia.org/wiki/F%C3%BCzuli%E2%80%93%C5%9Eu%C5%9Fa_avtomobil_yolu ).
Dağlar qoynunda inşa edilən möhtəşəm tunellər: Təbiətə meydan oxuyan avtomobil yolları...
Böyük Qayıdışın təmini yolunda atılan addımlar çərçivəsində yüksək dağlıq rayonlarda – xüsusilə də Kəlbəcərdə inşa edilən tunellər, avtomobil yolları xüsusilə diqqəti cəlb edir. Bu baxımdan uzunluğu 76,3 km olan Kəlbəcər-Laçın avtomobil yolu öz unikallığı ilə seçilir. Bu yolun inşası əsnasında 12 avtomobil tunelinin tikilməsi nəzərdə tutulur ki, onlardan 5-nin inşası uğurla davam etməkdədir. 11,60 metr enində olan tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək. Bundan başqa, 9 yeni avtomobil körpüsünün tikinlməsi nəzərdə tutulur. Bütün bu yollar, tunel və körpülər bir-biri ilə əlaqələnməklə vahid infrastruktur formalaşdırır ki, bu da sözügedən ərazinin hər bir bölgəsinə rahat-gediş-gəlişi təmin edir.
Qeyd edək ki, Kəlbəcər vəLaçın rayonlarında tikilən yol və tunellərin inşası yüksək dağlıq relyefdə, çətin coğrafi şərtlər altında həyata keçirilməsinə baxmayaraq, yüksək səviyyədə - beynəlxalq standartlara uyğun formada gerçəkləşməkdədir.
Beynəlxalq hava limanları: Yeni reallığa doğru yeni infrastrukturla...
Böyük qayıdış əsnasında işğaldan azad edilən ərazilərdə həyata keçirilən mühüm layihələrdən biri də bu ərazilərdə beynəlxalq hava limanlarının inşası ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, artıq iki rayonda – Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının açılışı həyata keçirilib. Belə ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub. (//azertag.az/xeber/Fuzuli_Beynelxalq_Hava_Limaninin_achilis_merasimi_olub_Prezidentler_Ilham_Aliyev_ve_Receb_Tayyib_Ardogan_achilis_merasiminde_istirak_edibler_YENILANIB_VIDEO-1908966 ).
2022-ci il oktyabrın 20-də isə Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu ki, bu açılış da Azərbaycan və Türkiyənin dövlət başçılaırnın birgə iştirakı ilə baş tutdu.
Azərbaycanın son bir il ərzində işğaldan azad edilən ərazilərdə iki beynəlxalq hava limanı inşa etməsi sadəcə ölkəmizdəki mütəxəssislər deyil, xarici ekspetlər tərəfindən də yüksək qiymətləndirilməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu faktı təqdir etmiş, bunu hər ölkənin bacara bilmədiyi bir iş adlandırmışdır. Türkiyə prezidenti 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı zamanı Azərbaycanın iqtisadi gücünü və quruculuq əzmini aşağıdakı sözlərlə ifadə etmişdir: “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil". (//respublika-news.az/news/bir-ilde-iki-en-muasir-hava-limani ).
Azərbaycanın qısa zamanda işğaldan azad eidlmiş ərazilərdə iki hava limanını istifadəyə verməsi həm iqtisadi, həm də hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirilməkdədir. Mütəxəssislər hesab edir ki, həm Füzuli, həm də Zəngilan Beynəlxalq Hava Limanları ölkəmizin iqtisadi həyatının canlanmasında mühüm rol oynayacaq, bu bölgələrə daxili və xarici səfərləri stimullaşdıracaqdır. Bundan başqa, hər iki hava limanından ehtiyac yaranacağı təqdirdə hərbi məqsədlər üçün də istifadə edilə bilər ki, bu da bilavasitə müdafiə və təhlükəsizlik qabiliyyətmizin daha da güclənməsi deməkdir.
Onu da qeyd edək ki, Azərbaycan Laçında da beynəlxalq hava limanının inşası istiqamətində ciddi iş aparır. Əsası Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulan Laçın Beynəlxalq Hava Limanı Ovçu kəndi ərazisində yerləşir. Laçın Beynəlxalq Hava Limanı üçün xarakterik olan ən mühüm xüsusiyyətlərdən biri onun Azərbaycan ərazisində yerləşən aeroportlar arasında dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olması ilə bağlıdır. 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. (//fed.az/az/neqliyyat/lacin-beynelxalq-hava-limaninin-insasi-ile-bagli-gorulen-isler-aciqlanib-133025 ).
Yuxarıda qeyd edilən faktlardan da göründüyü kimi, Azərbaycan dövləti son iki il ərzində işğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsi ilə paralel olaraq, bu ərazilərin yenidən abdalaşdırılması, Qarabağ və ətraf ərazilərdə müasir infrastrukturun bərqərar olması istiqamətində də böyük işlər görmüşdür. Hansı ki, bu işlər keyfiyyət etibarı ilə beynəlxalq standartlara cavab verməkdə, öz unikallığı ilə dünyanın ən qabqcıl dövlətlərini belə heyrətləndirməkdədir.
İşğaldan azad edilən ərazilərdə həyata keçirilən infrastruktur işlərinin miqyası onu deməyə əsas verir ki, yaxın gələcəkdə Böyük Qayıdışın reallaşması təmin ediləcək, bu torpaqlarda həyat yenidən dirçələcəkdir.
Seymur ƏLİYEV
Moderator.az
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.7. istiqaməti üzrə (işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”) hazırlanmışdır.