Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna öz ərazisində aparılan müharibəyə görə Rusiya ilə yanaşı İranın da məsuliyyətə cəlb edilməsi üçün əlindən gələn hər şeyi edəcək.
Bunu Ukraynanın hakim "Xalqın xidmətçisi” partiyasından deputatı Yuriy Kamelçuk bildirib.
O qeyd edib ki, İran Rusiyaya kamikadze-dronlar tədarük edir:
“Çox gözəl anlayırıq ki, İran Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində iştirak edir. Belə ki, Rusiyaya kamikadze-dronlar tədarük edir. ABŞ, Böyük Britaniya və digər ölkələrin kəşfiyyatlarının məlumatları bunu sübut edir. Həmin dronların ehtiyat hissələrinin üzərindəki yazılar onların İrandan alındığını göstərir. İran bu hərbi silahların Rusiyaya əsas tədarükçüsüdür”.
Y. Kamelçuk vurğulayıb ki, İran Rusiyaya silah satmaqla yanaşı həm də oğurlanmış Ukrayna taxılını Rusiyadan alır:
“İran birbaşa Ukrayna ərazisində döyüşməsə də, faktiki olaraq, Rusiyanın müttəfiqidir. Bu səbəbdən, Rusiyanın terrorçu rejimi ilə yanaşı bu ölkəni Ukrayna şəhərlərini viran qoyan, əhalisini qətlə yetirən silahlarla təchiz edən və beynəlxalq qanunları pozan dövlətlərin rəhbərləri də məsuliyyətə cəlb edilməlidir”.(report.az)