Mübarək Gün: 9 Noyabr
Mədəniyyət
3590
09 Nov 2022 | 11:51

Mübarək Gün: 9 Noyabr

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)
 
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Mübarək olsun! Bayraq Günümüz özəlliklə son iki ildə ayrı bir şövqlə, ayrı bir qürurla keçirilir – necə deyərlər, bayram kimi bayram olur. Çünki 9 noyabrdan bir gün öncəki gün bizim tarixi Zəfər Günümüzdür. 8 noyabr 2020-ci ildə işğalçı Ermənistan, dünya erməniliyi və Ermənistanın bütün havadarları üzərində qazanılan Qələbə bayrağımızı öz haqq etdiyi yerlərə qaytardı. Bu gün Şuşada bayrağımızın dalğalanması və o bayraqdan daha irəli hədəflərə - gələcəyə uçuşlar, qanadlanmalar Bayraq Günümüzə ən böyük təbrikdir! Nə Şuşa adi şəhər deyil, nə o dalğalanma adi külək tərpətməsi deyil, nə də, o bayraq sıradan bayraq deyil! – Ünlü Türk şairi Arif Nihat Asyanın sözləri ilə desək, bacımızın gəlinliyi, şəhidimizin son örtüsüdür o. 
 
Xalq şairi Bəxtiyar Vahabzadə necə deyirdi? – 
 
“Üçrəngli bayrağın kölgəsində mən
 
Qaraca torpağı vətən görmüşəm.
 
Zəfər güllərini dövri-qədimdən
 
Bayraq işığında bitən görmüşəm.
 
Bayraq mənliyimdir, bayraq kimliyim,
 
Bayraq-öz yurduma öz hakimliyim”…
 
*
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bundan 13 il öncə - 17 noyabr 2009-cu ildə imzaladığı müvafiq Sərəncam əsasında hər ilin 9 noyabrı ölkəmizdə Dövlət bayrağı Günü olaraq bayram edilir. Dövlət Bayrağı Gününün təsis olunması həm bayrağa, həm də dövlətçilik irsinə sayğının rəmzi olub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. 
 
Xalq Cümhuriyyətimizin üçrəngli Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 28 aprel 1920-ci ildə Cümhuriyyət işğala məruz qalınca, dövlət bayrağımız könüllərə köçüb, ölkə içində çox gizli yerlərdə - milli aydınların sayəsində qorunub, habelə mühacirlər tərəfindən yaşadılıb. 
 
Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyinə inanan Azərbaycan xalqı, XX yüzilin axırlarında yenidən üçrəngli bayrağı göylərin üzünə çəkdi, meydanlara daşıdı və nəhayət, milli bayrağımız dövlət idarələrində ucaldılmağa, yenidən rəsmi status qazanmağa başladı.
 
Həyata keçən tarixi təşəbbüs
 
Xalq Cümhuriyyətimizin üçrəngli müqəddəs bayrağı 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət Bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin təşəbbüsü ilə qaldırılmış mühüm vəsatəti də bu məqamda minnətdarlıqla vurğulamalıyıq: Muxtar Respublikanın Ali Məclisi (o vaxtkı) Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 5 fevral 1991-ci ildə həmin vəsatətə baxıldı və Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək, ona yenidən Dövlət Bayrağı statusu verdi. – “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. – Ümummilli lider özü həmin vəsatət haqqında belə deyirdi. 
 
Və nəhayət, 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə çağdaş respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu və Cümhuriyyətin bayrağını, digər dövlət rəmzlərini bərpa etdi.
 
İstiqlal ideologiyamızın bayraqlaşan təməl prinsipləri
 
Müqəddəs Dövlət bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX yüzilin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən
 
-türkçülük, 
 
-çağdaşlıq, 
 
-islamçılıq
 
formulunun müəllifi görkəmli mütəfəkkirimiz Əli Bəy Hüseynzadədir. 
 
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim qurtuluş məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
 
Dövlət rəmzinə qarşı məsuliyyət
 
Müstəqil Azərbaycan Respublikasının Əsas Qanununun – Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
 
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli Qanunla bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib.
 
Belə ki həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilib.
 
Dövlət bayrağımız milli birliyimizi təcəssüm etdirir. Bu təcəssümdə nələr var? – Azərbaycan vətəndaşlarının milli həmrəyliyi, vahid məfkurə ətrafında sıx birləşmə, milli kimliyin təzahür formaları, millətin varlığının sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığı və s.
  
Bu dediklərimizin ən yaxşı meydanı, tətbiq sahəsi və qürur ünvanı – işğaldan qurtulmuş torpaqlarımızda Dövlət bayrağımızın ucaldılması ilə sıx bağlıdır. İşğalçıların əski parçasının endirlib, bayrağımızın göy üzünə çəkilməsi köksümüzü qabardır, başmızı ucaldır, milli kimliyimizlə fəxr etməyimizə, haqlı qürur yaşamağımıza səbəb olur. Gördüyünüz kimi, mən keçmiş zamanda yazmadım – çünki, o müqəddəs bayrağın Xocalıda, Xankəndində, Əsgəranda ucaldılacağı günə qətiyyən şübhəmiz yoxdur və o günə bu gündən salam-sayğılarımızı göndəririk. Bizim necə “mümkün olmayan”ı mümkün etmiş dövlətimiz, Müzəffər Ali Baş Komandanımız, dövlətinə, ordusuna sahib çıxan qüdrətli xalqımız, şanlı tariximiz, ənənələrimiz və böyük gələcəyə inamımız var! “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. – Bu sözlər Müzəffər Ali Baş Komandan İlham Əliyevə aiddir və mən də Bayrağ Günü yazım üçün məhz bu sözləri ən yaxşı sonluq hesab edirəm.
 
BAYRAĞIMIZ UCA OLSUN!
Link kopyalandı!
Son xəbərlər