“Səhnədə mahnı oxudum, muğama keçəndə səsim dayandı, heç vaxt belə olmamışdı...”
Ekskluziv
5729
06 Nov 2022 | 20:44

“Səhnədə mahnı oxudum, muğama keçəndə səsim dayandı, heç vaxt belə olmamışdı...”

“Rahatlığı bu cür tapıram, başqa cür ölərəm, mümkün deyil”
 
“Fərqanə ilə mənim sənətimin birləşməsi taleyin bir qismətidir. İndi hiss edirəm ki, o da mənim sənətimdə lazım imiş. Mənə təkandır, dəstəkdir. Bəzi şeyləri mən onun xətrinə, o mənim xətrimə edir. Bir dəfə ağır və uzaq bir səfərdən gəlmişdik, səhəri gün isə Beynəlxalq Muğam Mərkəzində konsertimiz olmalı idi. Təyyarədən düşüb dincəldik, sonra konsertə hazırlaşdıq. Səhnədə 1-2 mahnı oxuduq, sonra muğama keçəndə gördüm ki, səsim dayandı. Həyatımda heç vaxt belə bir halla üzləşməmişdim. Başladım “ay maşallah, ay maşallah” deməyə. Fərqanə zümzümə edə-edə konserti yola verdik. Səhəri gün bir jurnalist məndən müsahibə alanda, ondan bunu soruşdum. O da dedi ki, “Alim müəllim, səhnədə bizi elə ovsunlamışdınız ki, heç nə hiss etmədik”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov deyib. O daha sonra sadə geyim tərzi ilə səhnəyə çıxmasını bu cür izah edib.
“Əvvəldən belə geyinmişəm, sərbəst, rahat, klassikadan uzaq. Bəzən zarafatca deyirəm ki, əvvəldən elə geyimim problem olub. Bir söz var, “Fizuli dağa çıxdı, dedilər ki, bəxtəvər yaylağa gedib”. Mən üşüyən adamam, kostyum məni isti saxlaya bilməz. Hər zaman öz rahatlığım üçün, əynim isti qalsın deyə qalın geyimdən istifadə etmişəm. Toylarda da sadə geyimdə iştirak edirəm. İnsanlar məni bu geyimlə qəbul ediblər. Rahatlığı bu cür tapıram, başqa cür yorularam, ölərəm” 
 
Xalq artisti Alim Qasımov “İlahi” mahnısının yaranmasından da danışıb.
“Bəzən mənə sual verirlər ki, ibadət etməyən bir insan olsaydınız “İlahi” mahnısını bu cür yanğı ilə oxuya, insanlara çatdıra bilərdiniz? Məncə o yanğı bütün insanların içində var. Bu sevginin, bu eşqin, bu məhəbbətin sonu Allah sevgisinə çevrilir. Namaz qılmadığıma qədər o duyğularım həm özümü ağladırdı, həm də camaatı. Sonra ki, biz özümüz bacarmadığımız işi etdik, düşündük ki, bunu biz etmədik, axtaranda Allahı tapdıq. Bu mahnı Kamal müəllimin, Baba Vəziroğlunun və Asif Kərimovun işbirliyi əsasında yarandı. Özüm də bəstəkardan istədim ki, bu mahnını rok üstündə qur. Bu mahnı əvvəlcə mənə yaxın gəlmirdi, sonra qızım Fərqanə, Fatimə oxudu, dedim ki, oxuyun, mən də öyrənim. Bu mahnını alan kimi oxumadım, alınmırdı, nəsə əmələ gəlmirdi. “İlahi” mahnısı Allahı sevmək üçün başlanğıc yoludur. Ona görə də sevildi. Elə vaxt olur ki, mahnılarımı sonradan dinləyirəm, ağlayıram da. O qədər olub ki, özüm-özümə qulaq asıb, özümdən nələrsə öyrənmişəm” deyə sənətkar bildirib.
 
Xalq artisti həyatda da sərbəst olduğunu bildirib.
“Mən özüm sərbəst, rahat insanam. İnsanlara da çalışıram ki, sərbəstlik verim. Bu zaman özüm də rahat oluram. Amma insanlar var deyir ki, filankəs gələndə ayağa qalxmalıyıq. Bu qayda-qanun ola bilməz. Mən əksinə evə daxil oluram, görürəm ki, nəvəm uzanıb, deyirəm ki, dəymə ona, qoy uzansın. Çünki mənim evdə atam da, anam da elə idi. Bu dünyaya “olmaz” lar üçün gəlməmişik ki. İnsan hər zaman ona lazım olmayan nəyəsə can atır, bizim qarşımızda da bir “olmaz” var. Bəlkə də ən böyük imtahanımız da odur. İnsanda elə hisslər var ki, uşaq yaşlarından formalaşır, bunu valideyn tərbiyəsi həll etmir. Məndə də mərhəmət, rəhm o vaxtdan var. Hər zaman öz-özümə deyirəm ki, ailədə məndən də böyük şəxslər var, niyə bu yükü Allah mənə verdi?! Bu Allahın bir qismətidir. O elə edib ki, biz yolumuzu azmamışıq. Azmaq da olardı, başqa şey də olardı, o elə etdi ki, mən də, ailəm də bu sənətin aşiqləri olduq. Özümüz ifa edib, özümüzə vuruluruq, tənqidi yanaşırıq, bir sözlə öz sənətimizin həm də tamaşaçısıyıq” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər