Ruslar Ukraynada döyüşdürməyə əfqan ovlayır – “Associated Press”
Dünya
3328
04 Nov 2022 | 14:09

Ruslar Ukraynada döyüşdürməyə əfqan ovlayır – “Associated Press”

Rusiya Əfqanıstanda Amerika ordusu ilə çiyin-çiyinə döyüşmüş əsgərləri Ukrayna müharibəsinə cəlb etmək üçün iş aparır. Xəbəri ABŞ-ın “Associated Press” agentliyi yayıb.
 
2001-ci il sentyabrın 11-də Əfqanıstanı idarə edən “Taliban” hərəkatı liderlərinin dəstəklədiyi “Əl-Qaidə” terror təşkilatı ABŞ-da terror aktları törədəndən az sonra Amerika ordusu müttəfiq qüvvələrlə birgə Əfqanıstana daxil olub.
 
2011-ci ildən koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasına başlanıb. 2021-ci il avqust ayının 31-də sonuncu Amerika əsgəri Əfqanıstanı tərk edib. Nəticədə 1996-2001-ci illərdə Əfqanıstanı idarə etmiş “Taliban” hərəkatı yenidən ölkədə hakimiyyəti ələ alıb.
 
“Taliban” hakimiyyətə qayıdandan sonra Əfqanıstanda amerikalıları dəstəkləyən, o cümlədən amerikalılarla çiyin-çiyinə döyüşən şəxslərin bir çoxu ölkədən qaçıb.
 
Novator.az-ın məlumatına görə, Rusiyanın mühacirətdə olan keçmiş əfqan döyüşçüləri Ukrayna müharibəsinə cəlb etmək məqsədilə fəal iş apardığını “Associated Press” agentliyinə mühacirətdəki əfqan generallar deyib.
 
Generallar bildiriblər ki, ruslar böyük döyüş təcrübəsi olan minlərlə əfqana əsasən bunları təklif edirlər: ayda 1500 dollar maaş, ailələrinin Əfqanıstana deportasiya olunmaqdan yayına bilməsi üçün təhlükəsiz sığınacaq yeri. Ruslar keçmiş döyüşçülərin özlərinə də Əfqanıstana deportasiya olunmayacaqları barədə vəd verirlər.
 
General Əbdül Rauf Arqandivalın sözlərinə görə, o, İrana mühacirət etmiş onlarla keçmiş əfqan döyüşçü ilə məktublaşır: “Onlar ən çox Əfqanıstana deportasiya olunmaqdan qorxurlar. Əslində əfqanlar ukraynalılara qarşı vuruşmaq istəmirlər, ancaq deyirlər ki, başqa çıxış yolu da görmürlər. Onlar məndən məsləhət istəyirlər. Həyəcan təbili çalırlar ki, Əfqanıstana qayıtsalar, taliblər onları öldürəcək”.
 
Əbdül Rauf Arqandival əfqanların Ukrayna döyüşlərinə cəlb olunması işini Rusiyanın “Vaqner” qrupunun həyata keçirdiyini söyləyib.
 
“Vaqner” muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşmədir. Bu birləşməni rusiyalı milyarder Yevgeni Priqojin maliyyələşdirir.
 
Priqojin Rusiyada istər iş adamları arasında, istərsə də hərbi-siyasi elitada nüfuzlu şəxslərdən sayılır. Onun iri restoran şəbəkəsi var. Rusiya prezidenti Vladimir Putin üçün dəbdəbəli rəsmi ziyafətlər təşkil etdiyinə görə Priqojini “Putinin aşpazı” da adlandırırlar.
 
“Taliban” hakimiyyətə gələnə qədər Əfqanıstan ordusuna komandanlıq etmiş general Hibatullah Alizay “Associated Press”ə bildirib ki, mühacirətdə olan əfqanların Ukrayna döyüşlərinə cəlb olunması prosesinə vaxtilə Əfqanıstanda xüsusi təyinatlı qüvvəyə komandirlik etmiş bir şəxs də yardım göstərir. Hibatullah Alizay həmin şəxsin hazırda Rusiyada yaşadığını və rus dilini yaxşı bildiyini söyləyib.
 
Rusiya Müdafiə Nazirliyi “Associated Press”in məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.
 
Yevgeni Priqojinin köməkçisi isə “Associated Press”ə bildirib ki, Rusiyanın Əfqanıstanda vuruşmuş keçmiş əsgərləri Ukraynadakı hərbi əməliyyatlara cəlb etmək üçün iş aparması barədə deyilənlər cəfəngiyatdır.
 
“Associated Press” qeyd edir ki, “Taliban” üzvləri hələ də ölkədə qapı-qapı gəzib onlara qarşı döyüşmüş adamları axtarır. Taliblərin əlinə keçənlərin işgəncəyə məruz qaldığı, öldürüldüyü haqda xəbərlər var. Keçmiş döyüşçülərin özlərini tapmayanda onların ailələrinə divan tutulduğu da deyilir.
 
“Human Rayts Votç” hüquq müdafiə təşkilatının hesabatına görə, amnistiya vədlərinə baxmayaraq “Taliban” hakimiyyəti ələ alandan cəmi üç ay sonra Əfqanıstanda 100-dən çox keçmiş hərbçi, kəşfiyyatçı və polis ya öldürülüb, ya da itkin düşüb.
 
BMT oktyabrın ortalarında yaydığı məruzədə Əfqanıstanda sabiq hökumət məmurlarının və hərbçilərin məhkəməsiz edamı ilə bağlı 160 hadisənin qeydə alındığını açıqlayıb.
 
Link kopyalandı!
Son xəbərlər