Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin bilik və bacarıqlarını yoxlayan test tapşırıqlarının forma və məzmununda gözlənilən dəyişikliklərin detallarını açıqlayıb.
DİM-dən bildirilib ki, dəyişikliklərə əsasən, 2022-2023-cü tədris ili üzrə ümumi (9 illik) orta təhsil səviyyəsində təşkil olunan buraxılış imtahanında ümumi dil biliyini yoxlayan qapalı tipli sualların sayı 12-yə azaldılır.
Qeyd edilib ki, şagirdlərə dinləyib-anlama bloku üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı təqdim olunur:
“Dinləmə mətnlərində söz sayı 140-150-dir və təqdim olunan mətnlərin mövzuları orta məktəb dərsliklərində qeyd olunan mövzulara uyğundur.
Oxuyub-anlama bloku üzrə şagirdlərə birinci hissədə bir neçə cümlədən ibarət 3 kiçik mətn və hər mətnə aid bir qapalı tipli (çoxseçimli) test tapşırığı təqdim olunur. İkinci hissədə isə əvvəlki illərdə olduğu kimi, publisistik üslubda 150-170 sözdən ibarət bir mətn və mətnə aid 4 qapalı (çoxseçimli) və 1 açıq tipli (seçim) sual təqdim olunur. İki hissədən ibarət oxu tapşırıqlarının təqdim olunmasında əsas məqsəd şagirdlərin xarici dil səviyyələrinə uyğun olaraq fərqli test tapşırıqları vasitəsilə onların bilik və bacarıqlarını qiymətləndirməkdir.
Yazılı cavab tələb edən açıq suallar şagirdlərin bilik və bacarığını 5 balla qiymətləndirən hekayə tipli yazı tapşırığı ilə əvəz olunur. Bu blokda şagirdlərə üç ədəd ardıcıl nömrələnmiş şəkil və onları yönləndirəcək açar sözlər də təqdim olunur və şəkillər əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur. Yazı tapşırığı meyarlara əsasən yoxlanılır. Burada tapşırığın şərtinin yerinə yetirilməsi vacibdir. Bundan başqa, birləşdirici vasitələrdən istifadə etməklə ardıcıllıq və məntiqi rabitəni gözləmək, qrammatik və leksik qaydalara əməl etməklə yazı tapşırığını yerinə yetirmək tələb olunur”, - rəsmi məlumatda vurğulanıb.