Azər Badamov: “Türkiyənin yanımızda olması gücümüzə güc qatır və sözümüzün gücünü daha da artırır”
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılacaq.
Maraqlıdır, Türk əsgərinin bölgədə mövcudluğu sülhün və təhlükəsizliyin qorunub saxlanılması baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov türk əsgərinin Azərbaycanda qalma müddətinin uzadılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Türkiyə ilə imzaladığımız Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə görə biz həm də hərbi sahədə müttəfiq ölkələrik. Bu gün Türkiyənin hərbiçilərin ölkəmizdə olması ölkəmizin təhlükəsizliyinin qarantıdır. Türkiyə Böyük Millət Məclisində bu gün hərbiçilərin Azərbaycanda qalma müddətinin uzadılması haqqında qanunun qəbul edilməsinin bu baxımdan böyük əhəmiyyəti vardır.
Türkiyə hərbiçiləri rus sülhməramlıları ilə birlikdə Birgə Monitorinq Mərkəzində xidmət aparırlar. Bu, sülhməramlıların nəzarəti altındakı ərazilərdə özbaşınalığın baş verməməsi və vəziyyətə mütənmadi nəzarətin təşkili baxımından vacibdir. Həm də Türkiyə hərbiçiləri ordumuzun təkmilləşməsində və profesionallığın artmasında yaxından iştirak edir. Birgə təlimlərimiz keçirilir və təcrübə mübadiləsi aparılır. Eyni zamanda, qəbul olunan qanun ölkəmizin təhlükəsiziyinə hər hansı bir təhdid yaranacağı təqdirdə Türkiyə hərbiçilərin dərhal Azərbaycana gəlməsinə imkan verəcəkdir. Türkiyənin yanımızda olması gücümüzə güc qatır və sözümüzün gücünü daha da artırır”.
Seymur ƏLİYEV