Məktəblərdə zorakılıq, şiddət - “Bu hadisə sabah bizim də qapımızı döyəcək” - Seyran Səxavət
Cəmiyyət
4168
11 Oct 2022 | 16:52

Məktəblərdə zorakılıq, şiddət - “Bu hadisə sabah bizim də qapımızı döyəcək” - Seyran Səxavət

“Məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır”.
 
Bunu son vaxtlar orta məktəblərdə baş verən döyülmə, bıçaqlanma və digər neqativ hadisələrə münasibət bildirərkən tanınmış yazıçı Seyran Səxavət Yenicag.az-a açıqlamasında deyib.
 
Yazıçı bu cür hadisələrin baş verməsində mobil telefonları, eləcə də telekanallarda nümayiş olunan zor, şiddət aşılayan, oğru dünyasından bəhs edən serial və filmlərin də təsirini qeyd edib.
 
Bunun böyük bir bəla olduğunu deyən yazar bunun qarşısının alınması üçün çıxış yollarını göstərib:
 
“Bu, doğrudan da böyük bəladır, özü də artıq neçə vaxtdır ki, kök sala-sala gedir. Bu barədə günlərlə, aylarda danışmaq olar. Belə bir deyim var ki, uşaqlar ailədə valideynlərini təkrar edir. Bu, sübut olunmuş kəlmədir. Məktəb də cəmiyyətin övladıdır. Cəmiyyətdə nə olursa, məktəb də onu öz qabiliyyəti və həssaslığı səviyyəsində təkrarlamaqla məşğuldur. Əgər xırdalasaq, bu məsələdə serialların da böyük rolu var, eləcə də mobil telefonların. Uşaqlar gecə-gündüz telefona baxır. Heç bilmirik orada nəyə baxır, nə edirlər.
 
Dediyim kimi, ailə necədirsə, məktəb də, uşaqlar da onu təkrar edir. Biz ancaq məktəbdə bu işləri ləğv etməyə çalışsaq da, heç nəyə nail ola bilməyəcəyik. Bunu hamı birdəfəlik dərk etməlidir. Belə hadisələrin qarşısını almaq üçün mənbəyini tapmalı, boğmalı və məhv etməli, məktəblərə axıb gəlməsinə mane olmalıyıq. Başqa çarə yoxdur. Uşaq evdə müxtəlif filmlərə baxa-baxa, telefonda cürbəcür videoları izləyə-izləyə məktəbə yollanır. Evlə məktəb arasındakı yolda nələr görür, nələr eşidir. Sonra gəlir məktəbə. Məktəbdə də təhsilimiz sıfırdan da aşağı səviyyədədir. Bu, indi belə deyil, çox uzun illərdir. İndiyə qədər verdiyim 6 mindən çox müsahibənin bəlkə 5 minində heç olmasa, bir cümlə də olsun bunu demişəm. Yəni bu məsələ doğrudan da bizi narahat edirsə və inanmaq istəyirəm ki, narahat edir, bunun kökünü, mənbəyini tapmalıyıq.
 
Bir daha deyirəm, məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır. Bu yolda mübarizə aparan hər bir kəsə uğurlar arzulayıram. Bunun qarşısını almaq bir insan və vətəndaş olaraq hər birimizin borcudur. Bu gün qonşunun uşağına ziyan dəyirsə, ya uzaq olsun, ölümlə nəticələnirsə, həmin hadisə sabah bizim də qapımızı döyəcək. Ən azı ona görə tərpənməliyik. Bu, böyük bir bəladır və Allah bu bəladan saxlasın. Biz də yerdə bu bəlaya qarşı döyüşək”.
 
Link kopyalandı!
Son xəbərlər