Siyasət
3319
07 Oct 2022 | 16:53

"Bu, Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər"

"Prezident İlham Əliyevin Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel və Çex Respublikasının baş naziri Petr Fiala tərəfindən "Avropa siyasi birliyi" zirvə görüşünə dəvət olunması ölkəmizə və onun liderinə verilən yüksək dəyərin göstəricisidir. Nəzərə almaq lazımdır ki, zirvə görüşü təkcə Avropa qitəsinin deyil, bütövlükdə bəşəriyyətin olduqca ciddi, təhlükəli çağırışlar qarşında qaldığı bir zaman kəsiyində keçirildiyi üçün mühüm əhəmiyyətə malikdir".
 
Moderator.az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
 
 
O qeyd edib ki, şübhəsiz ki, Prezident İlham Əliyevin Praqaya səfəri çərçivəsində diqqət mərkəzində olan ən önəmli məqamlardan biri və bəlkə də birincisi dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Pasinyanla təmasları, danışıqların perspektivi və sülh müqaviləsi ilə bağlı verilən pozitiv mesajlardır.
 
"Azərbaycan bölgədə yaranmış yeni reallıqlara uyğun olaraq, öz milli maraqlarından bir addım da geri çəkilmədən sülh gündəliyini təşviq edir və prosesin irəliyə doğru aparılması üçün səylərini əsirgəmir.
 
Sülh müqaviləsinin mətninin hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə konkret zaman kəsiyində hazırlanması ilə bağlı əldə olunan ilkin razılaşma da, prosesin məhz ölkəmizin təklif etdiyi platforma üzərindən irəliyə doğru aparılmasından xəbər verir", - deyə E.Mirzəbəyli bildirib.
 
Onun sözlərinə görə, şübhəsiz ki, bu xüsusda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki səylərini də yüksək qiymətləndirmək lazımdır.
 
"Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşlərin təşkilində Avropa İttifaqının aparıcı mövqedə dayanması sülh prosesinin inkişafına və bölgədə davamlı sülhün əldə olunmasına müəyyən ümidlər yaradır. Şarl Mişelin təşəbbüsü ilə bundan öncə baş tutan dörd görüşün də tərəflərin mövqelərinin dəqiqləşdirilməsi və müzakirələrin davam etdirilməsi üçün əlverişli zəmin hazırlanması baxımından mühüm önəm daşıdığını düşünürəm.
 
Qənaətimə görə, Prezident İlham Əliyevin Praqaya səfəri çərçivəsində keçirilən bütün görüşlər və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər və proses ölkəmizin Avropa İttifaqı ilə bağlı siyasətinin bütün istiqamətlərinin strateji baxımdan nə qədər dəqiq hesablandığından xəbər verir", - deyə o əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər