Uyğurlar məyusdur, amma vəziyyət dəyişə bilər – “Forbes”
Dünya
3488
06 Oct 2022 | 11:19

Uyğurlar məyusdur, amma vəziyyət dəyişə bilər – “Forbes”

ABŞ-ın “Forbes” jurnalında Çində uyğurlara qarşı aparılan soyqırımı siyasətinə beynəlxalq ictimaiyyətin reaksiyasından bəhs edən məqalə dərc olunub. “Beynəlxalq ictimaiyyət uyğurları məyus edir, lakin irəlidə dəyişikliklər baş verə bilər” adlı məqalənin müəllifi hüquq müdafiəçisi, Soyqırımına Cavab Koalisiyasının həmtəsisçisi Evelina Oçabdır. Moderator.az Novator.az saytının ingiliscədən çevirdiyi məqaləni oxucuların diqqətinə çatdırır.
 
2021-ci ildə ekspertlərin hazırladığı bir neçə hesabat Çinin Sincan Uyğur Muxtar Rayonunda uyğurların soyqırımına məruz qaldığını təsdiqləyib.
 
Bunun ardınca bir neçə ölkənin parlamenti və ABŞ Dövlət Departamenti baş verənləri soyqırımı və ya soyqırımına cəhd kimi dəyərləndirib və problemin aradan qaldırılması üçün hərəkətə keçməyə çağırışlar edib.
 
Amma hələ ki, real bir tədbir görülməyib. 2022-ci ilin avqust ayının sonu BMT-nin insan haqları üzrə ali komissarı Sincan bölgəsində uyğurlara və digər müsəlman azlıqlara münasibətdə ciddi hüquq pozuntularına yol verildiyi barədə hesabat yayıb.
 
Hesabatda vurğulanıb ki, uyğurlara qarşı törədilən vəhşiliklər beynəlxalq cinayətlərlə, o cümlədən insanlığa qarşı cinayətlə eyniləşdirilə bilər.
 
Lakin bu hesabatdan sonra da Sincanda vəziyyətin dəyişdirilməsi üçün qətiyyətli addım atılmayıb. Çin höküməti ittihamları rədd etməkdə və beynəlxalq qurumların hesabatlarına damğa vurmaqda davam edir.
 
Bununla belə vəziyyət nəhayət ki, dəyişə bilər. Artıq insan haqları üzrə ali komissarın avqustda təqdim etdiyi hesabatın BMT-də müzakirəyə çıxarılması məqsədilə bir neçə dövlətin iştirakı ilə qətnamə layihəsi hazırlanıb. Sentyabrın sonunda ABŞ layihəni BMT-yə təqdim edib.
 
Layihə uğur qazansa, ali komissarın hesabatı BMT-nin İnsan Hüquqları Şurasının növbəti toplantısında müzakirəyə çıxarılacaq.
 
Layihənin İnsan Hüquqları Şurasının 51-ci sessiyasının bitməsinə az qalmış, yəni bugünlərdə səsverməyə çıxarılması gözlənir. Layihənin keçməsi üçün sadə səs çoxluğu kifayət edir.
 
Çinin nümayəndə heyəti ali komissarın hesabatının gələcəkdə İnsan Hüquqları Şurasında müzakirəyə çıxarılmasına imkan verməmək üçün layihənin qəbul olunmamasına çalışır, bu məqsədlə bəzi dövlətlərə təzyiqlər edir. Çünki Çin bilir ki, gələcək müzakirələr uyğurların vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəal tədbirlərin görülməsinə, təsirli mexanizmlərin müəyyənləşdirilməsinə, insanlığa zidd hərəkətlərlə bağlı dəlil-sübutların toplanmasına, yeni-yeni qətnamələrin qəbul olunmasına yol açacaq.
 
Uyğurların soyqırımına məruz qalması üzrə dəlilləri toplamaq, qoruyub saxlamaq, sübutları beynəlxalq cinayətlər kontekstində təhlil etmək, bu istiqamətdə dövlətlərin, beynəlxalq qurumların atacağı addımları müəyyənləşdirmək üçün konkret mexanizmin yaradılması çox vacibdir. Belə bir mexanizm Sincan bölgəsinə getmədən də faktların əldə olunmasına yardım edə bilər.
 
Məsələn, BMT-nin Suriya üzrə yaratdığı Beynəlxalq Qərəzsiz və Müstəqil Mexanizm, Myanma üzrə yaratdığı Müstəqil İstintaq Mexanizmi həmin ölkələrə daxil olmadan sübutların toplanmasına şərait yarada bilib.
 
BMT-də heç bir müzakirənin aparılmaması və heç bir xüsusi mexanizmin yaradılmaması üçün Çinin özünə əl qatacağı gözlənəndir. Onsuz da son illərdə BMT-də Çin və Rusiya kimi dövlətlərin qurduğu maneələri aşmaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlir.
 
Məsələn, BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı bütün tədbirlər Rusiya və Çinin vetoları ilə əngəlləndiyindən qalan dövlətlər yalnız BMT Baş Assambleyasının gücündən istifadə edə bilib. Beynəlxalq Qərəzsiz və Müstəqil Mexanizmin yaradılması haqda qətnamə də Baş Assambleyada qəbul olunub.
 
Milli məhkəmələrin Beynəlxalq Qərəzsiz və Müstəqil Mexanizmin topladığı sübutlardan və universal yurisdiksiya prinsiplərindən yararlanmaqla günahkarları məsuliyyətə cəlb edə bilməsi üçün 12 ölkədə müstəntiqlərlə iş aparılır. Bu işi Beynəlxalq Qərəzsiz və Müstəqil Mexanizmin əməkdaşları aparırlar. Deməli, iradə olan yerdə həmişə çıxış yolu tapmaq olur.
 
Link kopyalandı!
Son xəbərlər