“Oktyabrın 5-i səhər tezdən Prezident Aparatının əməkdaşı olan Süleyman İsmayılova məlumat verdim ki, artıq Gəncədə hər şey qaydasındadır, dövlətçiliyə və xalqa qarşı heç bir təhlükə yoxdur..."
“Oktyabrın 4-də qiyamçılar Gəncə şəhər İcra Hakimiyyətini, mülki və hərbi hava limanlarını, telestudiyanı, eləcə də Xanlar(indiki Göygöl-S.L.) və Samux rayon icra hakimiyyətlərini ələ keçirdilər. Bundan sonra biz qiyamçıların qərargahı yerləşən Üçtəpəyə qoşun yeritməyə məcbur olduq”.
Bunu müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov Moderator.az-a 28 il öncə - 1994-cü il oktyabrın 4-5-də Gəncədə dövlət çevrilişinə cəhd kimi dəyərləndirilmiş hadisələr ərəfəsində şahidi olduqlarından danışarkən söyləyib.
“Qısa döyüş əməliyyatından sonra Surət Hüseynovun qohumu olduğu deyilən Kəramət Kərimov və adamları qaçdı və biz onların qərargahını ələ keçirdik. Orada olmuş təxminən 20 nəfərdən qaçmağa macal tapmamış bir neçəsini həbs etdik. Zirzəmidə isə boruya zəncirlənmiş bir adam tapdıq. Səhv etmirəmsə, Gəncə zonasında Azərbaycan Xalq Cəbhəsi fəallarından olmuşdu. Kəramətin göstərişlərini yerinə yetirmədiyinə görə onu tutub bu vəziyyətdə saxlamışdılar... Bir müddət sonra Heydər Əliyev oktyabr hadisələri ilə bağlı respublika sarayında keçirilən geniş tədbirdə həmin şəxsə söz verdi və o, qiyamçıların onun başına gətirdikləri oyunlardan danışdı”- açıqlamasının davamında bunları nəql edən həmsöhbətimiz Rusiyadan qiyamçılara dəstək gələcəyi haqda məlumat aldıqlarını da qeyd edib.
“Üçtəpədəki qərargahı ələ keçirdikdən sonra biz Gəncə hava limanını qiyamçılardan azad etməyə yollandıq. Artıq oradakılar qaçmışdı. O zaman xüsusi xidmət orqanları vasitəsilə belə bir məlumat almışdıq ki, Rusiyadan qiyamçılara dəstək gəlməlidir. Ona görə də biz benzin daşıyan avtomobillərdən birini eniş zolağına qoyduq ki, təyyarələr enə bilməsin. Bəziləri dedi ki, birdən Rusiya desantçıları paraşütlə enərlər, bunun nə faydası var. Cavab verdim ki, birbaşa paraşütlərlə özgə ölkə ərazisinə hərbi birləşmə endirmək işğal kimi dəyərləndirilir. Ancaq Rusiya hərbçiləri təyyarə ilə enib Gəncəyə daxil olsa, rəsmən belə izahat verə bilərlər ki, guya yeni elan edilmiş dövlət onları köməyə çağırıb. Bundan sonra Gəncə şəhər icra hakimiyyətinə yollandıq. Oradakılar da, telestudiyadakı qiyamçılar da bizim gəldiyimizi eşidib qaçmışdılar. Amma biz hərəkətə başlamamışdan öncə telestudiyadakılar hazırlaşırmışlar televiziya ilə hakimiyyəti ələ keçirdiklərini və ölkədə inqilab baş verdiyini elan edələr”-deyə polkovnik bildirib.
“Oktyabrın 5-i səhər tezdən mən Prezident Aparatının əməkdaşı olan Süleyman İsmayılova məlumat verdim ki, artıq Gəncədə hər şey qaydasındadır, dövlətçiliyə və xalqa qarşı heç bir təhlükə yoxdur. Qeyd edim ki, həmin əməkdaşın bizə çox dəstəyi oldu. Mən bəzən Heydər Əliyevlə onun vasitəsilə əlaqə saxlayırdım... Bundan bir müddət sonra artıq gecə düşən vaxt Heydər Əliyev xalqa müraciət edərək hamını Prezident iqamətgahının yanına çağırdı və elan etdi ki, Gəncədə dövlət çevrilişinin qarşısı alınıb və sabitlik yaradılıb...
Oktyabrın 5-i səhər tezdən bir neçə saat dincəlmək məqsədi ilə briqadamızın Göygöl yaxınlığındakı qərargahına gəldim. Səhər saat 11-12 radələrində xəbər verdilər ki, cənab Prezident sizi telefona çağırır. Mən dərhal rabitə olan binaya gedib Heydər Əliyevə cavab verdim. Dövlət başçısı Gəncədə və ətraf rayonlarda çevrilişə cəhdin aradan qaldırılmasındakı fəaliyyətimə görə mənə minnətdarlığını çatdırdı. Prezident bildirdi ki, qiyamın yatırılması zamanı 777 saylı hərbi hissədən həlak olan 3 hərbçiyə və mənə Milli Qəhrəman adı verilməsi qərarına gəlib. Doğrusu, həmin şəhid əsgərlərin meyitlərini də görmüşdüm. Onların məhz öz soydaşlarımız, vətəndaşlarımız tərəfindən hansısa vəzifə maraqları ucbatından qətlə yetirilməsi məni çox sarsıtmışdı. Buna görə də Heydər Əliyevə cavab verdim ki, cənab Prezident, mən də o şəhid olan əsgərlərimiz və digər hərbçilərimiz kimi, dövlət, xalq qarşısında borcumu yerinə yetirmişəm. İkincisi də, belə bir vətəndaş qırğınında iştiraka görə mənə “Milli Qəhrəman” adı verilməsini bir peşəkar zabit kimi qəbul edə bilmərəm. Prezident isə cavabında bildirdi ki, sən özün ictimai-siyasi işlər üzrə komandir müavinisən, amma bu ifadəni düzgün hesab etmirəm bu vətəndaş qırğını deyil, dövlət çevrilişinə cəhddir... Beləliklə, həmin axşam televiziyada Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə 777 saylı hərbi hissənin komandiri Rövşən Əkbərovun və həmin hissədə həlak olan hərbçilərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi, mənə, briqada komandiri Fəxrəddin Cəbrayılova və bir neçə digər hərbçiyə isə “Azərbaycan bayrağı” ordeni verilməsi haqda Prezident Fərmanları elan edildi...” -deyə həmsöhbətimiz qeyd edib.
“Bəs tabor komandiri Rövşən Əkbərov və briqada komandiri Fəxrəddin Cəbrayılovun xidmətləri nədən ibarət olmuşdu?” sualını isə müdafiə nazirinin sabiq müavini belə cavablandırıb:
“Doğrusu, oktyabrın 5-də biz Gəncəyə gələndə komandiri olduğu hərbi hissə Kəramət Kərimovun əvvəlki qərargahı olan qonaq evi ilə üzbəüz ərazidə yerləşən Rövşən Əkbərovu orada görmədik. Amma hərbi hissədə artıq 3 nəfər hərbçi həlak olmuşdu... Fəxrəddin Cəbrayılov isə həmin vaxt briqadanın Göygöldəki qərargahında olub...”
Sultan Laçın