Ekskluziv
3284
02 Oct 2022 | 19:11

"Simmetrik bərabərlik və ədalət haqqında xurafat təsəvvürlər Putini nüvə ssenarisinə sürükləyir..."

Amerikalı ekspert Putinin nitqinin sətiraltı mənasını anlayıb və Kremlin müdhiş planını sezib...
 
- Rusiya Qərb boru kəmərlərinə qarşı diversiyalar törədə bilər;
 
- enerjidaşıyıcılarının silaha çevrilməsi yeni səviyyəyə qalxa bilər;
 
- Rusiyanın nüvə silahından istifadəsi gerçəkləşə bilər.
 
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal edilən ərazilərinin formal ilhaqı barədə elan edib.
 
Onun nitqində hər şey olub: saxta tarix haqqında mühazirə, "Qərbin günahları"nın kifayət qədər cansıxıcı siyahısı, 
incikliklər və hakimiyyətilə lovğalıq.
 
Qərbi "şeytanlıqda" ittiham etmək ruhunda ritorika Putinin çıxışları üçün artıq səciyyəvi olub. Amma bu dəfə onun niqtində konkret fəaliyyət planını görməmək mümkün deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə "New York Times" qəzetində beynəlxalq sülh uğrunda Karnegi Fondunun elmi əməkdaşı Aleksandr Baunov yazıb.
 
"Təhqirlərdən və dalğın təhdidlərdən savayı, Rusiya prezidenti üç dəqiq bənddən ibarət olan müharibə və sülh planını elan edib", - ekspert qeyd edib.
 
Onun fikrinə görə, "Şimal axını" qaz kəmərində baş verən partlayışlarda ABŞ- ın əli olması barədə iddialar Rusiyanı indi və gələcəkdə bu marşrutla qaz tədarükünün mümkün olmamasına haqq qazandırmaq zərurətindən azad edir.
 
"Bu, onun üçün artıq qələbədir. Üstəlik, Putin həm də ona eyham vurub ki, Rusiya analoji olaraq cavab verməyə cəhd edə bilər, yəni Qərb boru kəmərlərinə qarşı diversiyalar törədə bilər. Enerjidaşıyıcılarının silaha çevrilməsi yeni səviyyəyə çıxa bilər, bu zaman təkcə yanacağın Rusiyadan axını azalmayacaq, həm də başqa ölkələrdən enerjidaşıyıcılarının tədarükü pozulacaq", - Baunov güman edib.
 
O, həmçinin Putinin dərhal müharibənin başa çatması haqqında danışıqlara başlamağa çağırış etməsinə diqqət edib. Baunov xatırladıb ki, Kreml lideri Ukraynaya hərbi müdaxilə ərəfəsində də belə ultimatum səsləndirib.
 
"Fevralın 21-də Putin formal olaraq Donetsk və Luqansk "respublikaları"nı tanıyıb. Bu zaman o, dəqiqləşdirib ki, bu tanınma Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri çərçivəsinə aiddir. O, Ukrayna ordusundan hər iki vilayətdən çıxmağı tələb edib. Bundan bir neçə gün sonra Rusiya hərbi müdaxiləyə başlayıb", - ekspert yazır.
 
O, qeyd edir ki, indiki vəziyyətlə fevralın sonunda olan vəziyyət əhəmiyyətli dərəcədə fərqlidir. O zaman dünya "sayca dünyada ikinci olan ordunun" suveren qonşu ölkəyə müdaxiləsindən şok yaşayıb.
 
"Putinin yeni təhdidləri Xarkov vilayətindən alçaldıcı geri çəkilmədən sonra səslənib. Bu məğlubiyyət Rusiyanı səfərbərliyə başlamağa və işğal edilən ərazilərin ilhaqını elan etməyə vadar edib. Və Ukraynanın Rusiyanın yaxın zamanlarda danışıqlara başlamaq çağırışlarına ciddi yanaşacağı çox az ehtimal ediləndir. Əksinə, Kiyev dəfələrlə deyib ki, ilhaq Putin Rusiyası ilə istənilən danışıqların üzərindən xətt çəkəcək. Bu həftə baş verənlərdən sonra danışıqlar masası arxasında əyləşmək belə ukraynalılar üçün kapitulyasiya aktı olacaq", - Baunov vurğulayıb.
 
Onun nöqteyi-nəzərincə, bütün deyilənlər məntiqi olaraq Moskvanın planının üçüncü bəndinə gətirir.
 
"Putin xatırladıb ki, ABŞ 1945-ci ildə Xirosima və Naqasakiyə bombalar atmaqla nüvə silahının tətbiqinin presedentini yaradıb. Bu eyhamı anlamaq çətin deyil: əgər Qərb Ukraynaya silah göndərməkdə davam edərsə və Kiyevə Rusiyanı qane edən qərarla razılaşmağa məcbur etmək üçün təzyiq göstərməkdən imtina edərsə, Rusiya nüvə silahını tətbiq edə bilər", - Baunov güman edir.
 
O, əmin edir ki, nüvə zərbəsi və hətta bu barədə danışmaq belə Putin və onun əqidədasları üçün böyük həvəsdir.
 
"Onların anlamında bərabərlik birbaşa, hətta hesabi əhəmiyyət kəsb edir. ABŞ-la bərabər olmaq üçün Rusiya Amerikanın bacardıqlarının hamısını bacardığını nümayiş etdirməlidir. Bu simmetrik  bərabərlik və ədalət haqqında xurafat təsəvvürlər Putini və onun ətrafında olan insanları, xüsusilə adi vasitələrlə Rusiyanın qələbə qazanmaq perspektivlərinə zəmanətin olmaması və ya ümumiyyətlə mümkün olmaması şəraitində, nüvə ssenarisinə sürükləyir. Kreml isə vəziyyətdən çıxmağın müəyyən qələbəni nəzərdə tutmayan strategiyasına razı olmayacaq", - ekspert yazır.
 
O, qeyd edir ki, Putin və bir sıra rusiyalı siyasətçilər bütün dünyanı inandırmaq niyyətindədir ki, "onlar son dərəcə ciddi və qətiyyətli əhval-ruhiyyədədirlər".
 
Onların dedikləri sadədir:
"Çoxları bizim Ukraynaya müdaxilə etməyimizə və ya daha böyük ərazini ilhaq edəcəyimizə inanmayıb, amma biz bunu etmişik. İndi də bizim nüvə silahından istifadə edəcəyimizə inanmırsınız. Amma biz blef etmirik".
 
Putinun və Rusiya elitasının bu siqnalı tutqun və fatalistdir. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə nüvə silahından istifadə etmək təhdidləri arasında böyük fərq var. Həm də Ukraynaya müdaxilədən öncə Rusiya bunu inkar edib. İndi o, tamamilə əksini edir", - Baunov sözlərinə yekun vurub.
Link kopyalandı!
Son xəbərlər