Rusiya MN bizi ələ salır, yoxsa?..- Laçın şəhəri yenə məsuliyyət zonalarında...-XƏRİTƏLƏR
Ekskluziv
8390
01 Oct 2022 | 19:34

Rusiya MN bizi ələ salır, yoxsa?..- Laçın şəhəri yenə məsuliyyət zonalarında...-XƏRİTƏLƏR

“Yazımızdan sonra - sentyabrın 19-da  Laçını öz məsuliyyət zonasından çıxardılar. Lakin sentyabrın 20-də yenidən daxil etdilər… Dünən - sentyabrın 30-da da…”
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin 17 və 18 sentyabr 2022-ci il tarixlərinə aid dislokasiya xəritələrində avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərinin yenidən Rusiya hərbçilərinin məsuliyyət və nəzarət zonasına daxil edilməsi haqda yazmışdıq(bax: //moderator.az/az/ekskluziv/552560/rusiya-mn-lacin-seheri-ve-aanus-kendini-yeniden-nezaret-zonasina-saldi-xeriteler/). Həmin yazımızdan sonra sentyabrın 19-da Rusiya MN Laçını öz məsuliyyət zonasından çıxardı. Lakin maraqlıdır ki, Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Laçın şəhərinə səfəri ərəfəsində, yəni sentyabrın 20-də bu strateji şəhərimiz yenidən “sülhməramlı”ların məsuliyyət xəritəsinə daxil edildi. Amma yaxşı ki, sentyabrın 21-də çıxarıldı…
 
Moderator.az-ın növbəti araşdırmasından bəlli olur ki, Rusiya “sülhməramlı”kontingentinin dünən- sentyabrın 30-a aid xəritəsində Laçın şəhəri bir daha həmin qurumun məsuliyyət zonasına daxil edilib. 
Bu azmış kimi, strateji mövqedəki Ağanus kəndini də(bax: //moderator.az/az/ekskluziv/549233/rusiya-mn-artiq-alternativ-lacin-yolunu-dehliz-kimi-teqdim-etmeye-basladi-hem-de-resmi/) məsuliyyət zonalarına daxil edən Rusiya hərbçiləri köhnə “dəhliz” ərazisində patrul xidmətini də davam etdirirlər. Və əgər əvvəlki, yəni Laçın şəhəri və Zabux kəndinin Azərbaycana təhvil verilməsindən sonrakı günlərə aid xəritələrdə həmin marşrut Laçın şəhəri və Zabux kəndinin lap yaxınlığından keçirdisə, bu dəfə artıq Laçın şəhərinin ətrafına dolanır və ya içərisindən keçir. Məsələn, “sülhməramlı”ların sentyabrın 29-a aid dislokasiya xəritələrinə əsasən onların patrul xidməti köhnə “dəhliz” ərazisindəki Ağanus kəndi ətrafından və Laçın şəhərinin içərisindən keçir…
Bütün bunlar nə deməkdir: Rusiya Müdafiə Nazirliyi bizi ələ salır? Yəni demək istəyir ki, biz köhnə və yeni “dəhliz” ətrafındakı Azərbaycan torpaqlarında istədiyimiz kimi davrana bilərik? Yoxsa, həmin qurumun “sülhməramlı” kontingentin xəritələrini tərtib edən əməkdaşları gündəlik əyyaşlıqla məşğul olur və o xəritələri ağıllarına necə verir, elə də tərtib edirlər?..
Bir daha ümid edirik ki, müvafiq qurumlar Rusiya MN-lə əlaqəli şəkildə məsələyə aydınlıq gətirib ictimaiyyətə dəqiq məlumat verərək narahatlığa son qoyacaqlar…
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər