İnam Kərimov:
Qarabağ
3333
16 Sep 2022 | 12:07

İnam Kərimov: "Ağalı kəndi quruculuq işlərində dost dövlətlərlə əməkdaşlığın ilk təməl nöqtəsidir"

“Ağıllı kənd” layihəsi çərçivəsində aqrar emal müəssisələrinin inşası burada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yaradacaq.
 
Bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
 
"Zəngilan rayonunun Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulub, burada “Smart village” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Kənd sakinlərinin 30 illik işğal dövründən sonra öz yurdlarına qayıtması təmin edilib və bu gün onlar Qarabağ bölgəsində quruculuq işlərinin fəal iştirakçılarına çevriliblər. “Ağıllı kənd”ə qayıtmış sakinləri arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. Kənddə salınmış intensiv meyvə bağları, heyvandarlıq kompleksi, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri Ağalı sakinlərinin davamlı gəlir əldə etməsinə və işlə təmin olunmasına hesablanıb. “Ağıllı kənd” təkcə azad edilmiş ərazilərimizə insanlarımızın Böyük Qayıdışının ilk məntəqəsi deyil. Bu kənd həm də quruculuq işlərində dost dövlətlərlə əməkdaşlığın ilk təməl nöqtəsidir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş torpaqlarda salınmış ilk intensiv bağ - Azərbaycan-Türkiyə Qardaşlıq Bağı “Ağıllı kənd”dədir xarici və yerli sərmayənin cəlb olunduğu ilk aqroparkın əsası bu ərazidə qoyulub", - o deyib.
 
Link kopyalandı!
Son xəbərlər