“Ermənistan ordumuzun mövqelərini atəşə tutmaqla, müxtəlif təxribatlara cəhd etməklə heç nəyə nazil olmayacaq”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, təxribatları davam etdirməsi Ermənistan üçün faciəvi sonluqla nəticələnə bilər:
“Bu cür təxribatların davam etdirilməsi Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin 3 avqust tarixindəki “Qisas” əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu qısa zamanda düşməni darmadağın etməyə qadirdir və bunu praktiki surətdə nümayiş etdirib. Əgər Ermənistan qırmızı xətti keçərsə, o zaman Azərbaycan tərəfi təbii ki, bütün gərəkli addımları atacaq və heç bir təxribatçı cəzadan yaxa qurtara bilməyəcək”.
Millət vəkili təxribatlaın davam etməsini iki amillə əlaqələndirib:
“Bu, hər şeydən öncə Ermənistanda revanşist qüvvələrin mövcudluğunu göstərir. Digər bir ehtimal bu ola bilər ki, Paşinyan rejimini bununla daxili ictimai rəyə oynamağa çalışır. Çünki bu gün Paşinyan rejimi daxilinə də bölgədə sülhün, sabitliyin bərqərar olmasını istəməyən qüvvələr var və bu qüvvələr vəziyyətin yenidən gərginləşməsində maralıdır”.
Seymur ƏLİYEV