Deputat Göybulaq kəndində seçicilərin problemlərini dinlədi - FOTOLAR
3997
30 Aug 2022 | 11:00

Deputat Göybulaq kəndində seçicilərin problemlərini dinlədi - FOTOLAR

Yevlax-Şəki magistral  yolunun  üstündə  yerləşən  Göybulaq  kəndinin  sakinlərinə  bəlkə də  çoxları  həsəd  aparır.   Bu  kənddən  baxanda  Böyük  Qafqaz  dağlarının  cənub  ətəkləri  lap yaxında aydınca  görünür. Arxasını  dağlara  söykəyən  Göybulaq kəndi ərazi cəhətdən həm  əkinçilik,  həm də  heyvandarlıqla  məşğul  olmaq  üçün  ideal məkandır.

Təəssüf ki, vaxtilə şirin  su  bulaqlarının bol olduğu  bu  yerlərdə  indi içməli  su  qıtlığı  yaranıb. Bu da qlobal iqlim dəyişikliyinin bir təzahürüdür.

Kəndin  su  problemini  həll  etmək  üçün bir neçə  dəfə  təşəbbüs  göstərilib.  Magistral  yolun  kənarındakı  qaynamaların  suyu  təxminən  2 kilometr  məsafədən  borular  vasitəsi ilə  kəndin yuxarı hissəsindəki su anbarlarına vurularaq oradan ayrı – ayrı məhəllələrə və evlərə  paylanıb. Lakin  sonralar kəndin əhalisi suyun ötürülməsi üçün istifadə olunan elektrik enerjisinin pulunu vermədiyindən, bu qurğu uzun müddət istifadəsiz qalıb,  bir müddət sonra isə texniki avadanlığı yox olub və beləliklə kənd əhalisi içməli sudan məhrum olub.

 

Bəs  indi  suya  olan  tələbatı  necə  ödəməli? Yaxın ərazidə yeraltı sular olmadığı üçün  artezian qazılması heç bir perspektiv vəd etmir. Bilavasitə yaxınlıqda başqa su mənbəyi də  yoxdur. Deməli, yenə də ümid əvvəlki layihənin bərpa olunmasına qalır.

Moderator.az xəbər verir ki, Göybulaq  məktəbinin  akt  zalında  kənd  ictimaiyyətinin  nümayəndələri, ağsaqqallar,  qazilər və şəhid  ailələri  ilə  keçirilən  görüşdə bu  barədə  geniş  və  ətraflı  söhbət  getdi. Kənd  sakinləri  deputatdan kənddən 2 km məsafədə yerləşən su mənbəyində rezervuar və nasos stansiyasının tikilməsini və nasoslar vasitəsilə suyun kənddəki çənlərə ötürülməsini xahiş etdilər. 

Deputat su idarəsindən mütəxəssislər dəvət edərək vəziyyəti araşdıracağını, məsələnin həlli yolunun axtarılacağını və problemin həlli üçün əlindən gələn köməyi əsirgəməyəcəyini  bildirdi.

Deputat məktəbdə tədrisin vəziyyəti və abutiryentlərin ali məktəblərə qəbul imtahanlarındakı nəticələri ilə maraqlandı. Məktəb direktoru və kənd sakinləri bir neçə il əvvəl Göybulaq kəndində tikilmiş yeni məktəb binasında təlim-tədris prosesinin təşkilindən həvəslə danışdılar və təhsilə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Başqa  xahişlər də  oldu. Kəndin kənarından keçən magistral yolda maşınların sürətini  azaltmaq üçün radarların qoyulması, məktəb qazanxanasının uçulmuş divarının təmir  olunması,  bir  qazi  ailəsinin ev  tikintisinə  əlavə  tikinti  materialı  verilməsi  və  sair kimi müraciətlər də səsləndi.

 

Deputat  verilən  tapşırıqların  əlaqədar  təşkilatlarla  birlikdə  ən  qısa  müddətdə  müzakirə edilib nəticəsi ilə bağlı sakinlərə məlumat veriləcəyini bildirdi.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər