“Ermənilər israr edir ki, orada toxunulmazlıq nəzərdə tutulmasın” – Moskvada nə olacaq?
Cəmiyyət
8391
21 Aug 2022 | 14:07

“Ermənilər israr edir ki, orada toxunulmazlıq nəzərdə tutulmasın” – Moskvada nə olacaq?

“Bizim ictimaiyyətdə Zəngəzur dəhlizinə aid qeyri-aydınlıq var. Çünki 10 noyabr 2020-ci il sənədinə görə, Zəngəzur dəhlizində eksterritoriallıq (toxunulmazlıq – red.) nəzərdə tutulurdu və orada Ermənistanın suveren hüquqları məhdud şəkildə icra olunacaqdı”.
 
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov deyib.
 
Eks nazir 31 avqustda keçirilməsi planlaşdırılan Əliyev-Putin-Paşinyan görüşünün pərdəarxası məqamlarına toxunub.
 
Xatırladaq ki, “Hraparak” nəşri məsələ ilə əlaqədar iddia edib ki, Prezident İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi məsələsini kəskin şəkildə qaldırmağa hazırlaşır.
 
Məsələnin əsas mahiyyətinə toxunan T. Zülfüqarov isə əlavə edib ki, 10 noyabr sənədində göstərilib ki, 2 dəhliz təşkil olunmalıdır:
 
“Bunlardan biri Laçın, digəri isə Zəngəzur dəhlizidir. İkisi də toxunulmaz xarakter daşımalıdır. Bildiyiniz kimi, Laçın dəhlizində nəzarət və təhlükəsizlik təminatı Rusiya Sülhməramlı Qüvvələri tərəfindən 5 il müddətinə verilir. Amma Zəngəzur dəhlizinə aid sənəddə isə göstərilir ki, oranın nəzarəti Rusiya FSB-nin Sərhəd Xidməti tərəfindən icra olunur və bu tarix müddətsizdir”.
 
Politoloqun sözlərinə görə, Azərbaycanın tələbi ondan ibarətdir ki, 10 noyabr sənədində göstərilən müddəalar praktiki olaraq yerinə yetirilsin:
 
“Amma ermənilər öz mövqelərində israrlıdırlar ki, orada sadəcə olaraq kommunikasiyalar bərpa olsun və heç bir toxunulmazlıq nəzərdə tutulmasın. Ona görə də bu görüşdən yeni nələrsə gözləmirəm. Azərbaycanın tələbi bundan ibarətdir ki, bu yolda toxunulmazlıq təmin olunsun, amma kommunikasiyalara aid Ermənistanın mövqeyi həmişə eyni olub. Onlar və biz kommunikasiyaların bərpası barəsində 10 noyabr sənədində öhdəlik götürmüşük”.
Link kopyalandı!
Son xəbərlər