Deputat Cavanşir Feyziyev Cəfərabad seçiciləri ilə görüşdü - FOTO
Cəmiyyət
2010
20 Aug 2022 | 13:10

Deputat Cavanşir Feyziyev Cəfərabad seçiciləri ilə görüşdü - FOTO

Deputat Cavanşir Feyziyev Təpəcənnət, Colaqlı, Kəhrizoba və Göybulaq kəndlərini əhatə edən Cəfərabad icra nümayəndəliyi ərazisində seçiciləri ilə görüşüb. 
 
Görüşdə qaldırılan məsələlərdən aydın oldu ki, bu ərazidə yaşayan seçicilərin problemləri heç də ucqar kəndlərdə olan problemlərdən az deyil. Vaxtı ilə bu kəndlərə həyat verən Dəhnə çayının suyu azaldığından, eyni zamanda sovet dövründə istifadəyə verilmiş artezianlar sıradan çıxdığından ərazidə həm içməli və həm də tarla suyunun qıtlığı yaşanır. Əkin sahələrində meliorasiya tədbirləri həyata keçirilmədiyindən məhsuldarlıq aşağı olur ki, bu da kənd  adamlarının güzarana mənfi təsir edir. 
 
Çıxışlarda həmçinin 660 yerlik Cəfərabad məktəbinin, uşaq baxçasının əsaslı təmirə ehtiyacı olduğu diqqətə çatdırıldı. Bildirildi ki, ərazidə yerləşən peşə məktəbinin istilik sistemi işləmir, üst örtüyü həddindən artıq köhnəlib. Yüksək dağ kəndi olan Təpəcənnətdə içməli su olmadığından kənd əhalisi  düzən əraziyə köçmək məcburiyyəti ilə üz-üzə qalıb. 
 
Bu görüşdə təmsil olunan kəndlərin heç birində bankomat  və ödəniş terminalı  olmadığından sakinlər maaş və pensiya kartlarından istifadə etmək üçün  şəhərə  getmək  məcburiyyətində qalır. Kənd  Bələdiyyəsinin  fəaliyyəti  zəif  olduğundan az  təminatlı  ailələr, qazilər  bələdiyyə  torpaqlarından  yararlanmaq  imkanından  kənarda  qalıblar  və  sair.
 
Kənd  ictimaiyyəti  nümayəndələrinin, ağsaqqallar, qazilər və şəhid  ailələrinin iştirakı ilə keçirilən bu  görüşdə  bu  kimi  məsələlər  geniş və ətraflı  müzakirə olundu. Sakinlər  bir  sıra  məsələlərin  həlli  ilə  əlaqədar  deputata  suallar  verdilər  və  ondan  kömək  istədilər.
 
Millət vəkili dövlətimizin  apardığı  məqsədyönlü və ardıcıl  siyasət  nəticəsində  ölkəmizin  30  illik  müharibəni qələbə  ilə  başa  çatdırdığını, Vətən  torpaqlarının  düşmən  taptağından  azad  olunduğunu, dövlət  başçısının  ətrafında  sıx  birləşməklə qaldırılan  problemlərin də  tezliklə  aradan  qaldırılacağını  əminliklə  diqqətə  çatdırdı. Deputat  bu  problemləri  həll  etmək  üçün  ilk  növbədə  kənd  bələdiyyəsinin  fəaliyyətini  canlandırmağı tövsiyyə  etdi, görüşdə qaldırılan problemin həlli ilə bağlı müvafiq yerli və mərkəzi icra  qurumları ilə məsləhətləşmələr aparacağını və qısa müddət ərzində nəticələr barədə kənd ictimaiyyətinə ətraflı məlumat veriləcəyini bildirdi.
 
Görüş  iştirakçıları  dövlətimizin  apardığı  siyasəti müdafiə etdiklərini və deputatla  görüşdən razı qaldıqlarını bildirdilər.
 
 
Link kopyalandı!
Son xəbərlər