Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Humanizmin Azərbaycan simvolu” adlı tədbir keçirilib
Cəmiyyət
2634
19 Aug 2022 | 18:11

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Humanizmin Azərbaycan simvolu” adlı tədbir keçirilib

Avqustun 19-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı “Humanizmin Azərbaycan simvolu” adlı tədbir keçirilib. Tədbirdə “Humanizmin Azərbaycan simvolu” kitabının da təqdimatı olub.
 
AZƏRTAC xəbər verir ki, tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb: “Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil.
 
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür.
 
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.
 
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum olmuş uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.
 
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşmasında Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır”.
 
Tədbirdə çıxış edən siyasi elmlər doktoru, “Humanizmin Azərbaycan simvolu” kitabının müəllifi Vaqif Abdullayev Mehriban xanımın çoxşaxəli fəaliyyətinə toxunub, Birinci vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən sosial, humanitar və mədəni layihələrə diqqət çəkib. Vaqif Abdullayev vurğulayıb ki, Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
 
“Humanizmin Azərbaycan simvolu” kitabı haqqında tədbir iştirakçılarına məlumat verən Vaqif Abdullayev, Mehriban xanım haqqında bundan sonra da cild-cild kitabların yazılacağını vurğulayıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxışında Mehriban Əliyevanın əsasən, təhsil sahəsindəki xidmətlərinə diqqət çəkib, bu istiqamətdə həyata keçirilən böyük işlərdən danışıb. İdarə müdiri qeyd edib ki, məhz Birinci vitse-prezidentin bilavasitə qayğısı ilə respublikamızın hər yerində müasir məktəblər inşa edilib, təhsil şəraitinin yaxşılaşması, onun müasir tələblər əsasında qurulması istiqamətində mühüm işlər görülüb.
 
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova Mehriban Əliyevanın xalqın böyük məhəbbətini qazandığını vurğulayıb. O qeyd edib ki, xalqın Birinci vitse-prezidentə olan bu sevgisi özünü hər addımda göstərir, bu da təsadüfi deyil. Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı xidmətlərinə toxunan deputat bu xidmətlərin əsrlər sonra da hörmət və ehtiram hissi ilə yad ediləcəyini bildirib.
 
Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova Mehriban xanımın hər bir vətəndaşa, o cümlədən şəhid ailələrinə, müharibə əlilləri və veteranlara böyük qayğı və diqqət göstərdiyini qeyd edib, onun məhz öz xidmətləri, fədakarlığı sayəsində xalqın sevimlisinə çevrildiyini bildirib. “Humanizmin Azərbaycan simvolu” adlı kitabın önəminə toxunan Nəcibə Axundova, belə nəfis və maraqlı kitab ərsəyə gətirdiyi üçün siyasi elmlər doktoru Vaqif Abdullayevə öz təşəkkürünü bildirib.
 
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir Azərbaycan Respublikasının inkişafında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu bildirib. Fatma Səttarova qeyd edib ki, hədsiz qayğıkeşliyi və çalışqanlığı, humanizmi və nəcibliyi Mehriban xanımı Azərbaycan xalqına sevdirən əsas xüsusiyyətlərdəndir.
 
Tədbir bədii hissə ilə davam edib.
Link kopyalandı!
Son xəbərlər