Laçının işğalı günləri Azərbaycan parlamentində nələr baş verirdi?.. -TARIX
5118
18 May 2022 | 18:45

Laçının işğalı günləri Azərbaycan parlamentində nələr baş verirdi?.. -TARIX

“Məsələmizi Bakıda həll edəndən sonra qayıdıb gedəcəyik Ermənistan tərəfə...”
 
“Dünən göstəriş vermişəm ki, Laçın rayonunun icra hakimini tutub gətirsinlər Müdafiə Nazirliyinə…”
 
30 il öncə - 1992-ci il mayın 17-18-də Laçın şəhəri və ətraf kəndlər Rusiyanın birbaşa dəstəyi ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Bəs həmin gün Bakıda – siyasi olayların əsas episentrinə çevrilmiş respublika Ali Sovetində - parlamentdə nələr baş verirdi?
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, parlamentin sabiq deputatı, rəhmətlik Maksim Musayev özünün “Mediada düşüncələrim” kitabındakı “Şuşa və Laçın necə getdi? Elitanın parlament dialoqu” başlıqlı məqaləsində bu haqda ətraflı məlumat verir. M.Musayevin özünün də yazının sonunda qeyd etdiyi kimi, məqalə parlamentin iclas protokolları, stenoqramları, audioyazıları və müzakirələr zamanı öz iştirak və şahidliyinə əsaslanaraq qələmə alınıb.
Moderator.az  aktuallığını nəzərə alaraq  həmin yazının  ən maraqlı məqamlarını nəzərinizə çatdırırır:
 
“15-16 may 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının növbədənkənar iclasını Yaqub Məmmədov açdı və məlumat verdi ki, respublikada vəziyyət nəzarətdən çıxıb. 
“Həm hakimiyyət böhranıdır, həm də ümumiyyətlə, böhrandır. Ali Sovetdəki vəziyyəti siz gözünüzlə görürsünüz; müxtəlif təzyiqlər mövcuddur. Təzyiqlər müxtəlif silahlı dəstələrin hücumlarıyla baş verir. Niyə Ali Soveti bu günə qoyublar?”
 
Bu vaxt İsa Qəmbərov bildirdi ki,  mayın 14-də Azərbaycanda antikonstitusion dövlət çevrilişi baş verib. Heç bir hüquqi əsas olmadan istefa vermiş şəxsi yenidən hakimiyyətə qaytarıblar. Bu, dünya tarixində görünməmiş hadisədir. Çünki istefa elə bir addımdır ki, onun geri dönməsi mümkün deyil.  Həm də sessiya çağırılarkən yetərsay olmayıb. Nəyə görə Ali Sovetin binası bu hala salınıb? Görünür, ona görə ki... AXC Azərbaycan Konstitusiyasının mühafizəsini və bərpasını öz üzərinə götürməyə məcbur olub...”
 
Deputat Tofiq Qasımov İ.Qəmbərovun dediklərini təsdiqləyərək dedi:
 
“Nə vaxta kimi biz ölü diriltməklə məşğul olacağıq? Prezidenti dirildib, gətirib vəzifəlyə qoymuşuq...”
 
Deputat Ramiz Fətəliyev bildirdi ki, Xocalı məsələsində Prezidenti aldadıblar.  
“Əvvəlcə Rəhim Qazıyev Şuşadan zəng vurub deyib ki, hər şey öz qaydasındadır – Xocalı bizim əlimizdədir. Yarım saatdan sonra isə zəng vurub deyib ki, Xocalı bizdə deyil...”
 
Deputat Arif Hacıyev hakimiyyətin ələ alındığı barədə ultimatumlarla dolu elan verdi. Çıxışında belə bir fikir söylədi ki, biz artıq demək olar ki, bu addımı atmışıq, hakimiyyəti özümüz ələ almışıq. Bütün respublika bizi eşidir. Başqa heç kimi biz tanmırıq. Bu, obyektiv reallıqdır. Bunu başa düşmək lazımdır. Biz Ayaz Mütəllibov və Heydər Əliyev tərəfdarlarına deyirik: onlar hakimiyyətə gəlsələr, burada müharibə gedəcəkdir – vətəndaş müharibəsi. Bunu başa düşmək üçün alim olmaq lazım deyil. Bəlkə də Laçın artıq verilib. Dalıyca başqa addımlar gəlir, dalıyca başqa hücumlar gəlir. Bu hücumlar olacaq və davam edəcək.  Ona görə biz bu gecə məsələləri həll etməliyik ki, bura yığılan tankımızı, topumuzu, burda yığışan dəstələrimizi ora göndərə bilək. Biz Azərbaycan Ali Sovetinin üstünə yox, Ermənistan Ali Sovetinin üstünə gedək. Bizə imkan verin... Vəssalam, bununla da məsələ həll olunur, vaxt uzatmağın, qarşıdurmanın bir az da uzadılmasının, Bakıda gərginliyin bir az da artması üçün vaxt keçirməyin mənası yoxdur... Sərhəddə yerləşən bütün batalyonlar bizə zəng verib deyirlər ki, biz gəlirik Bakıya. Məsələmizi Bakıda həll edəndən sonra qayıdıb gedəcəyik Ermənistan tərəfə... Belə şeyləri görməyən siyasətçilər Azərbaycan parlamentində otura bilməz. Bu gün yetərsay yığışmalıdır... Ondan sonra yığışıb hökmlər çıxardarıq... Biz bunu eləməsək, axırda vəziyyətimiz çox ağır olacaq.  Bu millət qıracaq bir-birini. Erməni də yaddan çıxacaq. Hələ onun qarşısını almaq mümkündür... Biz Xalq Cəbhəsiyik, məsuliyyət bizim üzərimizə düşüb. Çünki biz xalqa demişik ki,  sənin liderinəm, onu mübarizəyə çağırmışıq. Bizim üzərimizdə məsuliyyət var, qaça bilmərik altından... Fiziki cəhətdən bütün millətin məhv olmaq təhlükəsi yaranıb.  Biz hər birimiz öz fiziki, maddi vəziyyətimizə görə qərar qəbul edirik. Bu tarixin qarşısında cavab vermək məsələsi var. Tarixin qarşısında cavab verəcəyik hamımız. Mən öz əməlimə görə...”
Bizcə, belə bir çıxışdan sonra əlavə şərhə ehtiyac qalmır. Şuşa və Laçının müqəddəratı barədə heç bir fikir söyləmək belə, lazım gəlmir...
 
Ertəsi gün – mayın 17-də Rəhim Qazıyev deputatlara elan verdi:
 
“Laçın mövqeyində gərginlik durur, bəzi məsələlərin həllində hələlik heç bir nəticə alınmayıb. Bakıdakı hadisələr Qarabağdakı vəziyyəti gərginləşdirir. Mən belə hesab edirəm ki, bütün hakimiyyəti Müdafiə naziri öz əlinə almalıdır. Əgər başqa biri də təminat verirsə, onda təkliflərini versinlər. Həm Milli Şuranın üzvü, həm də müdafiə məsələlərinin başında duran adam kimi ayrı çıxış yolu görmürəm.  Mənim çevriliş etmək fikrim yoxdur.  Müdafiə mövqeyində duran adam bu və ya digər tərəfə keçməlidir. 1 saatdan sonra mən çıxıb getməliyəm cəbhəyə. Müdafiə məsələlərini təşkil etməliyəm. Mənə konkret qərarınızı deyin...” 
 
Bu sensasiyalı tələbdən sonra Firudin Cəlilov sual verdi:
 
“Rəhim bəy, hərbi nazirlik hakimiyyəti əlinə nə təhər alır? Hansı intellektiual potensialla ölkəni idarə edəcək? Onu başa düşə bilmədim. Mən elə bildim, məlumat verəcəksən ki, Şuşanı kim verib: heç olmasa, bir neçə adamın adını çəkəcəksən. Şuşanın verilməsində kimlərin təqsiri var? O tanklar nə üçün Şuşada işləməmişdi? Əsgərləri oradan kim buraxmışdı?”
 
Rəhim Qzıyev cavabında belə dedi:
 
“Birinci sualınıza cavab olaraq soruşuram ki, bəs sizin hansı gücünüz var, dövləti saxlamağa? İkinci sualınıza cavabım budur ki, hələlik Şuşanı kimin verməsi barədə istintaq gedir. Üçüncüsü, Şuşada bizim  mütəşəkkil qüvvələrimiz az idi. Könüllü batalyon var idi. Onların sayı ilə birlikdə 1800 adamımız vardı. Onu da bildirim ki, Şuşanın özündə də hakimiyyət davası gedirmiş...”
 
R. Qazıyev belə bir təklif də irəli sürdü ki, Bakıdakı silahlı qüvvələrin hamısı onun himayəsinə keçirilməlidir. Göstərdi ki, Laçına kifayət qədər texnika verilib, amma İcra Hakimiyyətinin apardığı təxribat xarakterli işlər Laçın rayonuna böyük zərbə vurur.  Mən dünən göstəriş vermişəm ki, Laçın rayonunun icra hakimini tutub gətirsinlər Müdafiə Nazirliyinə. Mən orada mövcud olan texnikanın sayını demək istəmirəm. O, kifayət qədər bəs edir. Amma bir top atılan kimi laçınlılar “vay, biz  batdıq”- deyirlər. Müharibədə konfet vermirlər.  “Şilka” deyilən bir silah var ki, göydə təyyarə və vertolyotu bıçaq kimi kəsir. Sual olunur: onu Bakıda niyə saxlayırlar? Məndə olan məlumata görə, burada 35 minə yaxın avtomat və pulemyot vardır...” 
 
(Davamı var)
 
Qeyd:
 
Materialda adı çəkilən hər bir şəxsin rəylərini dinləyib təqdim etməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər