“Onunla işlədiyim 10 ildə nə şənbəmiz, nə də bazarımız olub” - Heydər Əliyevin şəxsi fotoqrafı
Ekskluziv
3530
10 May 2022 | 22:36

“Onunla işlədiyim 10 ildə nə şənbəmiz, nə də bazarımız olub” - Heydər Əliyevin şəxsi fotoqrafı

Tanınmış fotoqraf, ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı, “Tərəqqi” medalı laureatı Rafiq Bağırov Moderator.az-ın suallarını cavablandırıb.
 
- Rafiq müəllim, prezidentin şəxsi fotoqrafı kimi nə vaxtdan fəaliyyət göstərməyə başladınız?
- 1993-cü ilin iyul ayı idi. Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin şəkillərini çəkmək lazım idi. İlk günlər başqa fotoqraflar tərəfindən çəkilən şəkillər Heydər Əliyevin xoşuna gəlməmişdi. Bu vaxt mənə də dəvət gəldi. Əvvəlcə etiraz etdim, çünki özümü professional fotoqraf saymırdım. Düşünürdüm ki, Heydər Əliyev kimi nəhəng bir insanın portretini çəkmək kimi məsuliyyətli işi bacara bilmərəm. Özümə tam güvənmədiyim üçün ilk çəkilişə məşhur bir fotoqrafla birlikdə getdim. Heydər Əliyevlə ilk dəfə onun iş otağında-Milli Məclis Sədrinin kabinetində görüşdük. Xeyli foto çəkdik və lentləri aşkarlamağa apardıq. Lentləri aşkarlayanda məlum oldu ki, mənimlə bərabər Heydər Əliyevin şəkillərini çəkən fotoqrafın şəkillərinin heç biri alınmayıb. Lentin birinə işıq düşmüşdü, birində rənglər qarışmışdı, digərində isə kadrlar bir-birinin üstündə idi. Çox dilxor oldum! Artıq hər şey məndən asılı idi. 100-dən çox şəkil var idi. Bir neçəsini aşkarladım və Heydər Əliyevə təqdim etdim. Bütün şəkillərə diqqətlə baxdıqdan sonra dedi ki, “sən mənimlə işləyəcəksən”. Bir anlığa duruxdum, qeyri-ixtiyari “axı mən başqa yerdə işləyirəm” dedim. Üzümə diqqətlə baxaraq bir az yüksək tonda sözünü yenidən təkrarladı: “Sən mənimlə işləyəcəksən!”.
 
- Bu iş sizdən yüksək peşəkarlıqdan da əlavə böyük məsuliyyət tələb edirdi. Prezidentin şəxsi fotoqrafı olmaq necə bir hiss idi?
- Prezidentin, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin fotoqrafı olmaq çox məsuliyyətli idi. Az da olsa bu sahə ilə məşğul olan insanlar bilirlər ki, bu nə dərəcədə məsuliyyətlidir. Bu məsuliyyət ondan asılıdır ki, siz elə yerlərdə olursunuz ki, nəticəni mütləq əldə etməlisiniz. Məsələn, Amerika kimi bir dövlətin prezidenti ilə görüşdə ancaq prezidentin şəxsi fotoqrafı iştirak edir. Təsəvvür edirsinizmi, görüş fotoları alınmasa nə ilə nəticələnə bilər?! Çox böyük məsuliyyətdir! Nəinki Amerika,  bütün nəhəng dövlətlərin ölkə başçılarının görüşündə ancaq prezidentin şəxsi fotoqrafı iştirak edir. Buna görə də məsuliyyət həddindən artıq yüksəkdir. Bu məsuliyyət yükünü hər insan çiyinlərində gəzdirə bilmir. Çoxu bacarmadığına görə fotoqraflıqdan əl çəkir.
 
- O bütün sahələr ilə dərindən maraqlanırdı. Bu sahədə sizə də məsləhətlər verirdi?
- Mən heç vaxt Heydər Əliyevlə işlədiyim dövrdən öncə özümü professional fotoqraf saymırdım. Mən ancaq özüm üçün işləyirdim. Professional fotoqraf olmağımın əsas səbəbkarı da Heydər Əliyev idi. Onun mənə məsləhətləri olurdu. İlk əvvəllər nöqsanlar haqda göstəriş verəndə mən yadda saxlayıb, onları təkrar etmirdim. Bunun da nəticəsi o idi ki, daha sonra təqdim etdiyim fotolarda heç bir nöqsan tapmırdı. Beləliklə mən onunla mütəmadi işləməyə başladım. Hər ay elə bilirdim ki, daha da professional fotoqraf gəlib onunla işləyəcək. Amma verdiyi məsləhətlər, tövsiyələr sayəsində 10 il birlikdə işlədik.
 
- Ulu öndər necə fotoları xoşlayırdı?
- O səmimi, qeyri-rəsmi fotoları xoşlayırdı. Burada bir foto var, əli cibində, üzü gülür. “Bakinski Raboçi” qəzetində onun doğum günü münasibəti ilə bir məqalə dərc olunmalı idi. Qəzetin baş redaktoru müraciət edib dedi ki, mənə sadə bir prezident şəkili lazımdır. Prezident kimi yox, sadə bir vətəndaş kimi olsun. Mən də öz arxivimdən axtarıb, bu kadrı tapıb verdim. Üstündən 10 gün keçəndən sonra Heydər Əliyev məni çağıtdırdı. İçəri daxil olanda gördüm ki, qəzet stolun üstündədir və həmin şəkil böyük bir səhifədə dərc olunub. Ciddi görkəm alıb soruşdu ki, bu şəkili sən çəkmisən? Mən elə bildim ki, şəkil xoşuna gəlməyib. Onunla düz danışmaq lazım idi, yalandan və yalan danışan insandan xoşu gəlmirdi. Dedim ki, bəli mən çəkmişəm. Gülümsünüb dedi ki, çox gözəl, sadə şəkildir. Siz elə məni hər yerdə qalstukda, ciddi geyimdə çəkirsiniz, amma belə kadrlar görün nə dərəcədə gözəldir!
 
- İş rejiminiz necə idi?
- Heydər Əliyevin gündəlik təqvimi çox gərgin idi. Nadir adamlardan idi ki, hətta 12, 13, 14 saat da işləyə bilirdi. Demək olar ki, onunla işlədiyim 10 il ərzində nə şənbəmiz, nə də bazarımız olub. O hər gün işə çıxırdı, axşam saat 9-dan tez evə getmirdi. Öz istirahəti haqda qətiyyən düşünmürdü, amma bizə deyirdi ki, siz niyə gedib dincəlmirsiniz? Çox humanist adam idi, hər işçisini diqqətdə saxlayırdı.
 
- Bu gün müəllifi olduğunuz bir çox fotolar yüzlərlə məkanda istifadə olunur. Buna görə fərəh hissi keçirirsiniz?
 
- Əlbəttə ki, fərəhlənirəm. Heydər Əliyevin çəkdiyim portretləri kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda, rayonlardakı Heydər Əliyev adına mərkəzlərdə istifadə olunur. Bu sevindirici bir haldır. Hara gedirsənsə, kimin kabinetinə daxil olursansa öz çəkdiyin portretlərlə rastlaşırsan. Bu mənə qürur verir, yaradıcılığımla fərəhlənirəm. Buna görə də hər zaman ulu öndərə rəhmət oxuyuram.
Link kopyalandı!
Son xəbərlər