09:02
6°C
Bakı

Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Qeyd edib ki, Heydər Əliyevin AZƏRTAC qarşısında qoyduğu ən əsas hədəflərdən biri Azərbaycan reallıqları barədə məlumatların dünyaya çatdırılması, ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub.
Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri - əzmi, qətiyyəti, iradəsi, cəsarəti və uzaqgörənliyi onun lider kimi yetişməsinə səbəb olan vacib amillərdəndir. Millət vəkili vurğulayıb ki, Heydər Əliyevin həyat yolu müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin yetişməsində vacib rol oynayıb.
Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından bəhs edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verdiyini qeyd edib.



