“Azərbaycan haqqını gücü ilə alıb və diplomatik danışıqlarda qalib tərəf kimi iştirak edir”
“Sülh dayanacağına gedən qatar 6 aprel gecəsi hərəkət etdi. Qatarın yükü çoxdur, son dayanacağa çatması Ermənistandan asılıdır. Ermənistanın bunun üçün üzərinə düşənləri yerinə yetirməsi lazımdır. Ermənistan üzərinə düşənləri nə qədər tez yerinə yetirərsə, qatar da o qədər tez son dayanacağa çatacaq”.
Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat, “İMZA” Sosial İnkişafı Dəstəkləmə İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Brüssel görüşü haqqında danışarkən deyib. H.Kılıç sülh sazişinin ən çox Ermənistana xeyri olduğunu bildirib:
“Cənab Prezident Brüssel görüşünə zəfər qazanmış bir komandir, qəhrəman kimi və haqlı davasını son nəticədə həll etmək üçün getdi. Haqlı olmaq güclü olmaqdır. Brüsseldə Azərbaycanın istəkləri gerçəkləşdi. Mart ayında Azərbaycanın Ermənistana təqdim etdiyi beş maddədən ibarət şərtləri Ermənistan qəbul etdi və ona görə də Paşinyan Bresselə getdi. Brüsseldə isə qazanan Azərbaycan oldu. Çünki Azərbaycan şərtləri qoyan və prosesi istiqamətləndirən bir liderlə ora getdi. Oradakı uğurlar Azərbaycan diplomatiyasının bu gün yüksəldiyi səviyyəsini açıq göstərməkdədir. Proseslər Prezident İlham Əliyevin yüksək liderliyini ortaya qoymaqdadır. Dolayısıyla oyun quran, diktə edən tərəf Cənab Prezidentdir və qarşı tərəfə lazım olan mesajları verdi.
Avropa İttifaqı niyə bu sülhə önəm verir? Bir qisim Avropa ölkələrinin enerji təhlükəsizliyini Azərbaycan təmin etməkdədir. Ukraynadakı savaş Avropanı təlaşa salıb. Avropanın Cənubi Qafqazda sabitliyə önəm verməsi Azərbaycanın onlara göndərəcəyi qazla bağlıdır. Bunun üçün bu müddətin bir an öncə tez bir zamanda həll edilməsi birinci mərhələdə Ermənistan, ikinci mərhələdə Avropa Birliyi və üçüncü mərhələdə can Azərbaycanımızın xeyrinədir. Ermənistan bu sülh anlaşmasını imzalayarsa, Ermənistanın müstəqil olduğunun şahidi olacağıq. Çünki bu gün müstəqil Ermənistan yoxdur. Diaspora və Kilsənin idarə etdiyi bir Ermənistan var. Amma Paşinyanın Ermənistanı həmin əsarətdən çıxararaq öz liderliyini göstərəcəyini gözləyirik. İnşallah belə də olacaq. Artıq erməni xalqı liderlərinin verdiyi cəzadan qurtulmalıdır. Onları cəzalandırdıqlarına görə Ermənistanda aclıq var, əhali ölkəni tərk etməkdədir. İndi nəticə olaraq baxdıqda qatarın tez vaxtda son dayanacağa çatmasını gözləyirik və bu müddətdə də Türkiyə Azərbaycana lazım olan dəstəyi verəcək.
Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması da bu proseslə paralel davam edəcək. Bu baxımdan bizim arzumuz bölgədə bir an öncə sülhün bərpa edilməsi, sülh anlaşmasının imzalanmasıdır. Mən bu prosesin Ermənistanın davranışına bağlı olacağını gözləyirəm. Amma Ermənistan ağlını başına yığarsa, Ermənistan rəhbərliyi, Paşinyan bu sülh anlaşmasının ən çox öz ölkəsinin işinə yaradığını görəcək.
Əvvəldə dediyim kimi, Avropa enerji təhlükəsizliyi baxımından bu sülhə önəm verməkdədir. Azərbaycanımız Birləşmiş Millətlərin, ATƏT-in etmədiyini özü edib və haqqını gücüylə almışdır. Biz isə Cənab Prezidentin, Azərbaycan diplomatiyasının sərgilədiyi liderlik uğurlarıyla fəxr edirik”.
Vasif Əlihüseyn