Rusiya hərbçiləri Laçının Sarıbaba dağında patrul xidməti aparır?..-ARAŞDIRMA
Araşdırma
6670
17 Feb 2022 | 19:26

Rusiya hərbçiləri Laçının Sarıbaba dağında patrul xidməti aparır?..-ARAŞDIRMA

"Müdafiə Nazirliyinin mətbuat xidmətindən  məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi vəd ediliib..."
 
“Ən mühümü Laçın dəhlizinə alternativ yol məhz bu yüksəkliyin yaxınlığından keçəcək. Yəni bu zirvədə olan hərbi qüvvə həmin yola asanlıqla nəzarət edə biləcək...”
 
“Hələ 2021-ci ilin avqustunda erməni saytlarında Azərbaycan ordusunun Şuşa və Laçın rayonları ərazisindəki Sarıbaba yüksəkliyini tərk etməsi haqda dezinformasiya yayılmışdı...”
 
“Belə çıxır ki,  həm Rusiya, həm erməni tərəfi də müxtəlif bəhanələrlə Azərbaycan ordusunu titduğu mövqelərdən mümkün qədər geri çəkilməsinə çalışırlar...”
 
Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) olaraq yerləşdirilmiş və rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingenti  iki gündür ki,  inzibati ərazi bölgüsü baxımından  Laçın rayonu  ərazisində yerləşən Sarıbaba(2295 metr) yüksəkliyinə patrul xidməti təşkil edir. 
Moderator.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti” bölməsində 15-16 fevral tarixlərində təqdim edilmiş sözügedən kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdən bəlli olur.
 
Belə ki, bəhs edilən xəritələrdə  Şuşa rayonunun Qaybalı kəndindən Sarıbaba yüksəkliyinə patrul marşrutu qeyd olunub. Yəni belə çıxır ki, son iki gündür Rusiya hərbçiləri həmin marşrut üzrə partul xidməti aparırlar... 
 
Laçın və Şuşa rayonlarının şərti sərhədində yerləşən, ancaq sovet dövründən bəri adətən Laçın rayonuna aid edilən Sarıbaba yüksəkliyinin hazırda faktiki olaraq Azərbaycan Silahlı Qüvvələrinin, yoxsa Rusiya hərbi kontingentinin  nəzarətində olması haqda dəqiq və rəsmi məlumatımız yoxdur. 
 
Dünən – fevralın 16-da səhər saatlarında Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb bu haqda rəsmi məlumat verilməsini xahiş etdik. Bizə  məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi vəd edilsə də,  dəfələrlə həm iş, həm də mobil nömrələrə zəng etsək də, bu günədək heç bir cavab yoxdur. 
 
Lakin 10 noyabr 2020-ci il tarixli razılaşmadan bəri keçən müddətdə apardığımız özəl araşdırmalardan və məntiqlə belə nəticəyə gəlmək olur ki,  Sarıbaba yüksəkliyi Laçın ərazisinə aid olduğundan Rusiya hərbçilərini yox, Azərbaycan ordusunun nəzarətində olmalıdır. Çünki razılaşmaya əsasən dəhliz istisna olmaqla Laçın rayonunun keçmiş Dağlıq Qarabağın sərhədi üzrə aparılmalıdır. Sarıbaba yüksəkliyi isə Laçın-Şuşa-Xankəndi yolundan, hava xətti ilə 5-6 km məsafədə yerləşir. 10 Noyabr üçtərəfli razılaşmasına əsasən isə Rusiya sülhməramlı(!) hərbi kontingentinin məsuliyyət zonası Laçın-Şuşa yolundan hər iki tərəfə hava ilə  2,5 km məsafədəki ərazidir...
Maraqlıdır ki, fevralın 8-dən 14-dək Rusiya kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdəki təxminən eyni koordinatda rus şriftləri ilə “post NK №821”yazılıb.
O da vacibdir ki, Sarıbaba yüksəkliyi böyük hərbi strateji əhəmiyyətə malikdir.  Həmin zirvədən Laçın şəhəri,  Şuşa rayonunun Turşsu qəsəbəsi və ermənilərin hələ sovet dövründən bəri məskunlaşdığı Böyük və Kiçik Qaladərəsi və s. kəndlərini, həmçinin Laçın-Gorus, Laçın-Qubadlı yollarını nəzarət altında saxlamaq mümkündür. Və ən mühümü son məlumatlara görə, hazırkı Laçın dəhlizinə alternativ olan və Xankəndi-Kərkicahan-Turşsu-Böyük Qaladərəsi-Kiçik Qaladərəsi-Qayğı-Gorunzur marşrutlu yol məhz Sarıbaba yüksəkliyindən yaxınlığından keçəcək. Yəni bu zirvədə olan hərbi qüvvə həmin yola asanlıqla nəzarət edə biləcək.
 
Əgər xəritədəki qeyd edilən məntəqənin Sarıbaba zirvəsi deyil, Sarıbaba(yaxud Salatınkənd) kəndi olduğu iddia edilərsə, bu da doğru olmaz. Çünki xəritədən göründüyü kimi,  həmin məntəqə Laçın-Şuşa yolundan uzaq məsafədədir. Salatınkənd(yaxud Sarıbaba) isə avtomobil yolundan cəmi 600-700 metr məsafədə yerləşir. İkincisi də hazırda ermənilərin məskunlaşdığı həmin kənd Rusiya MN-in təqdim etdiyi xəritədə ermənicə - “Yexsaoq” kimi qeyd edilir...
 
Xatırladaq ki, hələ 2021-ci ilin avqustunda erməni saytlarında Azərbaycan ordusunun Şuşa və Laçın rayonları ərazisindəki Sarıbaba yüksəkliyini tərk etməsi haqda dezinformasiya yayılmışdı. Həmin vaxt da Moderator.az olaraq izah etmişdik kii,  Rusiya sülhməramlı(!) hərbi kontingentinin məsuliyyət zonası olmadığından Azərbaycan ordusu həmin yüksəklikdən çıxa bilməz...
Onu da qeyd edək ki,  bundan bir neçə gün öncə  Ermənistan və separatçı rejim   Şuşa rayonunun digər - Kiçik Qaladərəsi kəndi yaxınlığındakı Laçın rayonunun Ağanus kəndi ərazisinə aid Ağdaş yüksəkliyi(1784) ətrafında da oxşar mübahisələr yaratmaqla onun da Rusiya hərbçilərini nəzarətinə verilməsinə çalışması haqda informasiyalar yayılmışdı. 
 
Yəni belə çıxır ki,  həm Rusiya, həm erməni tərəfi də müxtəlif bəhanələrlə Azərbaycan ordusunu titduğu mövqelərdən mümkün qədər geri çəkilməsinə çalışırlar. Son vaxtlar guya Azərbaycan hərbçilərinin “təsərrüfatla məşğul olan mülki erməniləri” atəşə tutması, onların “yaşam hüquqlarının pozulması” haqda  dezinformasiyalar da məhz bu məqsədlə yayılır...
 
Zəruri arayış: 
Sarıbaba zirvəsi  - Şuşa və Laçın rayonlarının sərhədlərində, dəniz səviyyəsindən 2295(yaxud 2334 metr) yüksəklikdə, Laçın-Şuşa-Xankəndi yolundan hava xətti ilə 5-6 km məsafədə yerləşir.
 
Sarıbaba dağının qoynunda Şuşa rayonunun Xəlfəli, Şırlan, Xanalılar, Cəmilli, Zaman pəyə, Nəbilər, Zarıslı kəndləri, Turşsu qəsəbəsi,  Onverst kəndi, Salatınkənd(yaxud Sarıbaba), Böyük və Kiçik Qaladərəsi kəndləri  yerləşir. Laçın rayon ərazisində Sarıbaba dağının qoynunda Qozlu kəndi, Böyük İpək kəndi, İpək kəndi, Təmirazlar kəndi, Bülüldüz kəndi, Tıgik kəndi, Zerti kəndi, Laçınkənd kəndi, Xırmanlar kəndi, Qaradağlı kəndi, Haqverdi talası, Səfilər kəndi, Ağbulaq kəndi, Seyid Alılar kəndi, Miralılar kəndi, Əsgərkənd kənd, Dərəbaşı kəndi yaşayış məntəqələri yerləşir.
 
Sarıbaba yüksəkliyi böyük hərbi strateji əhəmiyyətə malikdir. O zirvədən baxanda Laçın şəhəri,  Şuşa rayonunun Turşsu qəsəbəsi və hətta Zəngilan da görünür... 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər