Rusiya ilə Ukrayna arasında mümkün hərbi münaqişə İsrailin maraqlarına da zərbə vuracaq.
Moderator.az xəbər verir ki, İsrailin nüfuzlu "Haarets" qəzetində dərc olunan məqalənin mənası bundan ibarətdir.
Məqalə müəllifi Naftali Bennetin və onun sələfi Binyamin Netanyahunun vasitəçilik səylərinin uğursuz olduğunu qeyd edir. Hər iki baş nazir müxtəlif zamanlarda Moskva və Kiyevə Qüdsdə görüşməyi təklif edib, amma nəticədə imtina cavabı alıb. Son belə təklif Bennetin Putinlə ilk görüşü zamanı verilib. İsrail KİV-ləri iddia edirdi ki, Bennetin təklifi Ukrayna prezidenti ilə razılaşdırılıb, lakin Rusiya dövləti tərəfindən rədd edilib. Bundan əvvəl Qüdslə Moskva arasında olan yaxşı münasinətlərin pik həddində baş nazir olmuş Binyamin Netanyahunun da vasitəçilik missiyası alınmayıb.
İmtinaya rəğmən, məqalə müəllifi əmindir ki, əgər Rusiya və Ukrayna liderlərinin görüşü üçün yer axtarmaq lazım gələrsə, Qüdsdən ideal yer tapmaq mümkün deyil. Məqalədə qeyd edilir ki, İsrailin həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətləri var. İsraildə sammit keçirilsəydi, coğrafi vəziyyət hər iki ölkə liderlərinin qısa zamanda görüşə qatılmasına imkan verərdi. Coğrafi vəziyyətin əlverişli olması məqalədə belə əsaslandırılır: dini bayramlar və həftəsonular zamanı Ben-Qurion adına hava limanına Ukrayna və Rusiya biznesmenlərinin olduğu onlarla təyyarə eniş edir. İsrail Rusiya və Ukrayna oliqarxlarının iki ölkə arasında münasibətlərinin gərgin olduğu məqamda birgə olacağı çox gözəl yerdir. Nümunə kimi müəllif 2014-cü ilin yazında Təl-Əvivin elit mehmanxanalarının həmin qarışıq zamanda Rusiya və Ukrayna biznes-elita nümayəndələri ilə ağzınacan dolu olduğunu göstərir.
Məqalədə İsrailin daha bir üstünlüyü xatırlanır: qeyri-rəsmi razılaşmalara uyğun olaraq, Rusiyanın xüsusi xidmət orqanları Kremlin "rəqib" hesab etdiyi şəxslərə qarşı əməliyyatlar keçirmir.
Müəllif Rusiyadan və Ukraynadan yüz minlərlə rusdilli vətəndaşların buraya gəlməsini nəzərə alaraq, yəhudi dövlətinin Putin və Zelenskinin görüşü üçün ideal meydança olduğu qənaətindədir.
Qüds mümkün sammitin İsrailin paytaxtında keçirilməsinə həm də ona görə təkid edir ki, Rusiya qoşunlarının Suriyaya yeridilməsindən sonra o, Moskvanın maraqlarına xüsusi diqqətlə yanaşmağa sövq edilib, - müəllif belə hesab edir.
Bu həm də ona görə vacibdir ki, Rusiya faktiki olaraq ABŞ-ın Yaxın Şərqdə xarici siyasətinin dəyişməsindən sonra yaranmış boşluğu doldurub.
İsrail heç bir hərbi ittifaqda təmsil olunmur, bunu da Kiyev ilə Moskva arasında münaqişədə mümkün vasitəçilikdə böyük üstünlük hesab etmək olar, - məqalədə qeyd edilir.
Baxmayaraq ki, son zamanlar Qüdsün NATO bloku ilə təmaslara meyli nəzərəçarpacaq dərəcədədir, İsrailin Rusiyanın Suriyada hərbi hərəkətlərinin koordinasiyası üzrə birgə təcrübənin unikallığını qəbul etməmək mümkün deyil.
Məqalə müəllifinin fikrinə görə, İsrailin NATO ilə münasibətlərinin strateji inkişafında maraqları ilə regionda hərəkətlərin strateji koordinasiyası ilə bağlı maraqlarla birləşməsi göz qabağındadır. Bütün bunlar İsraili Rusiya-Ukrayna sammiti üçün gözəl məkana çevirir.
İsrailə Rusiya-Ukrayna hərbi münaqişəsinin meydana çıxması zamanı görünməmiş çeviklik göstərmək lazım gələcək. Hərbi əməliyyatlar başlayacağı halda Rusiyanın Avropaya tədarük etdiyi qazın çatışmazlığı yarana bilər. Belə olan halda Avropanın diqqəti o cümlədən qaz kəmərinin çəkilişi ilə bağlı İsrail-Yunanıstan layihəsinə yönələcək, bu layihəyə əsasən qaz Köhnə Dünya ölkələrinə nəql ediləcəkdir. Bu, İsrail üçün strateji cəhətdən sərfəlidir, lakin bu zaman Qüds Moskvaya bunun antiRusiya gönümlü olmadığını sübut etməli olacaq, - məqalədə belə deyilir.
Nəhayət, ənənəvi əndişə var: hərbi əməliyyatlar başlayacağı təqdirdə yəhidilərin Ukraynada və Rusiyada vəziyyəti pisləşə bilər. Bu təlaş tarixi xarakter daşıyır: Putinin antisemitizmlə nümayişkəranə mübarizəsinə və bir sıra yəhudi mənşəli Rusiya biznesmenlərinə yaxınlığına baxmayaraq, Ukraynanın altıncı prezidentinin yəhudi olmasına rəğmən, hər iki ölkə üçün tarixən cəmiyyətlərində, xüsusilə hərbi münaqişələr zamanı yudofobiya (yəhudilərə qarşı ikrah hissi) xarakterikdir.
Bundan əvvəl, xəbər verdiyimiz kimi, İsraildə Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yəhudilərin təcili repatriasiyası məsələsi müzakirə edilib.