“Ona nazir, komitə sədri vəzifələri təklif etdim, imtina etdi,  çünki...”
Cəmiyyət
10732
06 Dec 2021 | 16:37

“Ona nazir, komitə sədri vəzifələri təklif etdim, imtina etdi,  çünki...”

“O, bir çoxları kimi vəzifə, kürsü, var-dövlət, şöhrət arxasınca qaçan insan deyildi...”
 
Dünən - dekabrın 5-də Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyasının səmimi, təmənnasız qurucularından biri, Milli Məclisin sabiq deputatı Maksim Musayevin vəfatının 40-cı günü idi.  
 
Bu münasibətlə mərhumun dostları, keçmiş partiya və parlament həmkarları onun son illər daha çox maraqlı müsahibə və araşdırma yazılarıyla  çıxış etdiyi Moderator.az-la əlaqə saxlayaraq ürək sözlərini çatdırmaq, xatirələrini söyləməkdə davam edirlər...
 
“Maksim Musayevin itkisi bizi çox heyfsləndirdi. Heyf ki, bu pandemiya yaxşı insanlarımızı da apardı... Xəstələndiyi günlərə qədər mütəmadi zəngləşir, hərdən görüşüb dərdləşirdik. Maksim müəllim yoldaşlığa, dostluğa çox sədaqətli etibarlı adam idi...” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının keçmiş parlament sədri Yaqub Məmmədov söyləyib.
“Onunla tanışlığımız 1980-ci illərin əvvəlindən o, Qaxda 1-ci katib işləyəndən başlayırdı. Daha sonra  Ali Sovetdə, Milli Məclisdə deputat həmkar kimi yaxın ünsiyyətimiz, birgə fəaliyyətimiz olub. O, həm işinə, həm də dostluğa, insanlığa sədaqətli bir şəxsiyyət idi... Həm də çox talantlı, istedadlı adam idi Maksim müəllim. O yalnız partiya, hökumət funksioneri deyildi, eyni zamanda ədəbiyyatımızla, tariximizlə, erməni məsələsi, Qarabağın, Zəngəzurun, İrəvanın, Basarkeçərin və s. işğalı ilə ömrünün sonunadək maraqlanan bir tədqiqatçıydı. Bu, Maksim Musayevin müstəqillik, tariximizdən, o cümlədən parlamentimizin tarixindən, erməni məsələsindən bəhs edən kitablarından da bəlli olur. Daim oxuyurdu, yazırdı, öz üzərində çalışırdı” –açıqlamasının davamında bunları deyən həmsöhbətimiz mərhum Maksim Musayevin dövlət adamı, millət vəkili kimi özünəməxsus xüsusiyyətlərindən də bəhs edib.
 
“Müstəqillimizin bərpası illərində də Maksim Musayevin  bir ictimai-siyasi xadim kimi parlamentdə də, hökumət qurumlarında da böyük fəaliyyəti olub. O, parlamentin ən fəal deputatlarından biri kimi tanınıb.  Maksim müəllimin daim hadisə və proseslərlə bağlı öz prinsipial mövqeyi vardı.  Kifayət qədər geniş və müstəqil düşüncəyə malik  və əqidəli  bir insan idi Maksim Musayev.  Vəzifəsindən asılı olmayaraq hər kəs haqqında onun özünə həm müsbət, həm mənfi xüsusiyyətləri deməyi bacarırdı..  
 
Mən Ali Sovetin sədri  kimi Prezident səlahiyyətlərini icra edəndə Maksim müəllim Xızı rayonunun icra başçısı idi. Bir dəfə yadımdadır, birbaşa özüm zəng edib onu başçısı olduğu rayonun problemlərinin və digər məsələlərin müzakirəsi üçün Bakıya dəvət etdim. Köməkçimin yox, birbaşa özümün ona zəng etməyim subordinasiya məsələləri baxımından Maksim müəllimə qəribə gəldi. Və o, tutduğum vəzifəyə rəğmən ərklə, dostcasına mənə iradını bildirdi ki, bəlkə indiki dövrdə belə demokratik idarəçilik hələ tezdir, bəziləri bundan sui-istifadə edər... Söhbət zamanı mən Maksim Musayevə müstəqil dövlət quruculuğunda birbaşa iştirakı və bizə dəstək verməsi üçün nazir, komitə sədri vəzifələrini təklif etdim. Lakin o çəkinmədən bundan imtina etdi. Əsaslı səbəb kimi də onu göstərdi ki, Ermənistandan və Qarabağ ətrafı rayonlardan on minlərlə qaçqın və köçkün Xızı rayonunda yerləşib və çox acınacaqlı durumdadırlar, onları belə vəziyyətdə qoyub paytaxta rahat işə gəlməyi özümə rəva bilmirəm. Yəni Maksim müəllim bir çoxları kimi vəzifə, kürsü, var-dövlət, şöhrət arxasınca qaçan insan deyildi. Başqası olsa, dördəlli yapışardı ki, ölkə başçısı mənə vəzifə təklif edir – belə fürsəti əldən vermək olmaz... Amma Maksim müəllim yeni qurulan, ağır vəziyyətdə olan bir rayonda işini davam etdirməyi özünə böyük borc və şərəf bilirdi. Bu da bir insan, şəxsiyyət olaraq yüksək vicdanlılığının təzahürü idi...O, şöhrətpərəst, vəzifəpərəst adam deyildi. Onun üçün əsas olan xalqına, dövlətinə xidmət idi... 
Doğrudan da Maksim Musayev, demək olar ki, özünün yaratdığı  Xızı rayonunda işlədiyi son günlərədək rayon sakinlərinin və ölkə rəhbərlərinin yaddaşında qurucu, yaradıcı, həm də vətəndaşların qayğısına qalan bir məmur, insan kimi qalıb...  
 
Mən vəzifədən gedəndən sonra belə, Maksim müəllim mütəmadi mənimlə əlaqə saxlayıb, mən də onunla – daim isti münasibətlərimiz olub... Çox maraqlı həmsöhbət idi. Onunla oturub saatlarla müəyyən mövzuda danışsan, heç yorulmazdın...
 
Ölümündən bir müddət əvvəl mənə zəng etmişdi ki,  bir dəfə görüşək, səni Xızıya aparacam, orada bir balaca bağ evim var,  təmiz havada dərdləşək, 1990-cı illərin o ən ağır vaxtlarında Xızı rayonunu necə yaratmağımızdan danışaq.... Çox təəssüf ki, qismət olmadı... 
 
Duza, çörəyə sədaqətli adam idi Maksim müəllim... Çox heyf ondan... Azərbaycanla, Qarabağla, Qərbi Azərbaycan torpaqlarıyla bağlı böyük arzuları vardı... 
 
Çox gözəl ailəsi var. Övladları da həyatda öz mövqelərini  onun adına layiq tuta biliblər...  
 
Maksim Musayevin övladlarına, bütün əzizlərinə, qohum-əqrəbasına, dostlarına dərin hüznlə başsağlığı verir, “Allah rəhmət eləsin! Məzarı nurla dolsun! Məkanı cənnət olsun!”- deyirəm. Onun kimi nadir insanlar, məmurlar Azərbaycan ziyalılığına, hökumət adamına bir nümunə olaraq daim xalqımızın qəlbində yaşayacaq” –deyə sabiq spiker vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər