“İcra başçısı işləyəndə xahişimlə Kəlbəcərə bir maşın silah  göndərdi...”- Şahlar Əsgərov
Cəmiyyət
6431
04 Dec 2021 | 18:32

“İcra başçısı işləyəndə xahişimlə Kəlbəcərə bir maşın silah  göndərdi...”- Şahlar Əsgərov

“Düz danışdığı və “Qızıl Fond”un üzvü olduğu üçün Maksim Musayevin də bədxahları az deyildi...”
“Beşinci kalon”un adamları dövləti zəif salsınlar deyə, nə düz danışan, nə də rüşvət almayan əqidəli yapçıları sevməzdilər...”
 
Xəbər verdiyimiz kimi, sabah – dekabrın 5-də Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyasının səmimi, təmənnasız qurucularından biri, Milli Məclisin sabiq deputatı Maksim Musayevin vəfatının 40-cı günüdür.  
 
Bu münasibətlə mərhumun dostları, keçmiş partiya və parlament həmkarları onun son illər daha çox maraqlı müsahibə və araşdırma yazılarıyla  çıxış etdiyi Moderator.az-la əlaqə saxlayaraq ürək sözlərini çatdırmaq, xatirələrini söyləmək istəyirlər...
 
“Dəyərli qonşum, siyasi həmfikrim, alim dostum, mənəvi qohumum Maksim Talıb oğlu Musayev 40 gün öncə bu dünyanı tərk edərək haqq dünyasına qovuşdu. İndi onun zəngin və dolğun həyatını yoxluğunun 40-cı günündə yada salıram...
Əvvəla, qeyd edim ki, Allah hər kəsə Maksim kimi qonşu qismət el əsin. Onun rəhmətlik atası Talıb müəllim dövrünün tanınmış ictimai-siyasi xadimi idi. Erməni –Azərbaycan münaqişəsinin real tarixini mükəmməl bilirdi. Ermənistanda azərbaycanlıların hamisi və ağsaqqalı olmuşdu. Talıb müəllim Maksim müəllimin kamil bir insan kimi böyüməsi üçün zamanında hər şey etmişdi. Necə ki, Maksim müəllim indi övladlarına və nəvələrinə edirdi”.
Bunu Moderator.az-a açıqlamasında Təhsil Şurası yanında İctimai Şuranın sədri, Milli Məclisin sabiq üzvü, professor Şahlar Əsgərov söyləyib.
 
“Maksim müəllim ilə 15 ilə yaxın qonşu olduq. Biz qonşu olanda o, Qax Rayon Partiya Komitəsinin birinci katibi, mən isə BDU-nin müəllimi idim. Uşaqlarımız gözlərimiz önündə  böyüdülər... 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi işləyəndə Maksim müəllim Ermənistandan və Qarabağdan gələn qaçqın selinin qarşısında mərd duruş gətirdi. Hər şeylərini itirmiş insanlara qayğı göstərdi. Yaşamaları üçün şərait yaratdı. 1992-ci ildə Xızı rayonunun icra başçısı işləyəndə mənim xahişimlə Kəlbəcərə rayonun ermənilərdən müdafiə olunması üçün bir yük maşını silah  göndərdi”- deyən həmsöhbətimiz Maksim Musayevin Yeni Azərbaycan Partiyasının yaradılmasındakı rolundan da bəhs edib. 
 
“Maksim Musayev son 30 ildəki fəaliyyətinin bəzi məqamlarını xatırlayıram. O,  YAP-ın yaradılmasının başlanğıcında duranlardan biridir. Düzdür, Maksim müəllim  “91-lər”-dən  deyil, ancaq YAP-ın təsis konfransının iştirakçısı idi. O, ulu öndər Heydər Əliyevin adlandırdığı partiyanın “Qızıl Fondu”na daxildir. Çünki təsis konfransında  Murtuz Ələsgərovdan, Samur Novruzovdan sonra Maksim müəllim çıxış etmişdi...  
 
Sonralar Partiyanın rayon  təşkilatlarının (xüsusi ilə Dəvəçi, Quba, Xaçmaz, Xızı rayonlarda)   yaranmasında aktiv iştirak etmişdi. YAP-in Ədliyyə Nazirliyində qeydə alınması üçün təcili 2000 imza toplamaq lazım idi. Həmin imza vərəqlərinə baxsanız, Maksim müəllimin ailə üzvlərinin adlarını görərsiniz...  
 
Maksim Musayev 1995-ci ildə Qobustan-Siyəzən –Xızı seçki dairəsindən YAP-ın deputatı seşilmişdi. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyası sədrinin müavini təyin edilmişdi. Bələdiyyələrin qanunvericilik bazasının yaradılmasında Zahid Qaralov və Maksim Musayevin rolları danılmazdır. Hər ikisi də ayaqdakı dırnaqdan təpədəki saça qədər heydərsevər olub, Heydər Əliyev siyasətinin ideoloqları və təblğatçıları idilər... 
 
“Beşinci kalon”un adamları “91-lər”lə və onlara bərabər tutulan insanlarla  sərt davranırdılar. Dövləti zəif salsınlar deyə, onlar nə düz danışan, nə də rüşvət almayan əqidəli yapçıları sevməzdilər. Belə adamları YAP-dan uzaqlaşdırırdılar, vəzifədən çıxarırdılar, narazı salardılar. Onların yerinə isə yalançılar, yaltaqlar  və Heydər Əliyev irsinə sadiq olmayan bəzi əliəyriləri gətirirdilər. Onları “Köhnə Qvardiya” adlandıraraq partiyadan çox uzaq saxlayır,  parlamentə seçilmələrini əngəlləyirdilər. Düz danışdığı və “Qızıl Fond”un üzvü olduğu üçün Maksim Musayevin də bədxahları az deyildi. Bu səbəbdən partiyada həm də Maksim Musayevə qarşı biganəlik və laqeydlik  hiss olunurdu. O, bundan çox narahat idi...  
 
Maksim müəllimə Alahdan rəhmət diləyərək övladlarına (Eminə, Şəfəqə, Cəmiləyə) və nəvələrinə xoşbəxlik arzulayıram.  Ölüm haqqdır... Şükür edirəm ki, nə yaxşı, Maksim müəllim Qarabağın azad olunduğunu, Qarabağ Zəfərini gördu. Ruhu şad olsun! Nur içində yat, Maksim müəllim,  artıq”Qızıl Fond”-un arzu etdiyin əvvəlki hörməti bərpa olubdu” –deyə professor fikrini tamamlayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər