“O, Nəcməddin Sadıkova, orduya dəxli olmayan Abbas Abbasova ev verdi...”
Müsahibə
6674
25 Nov 2021 | 21:55

“O, Nəcməddin Sadıkova, orduya dəxli olmayan Abbas Abbasova ev verdi...”

“Baş qərargah rəisi Şahin Musayev və bir neçə digər hərbçi illə  bərabər mən də əvvəlcə vertolyotla Qubadlıya uçduq, oradan da Laçına yollandıq...”
 
“Şahin Musayev qonaq evindən nazir Rəhim Qazıyevə zəng etdi və o, qısa müddətdə vertolyotla uçub Qubadlıya gəldi və qısa danışıqlar nəticəsində bizi camaatın əlindən aldı...”
 
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər,  birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib... 
 
 
-Mehman müəllim, keçmiş Müdafiə naziri Rəhim Qazıyevlə aranızdakı ziddiyyətlər nə vaxtdan başladı?
 
-1990-cı ilin sonunda keçirilmiş parlament seçkilərində mən də o dövrdə Oktyabr rayonu adlanan indiki Yasamal rayonundan deputatlığa namizəd vermişdim. Və o vaxt bütöv bir müsahibə mövzusu olan diqqətəlayiq olaylar baş verdi. İki il sonra Müdafiə naziri olacaq Rəhim Qazıyevlə münasibətlərimin korlanması məhz o dövrdən başlandı.   Mənimlə alternativ o vaxt üçün iki tanınmış adam idi: biri Xalq  Cəbhəsinini fəalı Tofiq Seyidov, digəri isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin professoru rəhmətlik Məmməd Xələfov  idi... Rəhim Qazıyevlə uzaq qohumluq əlaqəmiz var idi.  Həmin vaxt o, Yanvar hadisələrinə görə həbs olunub keçmiş sovet DTK-sının “Lefortovo” zindanında yatıb yenicə çıxmışdı və xalq arasında, o cümlədən Bakıda nüfuzu böyük idi... Rəhmətlik qaynım məni onunla “Azərbaycan” nəşriyyatının yanındakı evində görüşdürdü. Məqsədimiz o idiki,  xalq hərəkatı fəalları da mənim seçilməyimə dəstək versinlər.  Amma cavabında Rəhim məsləhət gördü ki, Tofiq Seyidovun xeyrinə namizədliyimi geri götürüm.  Mən isə buna “yox” dedim və izah etdim ki, ermənilərin Qarabağın işğalına hazırlaşdıqları hazırkı dövrdə Azərbaycan parlamentində milli hərbçi mütəxəssislərimizin də olmasına kifayət qədər ehtiyac var – nəyə görə namizədliyimi geri götürməliyəm.  Doğrudan hesab edirdim ki, mənim real olaraq səs toplamaqla deputat seçilmək şansım çoxdur. Çünki diviziyadakı bütün hərbçilər və onların şəhərcikdə yaşayan ailələri  arasında və ümumiyyətlə, rayonda yetərincə tanınırdım. Bu minvalla səsvermənin birinci turunda Tofiq Seyidov az səs topladığından çıxdı və mənimlə  professor Məmməd Xələfov təkbətək qaldıq.  Və səslərin çoxunu özüm toplamışdım. Mən yenə də arxayın idim ki, II turda da gerçək səsvermə hesabına qalib gələ bilərəm. O zaman Məmməd Xələfov mənimlə görüşdü. Və təklif etdi ki, namizədliyimi geri götürüm. Ona da təxminən Rəhim Qazıyevə söylədiyim cavabı verdim. Buna cavab olaraq professor  xeyli pulu qarşıma qoydu.  Universitetin hüquq fakültəsinin keçmiş dekanı və o vaxtkı müəllimi mənə dedi ki, ay oğul, gəl, sən daşı ətəyindən tök, namizədliyini geri götür, onsuz da bu yer mənimkidir. Gəl, sən bu pulu götür, görürəm, kasıb oğlansan, get xərclə, özün üçün yaşa... Mən ona yenə dedim ki, ay müəllim, nə danışırsız, biz müstəqillik uğrunda mübarizə aparırıq, ermənilərlə demək olar ki, müharibə vəziyyətində olduğumuz dövrdə parlementdə hərbçi deputatlar lazımdır, milli ordumuz qurulacaq və s. Cavabında professor dedi ki, onda sənə bir söz verirəm: bil ki, sən nə qədər səs toplasan, mən düz səndən 300 səs çox toplayacam və deputat seçiləcəm. Sonda onun dediyi kimi də oldu. Səhv etmirəmsə, mən seçkilərdə 4132 səs topladım, Xələfov isə guya  4432 səs topladı. Amma halbuki, ən azı, bütün diviziya mənə səs vermişdi.  Onu da deyim ki, mənə diviziyanın siyasi şöbəsinin rəisi, komandirin müavini polkovnik Sergey Ustyanov da xəbərdarlıq etmişdi. O demişdi ki,  mən də çox istəyirəm, sən seçiləsən və bunun üçün əlimdən gələni edəcəm, amma sən bilməlisən, ordu rəhbərliyi sənə dəstək verməyəcək, çünki Mərkəzi Komitənin rəhbərliyi ilə məsləhətləşiblər, onlar da sənin seçilməyinə razılıq verməyiblər...
Amma o dövrdə Azərbaycanın azadlığı uğrunda xalq hərəkatının fəalı, həmin kommunist rejiminə qarşı mübarizə aparan Rəhim Qazıyev də  hələ birinci turda mənim namizədliyimə əngəl olmaq istəyirdi. Və mənə sonradan aydın oldu ki, Rəhim nəyə görə mənim hərbçi olaraq parlament üzvü olmağımı istəməyib.  Çünki yəqin ki, onun  yaxın gələcəkdə müdafiə naziri olmaq arzusu var imiş. Odur ki, hansısa peşəkar hərbçinin ona parlamentdə-filanda olmasını istəmirdi... Qısası, məhz bu deputatlıq məsələsindən sonra  Rəhim Qazıyevdə mənə qarşı mənfi münasibət yarandı...
 
-Mehman müəllim, xahiş edirəm, bir anlığa Rəhim Qazıyevlə şəxsi münasibətlərinizi kənara qoyun və səmimi cavab verin: Xocalı faciəsi haqda danışarkən dediniz ki, həmin vaxt Müdafiə Nazirliyi yox səviyyəsində idi. Bəs Rəhim Qazıyev nazirliyin başına gələndən sonra bu dövlət üçün ən vacib qurumlardan birində hansısa müsbət dəyişikliklər oldumu?
 
- Əvvəla, Rəhim Qazıyevin hərbi təhsili yox idi və o, həmin mürəkkəb dövrdə ordunu düzgün idarə edə bilməzdi. Həm də onun peşəkar zabitlərə, az qala, nifrəti vardı... İkincisi də, Qazıyev gələndən sonra orduda elə bir müsbət dəyişiklik olması yadımda deyil...
 
-Axı Rəhim Qazıyev dəfələrlə müsahibələrində bildirib ki, mən nazir gələnədək orduda, demək olar ki, heç bir nizami hissə qurulmamışdı, Azərbaycan ərazisindəki keçmiş sovet-rus hərbi hissələrindən heç birinin silah-sursatı, texnikası təhvil verilməmişdi. İlk hərbi hissələr taborlar, alaylar, briqada və korpuslar onun dövründə rəsmən formalaşmağa başlanıb, Rusiya ordusunun əsas hissəsi ölkəmizdən çıxarılıb. Bundan əlavə, AXC hakimiyyətinin ilk aylarında, məhz Rəhim Qazıyevin nazir olduğu dövrdə torpaqlarımızın azad edilməsi üçün xeyli uğurlu əməliyyatlar da həyata keçirilib. Və bizim necə düşünməyimizdən asılı olmayaraq bu faktlar tariximizdə olub... 
 
- Bilirsiz, o işlərin çoxu o vaxtkı prezident Elçibəyin rəhbərliyi ilə və sonradan korpus komandiri olan  Surət Hüseynovun köməyi, pulu hesabına görülüb. Sonradan dövlətçiliyə qarşı mövqe tutması başqa məsələdir, amma real olaraq  orduda Surət Hüseynovun yardımı görünürdü. Və Rəhimi onun yanında özünü necə aparmasının da şahidi olmuşam. Mən bunu görmüşəm...  Rəhim Qazıyevin bu işlərdə o qədər də rolu olmayıb... Düzdü, sonradan Seyfəlidə qruplaşma yaradıldı, briqadalar az-çox formalaşdı. O işi də əsəsən mənim kimi bir neçə peşəkar hərbçi aparırdı. Dəfələrlə mən də Rusiya ordusunun buradan silah-sursat və texnikalarının çıxarılmasının qarşısının alınmasında iştirak etmişəm. Məsələn, Sitəlçayda və Sanqaçalda təyyarələri qaşırmaq istəyirdilər – hər ikisinin qarşısını aldıq... 
 
Və o vaxt  yadımdadır, sonradan müqavilə bağlandı və Rusiya hərbi hissələri silah-sursat və texnikalarını təhvil verib Azərbaycandan çıxmağa başladı... 
 
-Elə  Rusiya ordusunun tərksilah olunub çıxması haqda həmin müqaviləni 1992-ci il aprelin sonunda Rusiya müdafiə nazirinin müavini Pavel Qraçova məhz Rəhim Qazıyev Şəkidə imzalatmışdı... 
 
 - Bəli, o dövrdə belə müqavilə imzalanmışdı. Orada Rəhimin böyük rolu oldu. Amma onu da deyim ki,  Rəhim Qazıyevin nazir işləməsi üçün rahat şərait yaradan  ən əsas o idi ki, o xalq hərəkatının dalğasında vəzifəyə gəlmişdi və ilk vaxtlarda siyasi-ideoloji baxımdan  Xalq Cəbhəsi tərəfindən dəstəklənirdi. Ona görə də əsasən AXC üzvlərindən ibarət yerli özünümüdafiə taborlarının komandirləri və şəxsi heyəti Rəhimin sözünü eşidirdilər, onu sayırdılar.  Amma sözün düzünü desək, ordu quruculuğu əsaslı formada yalnız 1-ci Qarabağ müharibəsi bitdikdən, atəşkəs olduqdan sonra, yəni 1995-ci ildən bəri aparılmağa başlandı... Və Heydər Əliyevin müdrikliyyi ondan ibarət oldu ki, ermənilərlə atəşkəs elan etdi və yalnız bundan sonra dövlətçliyi qurmağa,  ordu quruculuğunu əsaslı şəkildə davam etdirməyə başladı...
 
Rəhim Qazıyev isə düzdü, ordunun bünövrəsinin qoyulmasında müəyyən işlər gördü. Amma bunun əvəzində  Nəcməddin Sadıkova da şərait yaratdı, ona polkovnik rütbəsi verdi, generalların binasında  4 otaqlı ev verdi , maşın hədiyyə etdi.   Hətta ordudan uzaq adamlara da, məsələn o zaman Baş nazirinin birinci müavini olan  Abbas Abbasova,  Hacı Seyfələ də ev verdi. Tramvay parkının direktoru olan Baba Nəzərlini özünə müavin qoydu və ona da ev verdi. Halbuku, peşəkar hərbçi, nazir köməkçisi, idarə rəisi olmağıma və yarıuçuq ikiotaqlı evdə yaşamağıma baxmayaraq mənə ev vermədi... Düzdü, heç Rəhim özü də nazirliyin fondundan ev götürmədi...
 
-Şuşa və Laçın işğal edilən günlərdə Bakıda nələrin şahidi oldunuz?  Həmin rayonlara getməmişdiniz ki, o vaxt?
 
-Doğrusu, Şuşanın işğalıyla bağlı ciddi faktlar yadımda deyil. Həmin günlər Şuşada da olmamışam. Odur ki, sadəcə, hamının bildiyi faktları söyləyə bilərəm. Bircə onu deyə bilərəm ki, biz Müdafiə Nazirliyi əməkdaşlarının yalnız iki gün sonra, mayın 10-da məlumatımız oldu ki, Şuşa işğal olunub... 
 
-O vaxt yadınızdadırsa, Rəhim Qazıyev Laçın alayının ləğv olunması və şəxsi heyət və texnikasının yeni briqada komandiri Elbrus Orucova tabe olması haqda bir əmr imzalamışdı. Sonradan, artıq  illər sonra Rəhim bəy açıqlama verdi ki, o vaxt mənə tələsik imzalatmışdılar həmin əmri. Laçın alayının ləğv olunması məsələsi guya sənədin içərisində yazılıbmış. Rəhim Qazıyevin bundan xəbəri olmayıb. Amma həmin əmr o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin rəhbərliyi ilə hazırlanıb. Görünür, burada da “QRU”-nun əli olub. Bu haqda nazir köməkçisi və idarə rəisi kimi məlumatınız olmuşdumu?
 
-Mən şəxsi heyətlə iş üzrə köməkçi olduğum üçün bu cür sənədlərə birbaşa çıxışım yox idi. Ancaq belə bir əmrin verilməsi, yəni Laçın alayının onu qurub yaratmış  Arif Paşayevin komandirliyindən çıxarılıb birbaşa Elbrus Orucova tabe edilməsi haqda məlumatım vardı...   
O ki qaldı konkret Laçının işğalına... Laçın işğal olunanın ertəsi günü, yəni 1992-ci il mayın 18-də  Baş qərargah rəisi Şahin Musayev və bir neçə digər hərbçi illə  bərabər mən də əvvəlcə vertolyotla Qubadlıya uçduq, oradan da Laçına yollandıq. Rayonun Qayğı qəsəbəsinə çatanda briqada komandiri Elbrus Orucov qarşımıza çıxdı və məlum oldu ki, artıq ermənilər Laçın şəhərinə daxil olub. Və biz oradan geri – Qubadlıya qayıtdıq...
 
-Keçmiş Laçın alayının qərargah rəisi olmuş Rafiq Nağıyev bizə müsahibəsində  belə bir diqqətəlayiq fakt açıqlamışdı: Elbrus Orucov Qayğı qəsəbəsində Şahin Musayevlə rastlaşıb ona Şuşa və Laçının necə işğal olunduğunu məruzə etdikdən sonra deyib ki, cənab general,  çox yorulmuşam, icazə versəniz, məzuniyyətə çıxıb bir az istirahət edərdim. Şahin Musayev də cavab verib ki, get, sənə məzuniyyət verdim... Yəni guya ki, həmin Elbrus Orucov dövlət üçün, xalq üçün bir faydalı iş görüb - Şuşa və Laçının işğalını yox, azad olunmalarını təşkil edib deyə, əziyyət çəkib, indi də istirahət etməlidir... Siz belə bir söhbətin şahidi oldunuzmu? 
 
- Bəli, Laçının qərargah rəisi olan kapitanın da Elbrus Orucovun yanında olması yadımdadır və onun Şahin Musayevdən məzuniyyət istəməsini də xatırlayıram... Şahin Musayev də cavabında rusca dedi ki, “ladno, idi, otdıxay”...
 
-Amma o vaxt belə bir hadisə də danışıldı ki, guya Şahin Musayev Laçından qayıdıb Qubadlıya gələndə həmin rayonun müdafiəçiləri onu girov götürüblər ki, sən Şuşanı, Laçını vermisən, indi də gəlmisən, Qubadlının verilməsini planını cızmağa... Belə bir olay baş verdimi?   
 
-Bəli, biz Laçından qayıdıb Qubadlı icra hakimiyyətinin yanındakı qonaq evinə gələndə Qubadlı camaatı bildilər ki,  Şahin Musayev baş qərargah rəisidir, nazirlikdən gəlib, binanı mühasirəyə alaraq vertolyotumuzu havaya qalxmağa qoymadılar və bir müddət bizi girov saxladılar.. Deyirdilər ki, siz satqınsınız,  Şuşanı, Laçını düşmənə vermisiz, yəqin, indi də gəlmisiz, Qubadlını verməyə... Sonra Şahin Musayev qonaq evindən nazir Rəhim Qazıyevə zəng etdi və o, qısa müddətdə vertolyotla uçub Qubadlıya gəldi və qısa danışıqlar nəticəsində bizi Qubadlı camaatının əlindən aldı. Və biz vertolyotla Bakıya qayıtdıq...    
 
-Mehman müəllim, bəs “QRU” agentliyini artıq etiraf etmiş o vaxtkı baş qərargah rəisi Şahin Musayevlə ondan cəmi bir il sonra həmin vəzifəyə təyin olunmuş Nəcməddin Sadıkovun münasibətləri necə idi? Onları bir yerdə görürdünüzmü heç?
 
(davamı var)
 
-Nəcməddin Sadıkov Azərbaycan ordusuna necə yerləşdi?
 
-Nəcməddin Sadıkova süni nüfuz qazandırılmasında o zaman neft-yağ zavodunun direktoru olan eks-spiker Rəsul Quliyevin hansı rolu olmuşdu?
 
-Surət Hüseynov kim idi? O hansı minvalla korpus komandiri, Milli Qəhrəman oldu?
 
-1992-ci ilin  iyunundan Goranboy-Ağdərə və Kəlbəcər-Laçın, Qubadlı-Laçın istiqamətlərində xeyli uğurlar əməliyyatlar baş verdi? Xalqda artıq böyük inam yaranmışdı ki, Qarabağ işğaldan tamam azad ediləcək və erməni məsələsi birdəfəlik bitəcək, bəs sonra necə oldu ki, ermənilər əks-hücuma başladı və qazandığımız, demək olar ki, bütün uğurlar heç oldu?
 
Bu və digər suallara cavabları  sabiq nazir müavini, polkovnik Mehman Səlimovla müsahibənin davamında öyrənə bilərsiniz.
 
Moderator.az-ı izləyin!
 
Qeyd: Müsahibədə adları çəkilən şəxslərin də açıqlamalarını dinləməyə və yer verməyə hazırıq.
 
Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər