İstiqamət Kəlbəcər... – Elgün Mənsimovun YOL QEYDLƏRİ...
Qarabağ
4139
11 Sep 2021 | 11:44

İstiqamət Kəlbəcər... – Elgün Mənsimovun YOL QEYDLƏRİ...

Ötən həftə Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Kəlbəcərə səfər edib.
 
Moderator.az qrupla birgə Kəlbəcərdə olan jurnalist Elgün Mənsimovun yol qeydlərini təqdim edir:
 
Göygöl rayonunun Toğanalı kəndindəyik, Kəlbəcərə doğru uzanan yolla irəliləyirik, bizi 74 kilometrlik məsafə ayırır. Düz, 28 ildir bu istiqamətə, bu məsafəyə, onun yazıldığı lövhəyə baxıb köks ötürmüşük və məyus halda geri dönmüşük. Bu gün isə köksümüz ötmür, məyus da deyilik, çünki irəli gedirik, Kəlbəcərə, 74-ü sıfırlamağa…
 
Sıfıra yaxınlaşan hər bir kilometr özü ilə qeyri-müəyyən hiss və həyəcan gətirir, əvəzində isə kirs bağlamış yaramız sağalır, köksümüz dinlənir, qürurumuz dirçəlir. Sözün hər mənasında çox ağır bir yoldayıq – Murov dağına qalxıb məşhur Ömər aşırımını o taya aşmalıyıq. Kəskin yoxuş, ensiz döngələr və qalın dumanla üz-üzə idik. Təqribən, bir saat bu qeyri-müəyyənliklə əlləşdik, sürücü həmkarımızla brabər, hamımızın ürəyi eyni templə döyündü. Bir neçə yerdə yoxuşu qalxa bilməyib dayanan minik maşını, eləcə də hərbi təyinatlı bir yük maşınının aşaraq dərəyə düşməsi ürək döyüntümüzü bir qədər də yüksəltmişdi.
 
...Daha bir kəskin yoxuş və bayaqdan bəri həsrətlə gözlədiyimiz, üzərinə “Ömər aşırımı” yazılmış lövhə göründü. Qeyri-ixtiyari, həyəcandan bərəlmiş gözlərimiz güldü. Ayaq saxladıq. Artıq Murovdağın 3260 metrlik zirvəsində idik. Qismən qalın geyinsək də sazağı canımızda hiss etdik. Odur ki, dərindən nəfəs alıb yola davam dedik.
Bundan sonrası eniş idi. Eniş isə yoxuşdan çətin olub hər zaman! Bir neçə dövrə enmişdik ki, solumuzda üç gözlü bulaqla rastlaşdıq. Bizimlə birgə məhz 29 ildən sonra Kəlbəcərə gedən ağsaqqal, kəlbəcərli həmkarımız Aqil Camalın atası Tapdıq Camalov buranın Qiblə bulağı olduğunu dedi. Soyuq suyundan içib bir qədər toxdadıq və yola davam etdik. Duman da yavaş-yavaş çəkilirdi. Günəş işığı və bizdən aşağıda olan bulud topaları Murovdağın gözəlliyini ayaqlar altına sərirdi.
Kəlbəcərin qoxusunu alırdıq artıq. Murovdağın ətəyinə çatanda Prezident İlham Əliyevin avqustun 16-da Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində təməlini qoyduğu Murovdağ tuneli göründü. Yeni inşa olunan bu tunel Toğanalı-Kəlbəcər yolunu qısaldacaq, daha Ömər aşırımını aşmağa, o əzablara qatlanmağa gərək qalmayacaq. Elə ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından bu tunelin tikintisinə qərar verilib. Tunelin uzunluğu 11.6 kilometr olacaq. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu avtomobil yolunun layihə uzunluğu, əslində, 81 kilometrdir. Avtomobil yolu Qarabağın inkişaf planına uyğun olaraq 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır.
Yolçu yolunda gərək... Murovdağ getdikcə arxada qalırdı, artıq Kəlbəcərin kəndlərinə yaxınlaşırdıq. Ara-sıra uçuq-sökük evlər görünürdü, ermənilərin birinci Qarabağ müharibəsindən sonra taladıqları evlər. Yanşaq kəndində idik. Bura vaxtilə Kəlbəcərin ən böyük kəndlərindən biri olub. Hazırda isə bu kənddə həyat əlaməti göstərən heç bir şey yoxdur. Bəxtimiz onda gətirmişdi ki, Tapdıq dayı bizimlə idi. Kəlbəcərin hər daşını, hər qayasını, hətta harada hansı ağacın olduğunu birbəbir yadında saxlayıb və gözləri dolsa da çox həvəslə bizə bələdçilik edirdi. Onun sayəsində Kəlbəcəri daha da yaxından tanımaq imkanımız oldu.
Artıq Ömər Aşırımı ilə Zod aşırımının yolayırıcısında idik. Zoda doğru hərəkətimizi davam etdirərək gəlib çıxdıq qayaların baş-başa gəldiyi yerə. Sanki möcüzəli dərin bir quyunun içərisində idik. Qayaların dibi ilə axan Qamışlı çayının səsi isə bu möcüzəni daha da sehirli edirdi. Kəlbəcərlə ilk tanışlığım idi, ata-babalarımızın yanında Azərbaycanın digər bölgələrinin gözəlliklərindən danışanda deyərdilər – “Bala, sən Kəlbəcəri görməmisən, nə bilirsən gözəllik nədir!”. Bax, onların göstərmək istədikləri yerdə idik...
Bir neçə dəqiqəlik özümüzü buranın sehrinə təslim etdikdən sonra yola davam etdik və gəlib çıxdıq Qılınclı kəndinə. Bizimlə birgə 29 il sonra Kəlbəcərə gələn Qoşqar Babayev məhz bu kəndin sakini idi. O, özündün asılı olmadan, əllərini dağılmış evlərinə tərəf uzadıb “bax, o ikinci ev bizim evdir” - deyə, hönkür-hönkür ağladı... və bir müddət danışa bilmədi. Uşaqlıq, gənclik illəri ilə bağlı bütün xatirələri, hisləri eyni anda oyanmışdı. Bir az toxdadıqdan sonra duyğularını bizimlə bölüşdü:
 “Mənim uşaqlığım, gəncliyim burada, bu qayaların üzərində, bu çayda, bu meşələrdə keçib. Elə hislər var ki, onları keçirəndə kövrəlməmək, göz yaşlarını tutmaq qeyri-mümkündür. Düzdür, kişi ağlamaz. Amma özümdən asılı deyil. Çayda çimdiyimiz günlər yadıma düşdü, sinif yoldaşlarımın çoxu birinci Qarabağ müharibəsində şəhid olub. Onlar yadıma düşdü. Allah hamısına rəhmət eləsin. Bizə bu Qələbəni, xoşbəxtliyi yaşadanların qarşısında baş əyirəm. Bizə torpaq lazımdır, evi hər zaman istədiyimiz şəkildə tikib yarada bilərik, torpağı isə yaratmaq mümkün deyil. Evimiz dağılsa da şükür ki, torpağımız artıq bizdədir, dağlarımız, daşlarımız, çaylarımız bizdədir, başqa bir şey istəmirik...”.
 
Ardı var...
 
Növbəti yazıda Kəlbəcərin təbii gözəllikləri, sərvətləri ilə yanaşı, oradakı erməni vandalizminin əsl üzünü göstərməyə çalışacağıq.
 
Elgün Mənsimov
Link kopyalandı!
Son xəbərlər