Cəmiyyət
1183
12 Aug 2021 | 14:06

"Laçın dəhlizində Azərbaycan əsgərləri də durmalıdırlar"

"Şoyqunun bu sözləri deməyə əsas verir ki, Ermənistan ordusu yox dərəcəsindədir"
 
Qarabağda cərəyan edən hadisələr, Rusiya sülhməramlılarının  özbaşınalığı, Azərbaycanın Rusiyaya etirazı, eləcə də İrana nota verməsi gündəmi zəbt edən hadisələrdir. Qarabağ ətrafında baş verən hadisələrə aydınlıq gətirilməsi üçün yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuza müraciət etdik.  
 
- Yunus bəy, hazırda Qarabağda qeyri-müəyyənlik hökm sürür. Rus sülhməramlıları öhdəliklərinin icrasından boyun qaçırırlar. Ərazidə baş verən prosesləri necə dəyərləndirirsiniz?
 
- Qarabağda baş verən proseslər deməyə əsas verir ki, Azərbaycan antiterror əməliyyatı aparmağa məhkumdur. Bunu zəruri edən amillər mövcuddur. Rusiya sülhməramlılarına Azərbaycanın narazılığı bir tərəfdən, İrana verilən nota digər tərəfdən, üçüncü tərəfdən isə Ermənistan müdafiə nazirinin sərt açıqlaması göstərir ki, Azərbaycan antiterror əməliyyatına başlamalıdır. Yəqin, onlar da proseslərin gedişindən hansısa bir məlumat alıblar ki, Azərbaycan antiterror əməliyyatına başlayacaq. Artıq kosmosdan da şəkillər çəkilib ki, Qarabağda ermənilərin yeni postları, yeni hərbi hissələri  qurulur. Təbii ki, belə vəziyyət Azərbaycanı heç cür qane edə bilməz. Ona görə də düşünürəm ki, antiterror əməliyyatı başlamalıdır. Gec-tez Rusiya da öz yerini bilməlidir.  Azərbaycan Rusiya  tərəfinə inanaraq Laçın dəhlizinə nəzarəti bu ölkəyə vermişdi. Əslində rus sülhməramlıları  Laçın  dəhlizində Azərbaycan əsgərləri ilə birgə nəzarəti həyata keçirməli idilər. Lakin bu təmin olunmadığından İran tərəfi bu marşrut xəttindən istənilən yükü keçirə bilir. Rusiya sülhməramlıları isə öz siyasətlərini həyata keçirirlər. Azərbaycan tərəfi artıq öz sərhədlərini özü qorumalıdır, rus sülhməramlıları ilə birgə Laçın dəhlizindən keçirilən yüklərə nəzarət etməlidir.
 
- Jirinovskinin təhdid dolu fikirlərindən sonra rus sülhməramlılarının qərəzli hərəkətlərini Azərbaycana qarşı təzyiq hesab etmək olarmı?  
 
- Əvvəlcə aydınlıq gətirək ki, rus sülhməramlıları nəyə arxayındır. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun gənclərlə görüşündəki açıqlamasına diqqət yetirin. Nəzərə alaq ki, Şoyqu sentyabr ayından faktiki  olaraq siyasətlə məşğul olmağa başlayacaq. Şoyqu Ermənistan müdafiə naziri  ilə görüşdən sonra birbaşa deyir ki, biz Ermənistana yeni ordunun yaradılmasında kömək etməyə hazırıq. Əslində, Şoyqu bizə məlumat ötürür ki, ermənilərin ordusu yoxdur. Biz ordunun yaradılmasında yardım etməyə hazırıq, ancaq sən Fransadan, Avropadan əlini çək. Guya bunun da nəticəsi kimi Qarabağda modul tipli hərbi baza yaradırlar. Şoyqunun söylədiklərinin sətiraltı mənası odur ki, Ermənistanda ordu yoxdur. Bu baxımdan Rusiya Ermənistana qarşı açıq hücuma keçib, sülhməramlılar isə bizə qarşı həyasızlıq edir. Rusiya Ermənistan tərəfdən bütün sərhədləri nəzarətinə keçirmək istəyir, artıq rus əsgərlərinin Qazax rayonu ətrafına yerləşdirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, Ermənistanın baş nazirinin, müdafiə nazirinin,  revanşistlərin qışqırmağına baxmayın, bu ölkənin ordusu yoxdur.
 
- Rus sülhməramlıları Qarabağda təlim keçirmək istəyir, ermənilərin də həmin təlimlərə qatılacağı gözlənir. Bunu Rusiyanın Qarabağda yeni hərbi baza yaratmaq planı kimi qəbul etmək olar?
 
- Əslində Rusiya ilə Ermənistan həmişə birgə hərbi təlim keçiriblər. İndi   Rusiyanın sosial-iqtisadi vəziyyəti yaxşı olmadığından belə təlimlərə ara verilib. Hazırda Rusiya seçkilərə gedir, ölkə daxilində sosial-iqtisadi məsələlər həddindən artıq yüklənib. Avropa Şurasına üzv dövlətlərin ərazisi boyda Rusiyada yanğın var, ölkədə altı milyon kvadrat kilometr meşə yanğını tüğyan edir. Yanğının əhatə dairəsi Sibir, Tayqa, Arktikaya qədər gedib çıxır, cənubdan sel axını var. Digər tərəfdən, Amerika Rusiyaya pas ötürdü, ordusunu Əfqanıstandan çıxardı. Hazırda Rusiya təkbaşına Taliban ilə üzbəüz qalıb. Belə bir vəziyyətdə Rusiya bütün gücünü ya seçkilərə yönəltməlidir, ya da sadalanan problemləri həll etməlidir. Bu kimi məsələlərin seçkiqabağa qabardılması təsadüfi deyil. Bizim əlimizə şans düşüb tələb edək ki, ya 10 noyabr müqaviləsi yerinə yetirilsin, yerinə yetirilmədiyi tədqirdə Azərbaycan dövləti birbaşa Rusiya qarşısında məsələ qoyur ki, sülhməramlılarını ölkədən çıxart. 10 noyabr sazişinin 4-cü bəndinə əsasən sülhməramlılar müəyyən olunmuş ərazilərdə yerləşdiriləndə paralel olaraq erməni silahlı qüvvələri bütövlükdə ərazidən çıxarılmalı idi. Bu baş verməyibsə, artıq Rusiyaya xəbərdarlıq edildi. Hesab edirəm ki, seçkilərə qədər Rusiyaya bu məsələ ilə bağlı sərt mövqe bildirmək lazımdır. Çünki Azərbaycanın əlinə unikal imkanlar düşüb. Bu unikal imkanlardan maksimum istifadə etmək lazımdır.
 
- Azərbaycanın İrana notası nəyi ehtiva edir?
 
- İran səfiri deyir ki, hələ məsələ araşdırılacaq. A, qardaş,  nəyi araşdıracaqsan? Sənə qardaş deyirik, özün də bizə qardaş deyirsən, amma İran nömrəli maşınlar ermənilərə yük daşıyır. Kor-kor, gör-gör, İranın ermənilərə satılmış bombaları tapıldı, hansı ki, Azərbaycan tərəfə atıblar, lakin partlamayıb, üstündə İranın bayrağı. Ermənilərə qazı verirdin, indi də Qarabağa gedən maşınların içərisində nə aparılır, bilinmir, nömrəni dəyişib Ermənistan nömrəsi ilə ərazidən keçirsən, orada yarı türk, yarı farsca danışanda hamı bilir ki, bunlar İran maşınlarıdır. Bəs nə oldu, Azərbaycanın qələbə çalması üçün fətva vermişdiniz? Azərbaycana bir dəfə də olsun humanitar yardım göndərilməyib ki, müharibədən çıxmış ölkədir, amma ermənilər üçün yük daşıyan maşınların ardı-arası kəsilmir. Belə halda təbii ki, nota verilməlidir.
 
- Necə hesab edirsiniz, üçüncü Qarabağ müharibəsinin başlanması labüd görünür?
 
- Üçüncü Qarabağ müharibəsi başlaya bilməz. Azərbaycan yalnız antiterror əməliyyatı apara bilər. Ermənistanın faktiki olaraq ordusu yoxdur, Azərbaycan kimlə vuruşmalıdır ki? Şoyqu da təsdiq etdi ki, Ermənistanın ordusu yoxdur. Odur ki, üçüncü Qarabağ savaşının olacağı barədə səslənən fikirlər yalan söhbətdir. 44 günlük Vətən müharibəsində gördük ki, ordu ordu ilə vuruşur, indi biz kimlə vuruşacağıq ki? Qarabağda yüz nəfərlik silahlı birləşmə varsa, bu o demək deyil ki, müharibə başlayacaq. Müharibənin şərtləri tamam başqadır, gərək mövcud olan bütün silah-sursat işə düşsün, bu isə yalnız antiterror əməliyyatı ola bilər.
 
Link kopyalandı!
Son xəbərlər