“Tutu” obrazını iki ayrı uşaq oynayıb? - İllər sonra üzə çıxan faktla bağlı ARAŞDIRMA
Cəmiyyət
15076
20 Jul 2021 | 13:33

“Tutu” obrazını iki ayrı uşaq oynayıb? - İllər sonra üzə çıxan faktla bağlı ARAŞDIRMA

“Qaraca qız” filminə diqqətlə baxsanız ilk 5-dəqiqəyə qədər olan bir neçə epizodda Tutu obrazınının körpəliyini görmək mümkündür. 6-cı dəqiqədən sonra isə Tutunun nisbətən böyük yaşda (təxminən 8 yaşında) olan görüntüsünü tamaşaçılar izləyir. Təbii ki, filmdə bu kimi hallar normaldır və çox rast gəlinir. Heç kimə də sirr deyil ki, Tutu obrazını Sevil Zeynalova oynayıb.
 
Heç bir mətbuat orqanına müsahibə verməyən Sevil xanımın Moderator.az-da bir neçə dəfə müsahibəsini də yayımlamışıq. Bəs, görəsən, Tutunun uşaqlığını oynayan o xanım kimdir?
 
Moderator.az mövzu ilə bağlı Tutu obrazının ifaçısı Sevil Zeynalova ilə əlaqə saxlayıb. Uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan müsahibimiz hal-hazırda təqaüdə çıxıb. O mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb.
 
“Bu məsələ heç vaxt şişirdilməyib. Ona görə ki, filmə baxsanız siz özünüz də görərsiniz ki, əvvəldə bir qız oynayır, hansı ki, zəlzələ olur, balaca bir qız orada ağlayır. Daha sonra isə Yusif gəlib Yasəməndən soruşur ki, bu kimdir? Yasəmən deyir ki, bu yetim qızdır, mən bu qıza rəqs etməyi öyrədəcəyəm. Filmdə iki epizodda çəkilib. Bəlkə də daha çox çəkilib, bilmirəm, amma ortalığa çıxmayıb. Yadımda deyil ki, o qız kimdir, amma o vaxt film çəkiləndə deyirdilər ki, atası qəzetdə işləyir. Kino gördüyünüz kimi çəkilib. Mənimlə bağlı bir çox səhnələr montaj olunaraq filmdən çıxarılıb.
 
 
Bu səhnələrdə Piri baba ilə bulaq başında, alma bağında, Leyli ilə başqa bir bağda səhnələrimiz var idi. 5 ya da 6 il bundan əvvəl yadımdadır ki, 23 saylı orta məktəbdə uşaqlarla görüşümüz keçiriləndə o xanım da gəlmişdi. Mən, ümumiyyətlə, nə müsahibə verirəm, nə də ki, görüşlərə qatılıram, sadəcə bir insanın xətrinə getmişdim. Getdim görüşə, məktəbin direktor müavini bizi qarşıladı, gördüm ki, yanında da bir qadın var. Mənə bildirdi ki, bu xanım filmdə sizin körpəliyinizi oynayandır. Baxdım dedim ki, hə, mən bu qadını 4 yaşında görmüşəm, mənim də o vaxt 8 yaşım olardı. Mənə dedilər ki, bu xanımın nəvəsi bizdə 4-cü sinifdə oxuyur, 4-cü sinifdə də Ədəbiyyat dərsindən Süleyman Sani Axundovun “Qaraca qız” əsərini şagirdlərə keçirlər. Sən demə, filmin qəhrəmanlarının uşaqlarla görüşməsinin təşəbbüsü də həmin xanımdan gəlib. O görüşdən məndə şəkillər də var. Biz səhnədə oturmuşduq, 4-cü sinif şagirdləri bizə suallar verirdilər, biz də cavablayırdıq. Çox maraqlı görüş oldu. Sağollaşıb, çıxdıq! Başqa söhbət ola da bilməz. Lap kino fonda gedib, arxivi açsınlar görsünlər ki, Tutunu kim oynayıb. Bəzən olur ki, filmdə bir obrazı iki nəfər oynayır, hər ikisinin adını titrlərə yazırlar. Amma bu o qədər balaca epizoddur ki, onun heç adı titrlərdə də yoxdur” - deyə Sevil Zeynalova bildirib.
 
 
Filmdə Xədicə obrazını oynayan Leyli Axundovanın da fikirlərini soruşduq.
 
“Hamı bilir ki, Xədicə obrazını mən, Tutunu isə Sevil Zeynalova oynayıb. Sözün düzü, həmin qadın indi bilmirəm haradadır? Amma 23 saylı orta məktəbdə “Qaraca qız” filminin qəhrəmanlarının uşaqlarla görüşü olanda o xanım da gəlmişdi. Mən bilirdim ki, həmin xanım filmdə Tutunun lap uşağlığını oynayıb. O, adətən qaraçılarla olan səhnələrdə yer alıb, necə ki, qaraçılar onu götürüb rəqsi, fala baxmağı, pul diləndirməyi öyrədirdilər. Bütün bu səhnələrin hamısını çəkmişdilər, filmi montaj edəndən sonra onun obrazı da demək olar ki, bir neçə səhnədə qaldı. “Qaraca qız” filmindən əsas qonorarı mən almışdım, çünki Xədicə obrazını mən tək oynayırdım” - deyə Leyli Axundova bildirib.
 
 
“Qaraca qız” filminin çəkilməsindən 55 il ötsə də, Tutunun və digər qəhrəmanların yaratdığı qəhrəmanlıq obrazı hələ də yaddaşımızda əbədi iz qoyub. Üstündən uzun illər ötsə də, sevərək izlədiyimiz bu filmin xatirələrimizdə ən yaxşı uşaq filmi kimi qalacağına əminik. Mövzunu davam etdirəcəyik.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər