“KTMT bu məsələyə müdaxilə edə bilməz”
Gündəm
4057
14 May 2021 | 11:58

“KTMT bu məsələyə müdaxilə edə bilməz”

Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən Azərbaycan və Ermənistan arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb. Müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən və 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. 
 
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Bu prosesə Ermənistan tərəfi qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış edir. Ermənistan dövlət sərhədinin pozulduğunu bəhanə edərək, hətta KTMT-ya da müraciət edib. Dünən KTMT bu məsələyə münasibət bildirib. 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Arzu Nağıyev sərhəddə baş verən hadisənin mahiyyətini, ermənilərin yersiz hay-küyünün səbəblərini izah edib.
 
O bildirib ki, Laçın rayonu işğal olunanda Qaragöl deyilən ərazi də ermənilər tərəfindən işğal edilmişdi: “Təmiz suyu olan həmin göldən qarşı tərəf içməli su kimi istifadə edirdi.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan öz sərhədlərini bərpa etməyə başlayıb. Həmin Qaragöl tam şəkildə düşür Azərbaycanın ərazisinə. Ona görə də Azərbaycan Ordusu həmin istiqamətdə sərhədlərin bərpası ilə məşğuldur. Orda hər hansısa təxribatdan söhbət gedə bilməz”. 
 
Arzu Nağıyevin sözlərinə görə, ermənilər həmin göldən içməli su kimi istifadə etdiklərindən belə bir təxribata əl atırlar ki, guya Azərbaycan ordusu tərəfindən o göl zəhərlənir: “Bu, tamamilə yalandır, uydurmadır. Ermənilər Azərbaycan ərazilərini işğal etdikdən sonra həmin gölün də adını dəyişmişdilər. Ermənilər hay-küy salıb ki, guya ora Ermənistan ərazisidir və Azərbaycan Ordusu sərhəddi pozub. Bunun özü də bir siyasi gedişdir. Ermənistan Müdafiə Nazirliyi özü  də bunu təkzib edir. Sadəcə olaraq, onlar seçkiqabağı müəyyən manevrlər edirlər. Nəyin bahasına olursa olsun, biz sərhədlərimizi bərpa edəcəyik. Bizim aramızda demarkasiya, delimitasiya ilə bağlı kommissiya olmadığına görə, biz SSRİ-dən qalma sərhədlərimizi GPRS vasitəsilə müəyyənləşdirərək bərpa edirik”. 
 
“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan heç bir ölkənin dövlət sərhədini pozmamışıq” deyən millət vəkili bildirib ki, KTMT bu məsələyə müdaxilə edə bilməz. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər