4855
05 May 2021 | 11:05

"Mənim bəxtim onda gətirib ki, xanımımla bir yerdə oxuyub, təhsil almışıq..."

Əməkdar artist Emin Əliyev Moderator.az-ın suallarını cavablandırıb.
 
- Emin bəy, bu gün sizin doğum gününüzdür. Sənətçiyə özəl günündə  deyəcəyimiz ən xoş söz də elə hər zaman sənətdə, səhnədə olmağı arzulamaqdır.
 
- Çox təşəkkür edirəm, təbrikiniz üçün minnətdaram. Diqqətiniz həqiqətən də mənə böyük hədiyyədir.
 
- Emin, siz artıq 2 ildir ki, Akademik Musiqili Teatrda çalışırsınız. İstərdim söhbətimizə bu teatra gəlişinizdən danışmağla başlayaq.
- Rəqs sənətinə həvəs məndə uşaqlıqdan yaranıb. Belə ki, məşhur "Cücələrim" rəqs ansamblında oynamışam. Bu sənətin sirlərini ilk illərdə əməkdar artist Elçin Allahverdiyev, Bəxtiyar Comərdov, Xalq artisti Böyükağa Məmmədovdan, Akademiyaya gələndən sonra isə Xalq artisti Yusif Qasımov, Xalq artisti, Şöhrət ordenli Afaq Məlikova, kimi sənətkarlardan öyrənmişəm. Daha sonra Xoreoqrafiya Akademiyasını bitirib, 16 yaşından Dövlət Rəqs Ansamblında işləmişəm. 37 yaşıma kimi bu ansamblda fəaliyyət göstərib, bir çox getdiyimiz ölkələrdə rəqs sənətinin təbliğatı ilə məşğul olmuşuq. 2019 cu ildən isə Akademik Musiqili Teatrda fəaliyyətimi davam etdirirəm. Bu teatrda da uğurlu işlərim olub. Belə ki,  Bayburtda keçirilən “Dədə Qorqud” festivalında məhz Musiqili Teatrın balet truppası və aktyor heyəti ilə birgə çıxış etmişdik . Mən çox sevinirəm ki, Akademik Musiqili Teatrda sənətə, sənətini sevən insanlara böyük qiymət verilir, dəstək olurlar.  Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev sənətlə məşğul olan insanlara böyük diqqət və qayğı göstərir. Mən də bu qayğını hiss edən sənətçilərdənəm. Təbii ki, öncə sənətkar özü özünü qoruyub hörmət etməlidir ki, ətrafdakılar da ona hörmətlə yanaşsınlar. Teatra ilk gələndə balet truppasında təkcə solist kimi çıxış edirdim,  indi isə artıq baletmeyster-xoreoqrafam. 
 
- Akademik Musiqili teatr pandemiyada da fəaliyyətsiz qalmadı. Teatrın aktyor truppası ilə paralel olaraq rəqs kollektivi, ələlxüsus da siz Nəsimi ilində Nəsimi balet-kompozisiyasını hazırladınız, müharibə günlərində "Qalib əsgər"i təqdim etdiniz. Yəqin ki, Nizami ilinə də töhfəniz olacaq?
- Cənab Prezident ötən ili Nəsimi ili elan edəndən sonra hər bir sahədə ədibin yaradıcılığı işıqlandırılmağa başladı. Mən Nəsimi obrazını rəqsin dili ilə oynamaq istəyirdim. Bu mənim üçün bir növ şans oldu. Biz bunu kompozisiya şəklində hazırladıq və təqdimatını etdik. Bundan başqa teatrın sənətçiləri öz məşqlərini onlayn şəkildə edib, tamaşaçılara nümayiş etdirdilər. İstər 20 yanvar, istərsə də Xocalı faciəsi günlərində, ümumiyyətlə məxsusi günlərdə teatr bir neçə sənədli və qısametrajlı film çəkərərək bu günlərə öz dəstəyini göstərmiş oldu. Lori dild desək teatr "Evdə qalmadı". İkinci layihəm müharibə illərində "Qalib əsgər" və "Sarı gəlin" oldu. İnşallah Nizami ili üçün də fikirlərimiz var. Yəqin ki, dahi Nizaminin obrazı yaradılacaq.
 
- Rəqsin dili ilə tamaşaçıları  ələ almaq çətindir?
 
- Ümumiyyətlə, tamaşaçını ələ almaq çətindir, o ki, qalsın rəqsin dili ilə. Bəzən deyirlər ki, Emin özündən razıdır, xeyr mən özümdən razı deyiləm, özümə güvənirəm. Çünki mən bu rəqslə hər zaman nəfəs almışam. Heç bir zaman özündən razı olmayacaqsan. Bu gün bunu oynadımsa daha bitdi deyə bilmərəm. Daha da inkişaf edib, uğur qazanmalısan. Məqsədlərimdən biri də gələn nəslin mənim və bizim ifalarımıza baxıb, həvəslənməsidir. Təbii ki, söhbət bu sənətlə peşəkar səviyyədə məşğul olanlardan gedir. Hər bir sənətdə bu belədir, dayanmaq olmaz, işləmək lazımdır. 
 
- İncəsənət sahəsində bir çox qalmaqallar baş verir, intriqalar olur. Bu rəqs sənətində də belədir?
 
- Mən hər bir zaman qulağımla eşidib, gözümlə gördüyüm nəyəsə inanıram. Təbii ki, mənə qədər olan sənətkarlardan bu haqda müəyyən sözlər eşitmişəm. Amma nə yalan deyim, mənim başıma belə bir hadisə gəlməyib. Bu sənətdə olan insanın lori dildə desək gözü kor, qulağı kar olmalıdır. Ona görə də heç kəsə fikir verməyəcəksən, öz işini görəcəksən. Bu arxaca danışmalar, dedi-qodular hər zaman olub və olacaq da. Əsl sənətkar, əsl peşəkar insan öz sənəti ilə məşğul olmalıdır. Mən hər zaman sənətimlə məşğul olmuşam, rəqsin içindən rəqs çıxarmışam.
- Bu sənətlə məşğul olan şəxs özünü formada saxlamalıdır. Rəqqas kimi pandemiyada özünüzü necə formada saxlayırsız?
 
- Rəqs ilk növbədə idman deməkdir. Mən bu pandemiya ərəfəsində də evdə qalsam da idmandan ayrı qalmadım. Öz velosipedimlə çıxıb idmanı edirəm, qaçmağı sevirəm. İdman etməsəm nəfəs ala bilmərəm.
 
- Rəqqas neçə yaşında səhnə ilə vidalaşmalıdır?
 
- Mən ən uzağı bir il, il yarıma səhnə ilə vidalaşacağam. Sırf xoreoqraf-baletmeyster  kimi qalacağam. Amma idmanı saxlayacağam, çünki mən birinci növbədə özüm formada qalmalıyam ki, qarşımdakı insandan hansısa hərəkət istəyəndə ilk növbədə özüm onu göstərə bilim. Mən səhnəni də hörmətlə tərk etmək istəyirəm 
 
- Emin bəy, gördüyünüz işlər,  etdiyiniz layihələr göz qabağındadır. Amma sizin kimi sırf sənət təbliğatçıları bir o qədər də geniş tamaşaçı kütləsi tərəfindən tanınmır. Buna səbəb nədir?
 
- Çox doğru qeyd etdiniz. Elə rəqqaslar var ki, biz onlarla 50-dən xarici səfərlərdə çıxış etmişik, elə ölkələr olub ki, hətta 10-12 dəfə getmişik. Bir sözlə Azərbaycan mədəniyyətini təbliğ etmişik. Amma adlarını çəksəm bəlkə də bir çoxlarınız onları tanımayacaqsız. İndiki zamanda efirlərdə bir çox verilişlər var ki, bəlkə də biz orada olmalı deyilik, amma peşəkarlar hər bir yerdə olmalıdır. Mən rəqs sənəti ilə məşğul olanlardan danışıram. Əgər biz bir yerdə Azərbaycan rəqslərini və mədəniyyətini yaşadıb bütün dünyaya tanıdırıqsa o televiziya verilişləri bizləri dəvət etməyə özləri marağlı olmalıdırlar. Sağ olsunlar, bundan şikayətim yoxdur, dəvətlərimiz kifayət qədərdir. Hər bir sənətin peşəkarını qorumaq lazımdır.
 
- Həyat yoldaşınız, tanınmış xoreoqraf Kamilla Əliyeva da bu sənəti sizinlə bölüşür. Yəqin ki, birlikdə rəqs etdiyiniz səhnələr də olub. Ümumiyyətlə həyatda tərəf müqabili çətindir yoxsa səhnədə?
 
- Həyatda heç nə asan deyil, hər zaman bir çətinliklər var. Mənim bəxtim onda gətirib ki, biz bir yerdə oxuyub, təhsil almışıq. Bir-birimizə çox dəstək olmuşuq, oluruq da. Ona görə də sənətimizlə nəfəs alırıq. Çox istərdik ki, ardımızca gələn nəsil də sənəti peşəkar səviyyədə yaşatsın.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər