Bizi sosial şəbəkələrdən izləyin:
"Ukrayna Prezidenti Vladimir Zelenski ikitərəfli münasibətləri müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedə bilməz. Çünki Ukrayna tərəfi Rusiyanı “təcavüzkar ölkə” hesab edir".
Moderator.az “TASS” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov səsləndirib.
Ukrayna telekanalında verilişlərdən birində bu ehtimal müzakirə edilərkən Reznikov deyib: “Müharibə zamanı paytaxta gedib təcavüzkar ölkənin nümayəndəsi olan bir şəxslə görüşə bilməzsiniz. Düşünürəm ki, bu bir az qəribə təklifdir".
Baş nazirin müavini əlavə edib ki, Rusiya və Ukrayna prezidentləri arasında görüş baş tutarsa, 2019-cu ildə olduğu kimi "Normandiya formatı" (Almaniya, Rusiya, Ukrayna, Fransa) çərçivəsində keçirilməlidir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu bildirmiş və onun görüşmək təklifinə belə cavab vermişdi: “Son vaxtlar Ukraynanın hazırkı rəhbərliyi Rusiya-Ukrayna münasibətlərini məhv edən bir çox addım atdı. İkitərəfli münasibətlərin problemləri arasında, Kiyevin Rus dilinə və Rus Pravoslav Kilsəsinə münasibətini göstərmək olar. Ukrayna hökuməti Donbassdakı münaqişənin tənzimlənməsini istəyirsə, ilk növbədə LXR və DXR ilə (qondarma “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” – red.) dialoq aparmalıdır, daha sonra isə Kremllə”.