İlqar Vəlizadə: “NATO nə Ukrayna, nə də Gürcüstanı üzv qəbul etməyə tələsmir, səbəb...”
Son vaxtlar Ukrayna-Rusiya münasibətlərinin yenidən gərginləşməsi müşahidə edilməkdədir.
Maraqlıdır, NATO-ya üzvlük Rusiyanın hərbi-psixoloji təzyiqlərindən əziyyət çəkən Ukrayna, Gürcüstan kimi dövlətlər üçün xilas yolu sayıla bilərmi?
Moderator.az-a açıqlama verəm politoloq İlqar Vəlizadə NATO-nun Rusiyanın hərbi təzyiqinə məruz qalan dövlətləri öz sıralarına qatmağa tələsmədiyini bildirib:
“Hər şeydən öncə qeyd edək ki, NATO bu kimi dövlətləri öz sırasına qəbul etməyə tələsmir. Əgər NATO bunu istəsəydi, o zaman bu addımı illər bundan öncə atardı. NATO bu dövlətləri üzvlüyə qəbul etsə, o zaman bu qurum üçün hərbi risklər çoxalır. Bu isə NATO-nun marağına uyğun deyil. NATO rəhbərliyi hesab edir ki, Rusiya ilə açıq qarşıdurmaya gedilsə, o zaman Rusiya öz imkanlarından istifadə edib NATO dövlətlərinin maraqlarını digər regionlarda sıxışdırmağa cəhd edəcək. Çinlə daha sıx münasibətlər quraraq NATO ölkələri üçün ticari-iqtisadi risklər də yarada bilər. Buna görə də NATO Ukrayna və Gürcüstanı üzv qəbul etməyə tələsmir. Hazırkı vəziyyət bundan ibarətdir”.
Seymur ƏLİYEV