Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Vətən müharibəsində şəhid olan leytenant Rusif Yusif oğlu Kazımovun doğum günüdür.
Moderator.az xəbər verir ki, R.Kazımov 1997-ci il martın 29-da Cəlilabadın Uzuntəpə kəndində anadan olub. Ailədə iki qardaş və bir bacı olublar. Rusif isə evin böyük oğlu olub. Eldəniz Yusubov adına orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına liseyə qəbul olunub.
Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi başa vurduqdan sonra leytenant kimi ordu sıralarında xidmətə başlayıb. Ağstafada xidmət edən zabitimiz bir il nişanlı qalıb. İyul ayında isə karantin olduğuna görə toysuz ailə qurub.
Kəşfiyatçı olan zabitimiz 27 sentyabrda döyüşlərə qatılıb. Murov dağı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı ayağından yaralansa da, ayağını sarıyaraq döyüşə davam edib. Daha sonra Kəlbəcər və Şuşa uğrunda gedən döyüşlərə qatılıb. Noyabrın 5-də Laçın koridoru istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid olandan sonra cibindən dörd dənə konfet çıxıb.
Şəhid zabitimiz ölümündən sonra ölkə başçısı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün şəhid zabitimizin 24 yaşı tamam olur.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn