2020-ci il sentyabr ayının 27-də əks-hücum əməliyyatları ilə başlayan və noyabr ayının 10-da qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi.
Xalq-iqtidar birliyi nəticəsində düşmənə ağır zərbələr vuruldu və Ermənistan Respublikası təslim olmağa məcbur oldu. Qüdrətli ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi ilə qələbənin təmin olunması ilə Azərbaycan xalqının haqq səsi dünya ictimaiyyətinə çatdırılmış oldu. Eyni zamanda, əsrlər boyu davam edən erməni yalanları ifşa edildi, xalqımızın vətənpərvərliyi, qələbə əzmimizin və ölkəmizdə xalq-iqtidar birliyinin və həmrəyliyin rəmzi olan Dəmir Yumruğun ən dolğun şəkildə həm həqiqi, həm də mənəvi amillərlə nümayiş olunmasına səbəb oldu. Vətən Müharibəsində dil, din, əqidə, partiya mənsubiyyətindən asılı olmayaraq hamı dəmir yumruq kimi bir amal ətrafında birləşdi və onun uğrunda mübarizə aparıdı. Ona görə də bu birliyə arxalanan əsgərlərimiz son damla qanına qədər döyüşdü və Azərbaycan qalib gəldi.
Düşmən üzərində qələbənin qazanılmasında diplomatiya sahəsindəki uğurlarımızın da müstəsna rolu oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin döyüşlərin getdiyi bir vaxtda ermənilərə havadarlıq edən dairələrin təzyiqlərinə və aparıcı xarici ölkələrin mətbuat nümayəndələrinin qərəzli suallarına təmkinlə, əsaslı faktlarla cavab verməsi Ermənistan tərəfindən başlanmış müharibədə Azərbaycana uğur qazandırdı. Ermənistanın kapitulyasiyasını ifadə edən üçtərəfli 10 noyabr Bəyanatı ümumilikdə Azərbaycanın Ermənistan üzərində qələbəsini rəsmiləşdirdi. İmzalanan üçtərəfli bəyanata görə işğal edilmiş Ağdam, Kəlbəcər, Laçın rayonları heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verildi və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilmiş oldu, hazırda iki ölkə arasında dövlət sərhədlərinin bərpası işləri də davam edir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi istiqamətində mühüm işlər aparılmaqdadır.
2020-ci il dekabrın 10-da Azərbaycanımızın paytaxtı Bakının Azadlıq meydanında keçirilən təntənəli Zəfər Paradı ölkəmizin mövqeyini daha da
möhkəmləndirdi, vətəndaşlarımızı daha yüksək əhval-ruhiyyəyə köklədi. Hazırda ölkə rəhbərinin başçılığı ilə azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə start verilib. Onu da xatırlatmaq yerinə düşərdi ki, hətta müharibə davam edən dövrdə də Azərbaycan dövləti bərpa və yenidən qurma işləri aparırdı. Müharibənin ilk günlərində işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində avtomobil yollarının bərpası işləri aparıldı. Bundan sonra da bərpa və yenidənqurma prosesi daim davam edəcək və işğaldan azad olunan ərazilərimiz cənnətə çevriləcəkdir.
Azərbaycanın möhtəşəm qələbəsindən cəmi bir həftə sonra Ali Baş Komandanımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına və şəhərlərinə səfər etdilər. Bu səfər əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Ölkə başçısının işğaldan azad olunan rayonlara səfərləri, həmin ərazilərdə Azərbaycan bayrağını ucaltması, yeni infrastruktur obyektlərinin təməlini qoyması, təmir-bərpa işləri ilə yerində maraqlanması Böyük Qayıdışın yaxında olduğunu bir daha əks etdirir.
Yenilməz sərkərdəmiz, möhtərəm Prezidentimiz İlham Əliyev uzun illərdir həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində mövqelərimizi daha da möhkəmləndirərək 2019-cu ildə “Qarabağ Azərbaycandır və Nida” kəlamını yüksək beynəlxalq kürsüdən səsləndirdi, 2020-ci ildə isə xalq-iqtidar birliyinə söykənən Dəmir Yumruqla düşmənin layiqli cavabını verdi, müstəqil dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın ən yeni tarixi gözümüzün qarşısında parlaq və böyük hərflərlə yazıldı.
Solmaz Sadıqova,
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti