“Evlərimiz suyun içində, maraqlanansa yox
Cəmiyyət
3124
01 Mar 2021 | 11:36

“Evlərimiz suyun içində, maraqlanansa yox" - Sakinlər Sabunçunun icra başçısını axtarır...

Gözdən uzaq Bakı kəndlərində insanlar qış aylarında çətinliklərlə üzləşirlər. Sabunçu rayon Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivində də sakinlərin yaşadıqları evlər illərdir ki, su içində qalır. Buna səbəb isə massivdə kanalizasiya sisteminin olmamasıdır və həm də rayon rəhbərliyinin diqqətsizliyidir. 

Moderator.az-ın əməkdaşı qəsəbədə sakinlərlə görüşüb və problemi araşdırıb. Onlar Sabunçu rayon İcra Hakimiyyətinin laqeyd münasibətindən gileyləniblər. İllərdir ki, yolları bərbad olan sakinlərin dadına iki il öncə Birinci vitse-prezident Mehriban xanım Əliyeva çatıb. Belə ki, 2019-cu il mayın 18-də Pir Həsən ziyarətgahında Kürdəxanı sakini Telman Əliyevlə görüşərkən Mehriban xanım Kürdəxanı qəsəbəsinə dəvət edilib. Bundan sonra mayın 21-də birinci xanım Kürdəxanıda T.Əliyevin evində qonaq olub. Sakinlərin problemi ilə maraqlanan M.Əliyevanın diqqətinə qəsəbədəki problemlər çatdırılıb. Onun göstərişindən sonra qəsəbənin 97 küçəsinə asfalt örtüyü çəkilib və orta məktəbi əsaslı təmir edilib. Hətta qəsəbədə Mehriban xanımın göstərişi ilə park da salınıb. 

Sakinlər deyir ki, parkın açılışında Mehriban xanım Əliyeva iştirak edərkən Sabunçu rayon icra başçısı Adil Vəliyevin üzünü görüblər. Ondan sonra nə icra başçısı, nə  də bələdiyyə işçilərindən bir nəfər onların problemi ilə maraqlanmayıb. 

Qəsəbənin yeganə problemi yeni yaşayış massivlərindəki kanalizasiya problemidir. Sakinlər deyir ki, ancaq yay aylarında bələdiyyə işçiləri gəlib deyir ki, vergi borcunuzu ödəyin. Amma qışda heç kim qapımızı döymür. Çünki bilirlər ki, evlərimizin su içində olmasıyla bağlı onlardan tələbimiz olacaq. 

Əslən Tovuz rayonundan olan qəsəbə sakini Zahid Quliyev indi evini satıb doğma kəndində qayıdacağını deyir:

“Bu yeri bizə satanın yurdu dağılsın, oğul. Suyun içindəyik. Həyətdə bir ağac belə əkmək olmur. İndi fikrim var ki, evi satıb doğma kəndimə qayıdım, amma bu suyu görən adam evimi alarmı? Bura sanki məmurların yaddından çıxan bir yerdir. Heç kim bizimlə maraqlanmır. Sakinlər deyir ki, gəlin pul yığıb özümüz kanalizasiya çəkək. Mən pensiya alıram, o pulla özüm dolanım, yoxsa kanalizasiya çəkim?”.

Beyləqandan Bakıda yaşamaq arzusuyla Kürdəxanı qəsəbəsindəki massivdə özünə ev-eşik tikən Nadir Əhmədov da eyni dərddədir. Deyir ki, özüm bənna işləyirəm, aldığım pulu da ancaq torpağa verib həyətə tökürəm ki, su evimi basmasın:

 “Uşaqlarımız körpədir, suyun içində böyüyürlər. Bu xəstəlikdi axı. Qrunt suları evin zirzəmisini basıb. Amma bu heç kimin vecinə deyil. Gedib bələdiyyəyə də şikayət etmişik, amma heç bir xeyri olmayıb”.

Vasif Əlihüseyn

Link kopyalandı!
Son xəbərlər