Uzaqdan adamla bərabər bir kölgə gəlir. Get-gedə kölgə bu adamı yola salırmış kimi yox olur. Adamın özü böyüyür. Böyüyür, böyüyür dağ boyda bir adam olur.
Sonra bu dağ boyda adamın səsi eşidilir. Ürəyə yatımlı səslə sözün qarışıq cazibəsi səni özünə çəkir. Sözü səsə çevirib diqqətinə hakim kəsilən, hələ üzünü görmədiyin bu adama qarşı içindən bir doğmalıq hissi baş qaldırır. Bu doğmalıqda rahatlıq tapırsan. Tapınırsan.
Səs doğma, söz doğma, insan doğma.
Səs Azad, söz Azad, insan Azad.
Yaxınlaşdıqca sakit, səlis danışıqlı, qaltan səsli bu adamın sənə dikilən baxışının deyəcəyi sözü görürsən. Gördüyünlə kifayətlənmək istəmirsən. Baxışların sözlə ifadəsini eşitmək keçir könlündən. Qəlbinin səsiylə hərf-hərf, heca-heca sözü yaddaşlara həkk edən səsini.
Bu ağır taxtalı adam yeridikcə qabarıb çəkilən yer titrəyir.
O, hər dəfə taxta döşəməli səhnəyə çıxanda narahat oluram. Elə bilirəm ki, taxta döşəmə o ağır taxtalı adama tab gətirməyəcək. Sonra onun səhnəyə öyrəşdiyi kimi, səhnənin də ona öyrəşdiyini hiss edirəm. Səhnə, ifa etdiyi rol bu ağırlığı özündə paylaşır.
Sənətkar ifasıyla sözə, rola ağırlıq, sanbal gətirir.
O, səhnədə mənə Ələsgər Ələkbərovu, Səməndər Rzayevi xatırladır. Sonralar bildim ki, bu böyük sənətkarlar onun sevdikləri, pərəştiş etdikləri, mənəvi müəllimləridir.
Canlı söz sənəti sənətlərin ən qədimidir.
Nitqin anlaşıqlı və təsirli olmasının ən mühüm şərti onun orijinallığındadır. Eynən Azad Şükürovda olduğu kimi.
Azad Hətəm oğlu Şükürov 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Kənd orta məktəbində oxuyarkən ilk dəfə səhnəyə çıxıb.
Aktyor olmasa hansı peşəni seçəcəyini bilmir. Bu elə “aktyor olardım”, deməkdir.
Sənətə, peşəyə vurğunluq da ilk sevgi kimidir. İlk baxışdan vurulmaqdır: “Etiraf edim ki, aktyor olmaq barədə heç fikirləşməyim də olmayıb. İlk dəfə orta məktəbdə oxuyanda Ağdamda tez-tez teatra aparırdılar bizi. Hər şey o vaxtlar oldu. Teatrı sevməyim də, aktyor olmaq istəyim də...”
Ağdam Dövlət Dram Teatrında Ə. Haqverdiyevin “Dağılan tifaq” tamaşasına baxanda səhnədən anlayışı olmayan Azadı teatrın qırmızı pərdələri, işıqları, musiqi, aktyorların ifaları, geyimləri və onlara olan diqqət özünə çəkdi. Öz təsirinə saldı. Azad axtardığını tapdığını düşündü.
Teatrdan, şəhərdən necə çıxdığını heç özü də bilmədi. Qarqar çayı, Xatın arxı onun qəribə, dalğın baxışlarını görüb, duyğularının başqa bir aləmdə olduğunu hiss edib, bir anlıq dayandı. Azad özünün də anlamadığı sözləri, ifadə etdiyi fikirləri, təəssüratları onunçün, sanki hər gün eynən, təkrarən axan doğma sulara danışdı...
Hər şeydən qabaq axar sular eşitdi onun düşüncələrini, sevinclərini. Azadın arzularını ilk dəfə o sular çıxartdı Ağdamdan.
Azad o suların aydınlatdığı, durultduğu fikirlərin, istəklərin ardınca Bakıya gəldi.
1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə) daxil oldu. Aktyorluq şöbəsini fərqlənmə diplomu ilə bitirərək təyinatla N.B. Vəzirov adına Lənkaran Dövlər Dram Teartına göndərilən Azad Şükürov teatrın səhnəsində yadda qalan rollar oynadı.
1984-cü ilin sentyabr ayından indiki ADMİU-nun Tədris Teatrında fəaliyyət göstərməyə başlayan və burada da bir-birinin ardınca maraqlı və orjinal obrazlar yaradan A.Şükürov 1990-cı ildən “Səhnə danışığı” kafedrasında müəllim, 1996-cı ildən baş müəllim, 2002-ci ildən dosent, 2001-2006-ci illər ərzində kafedra müdiri vəzifələrində calışdı. 2015-ci ildən yenidən kafedraya rəhbərlik edir.
Azad müəllim ifaçılıq və pedaqoji fəaliyyətlə məşğul olmaqla bərəbər dövri mətbuatda 20-yə yaxın elmi məqalənin, “Televiziyada danışıq” programı (1990), “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər (1998), “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin (2006) və “Səhnə danışığı dərslərində “Görmə kinolenti”-nə aid çalışmalar” adlı metodik göstərişlərin, “Səhnə danışığına dair müntəxibat” dərs vəsaitinin (Dosent K. Mehtiyeva ilə birlikdə) müəllifidir. Müxtəlif kitab, qəzet və jurnallarda onun yaradıcılığı haqqında 30-a yaxın məqalə və müsahibələr çap edilib.
Azad Şükürov 1992-ci ildən qaçqınlıq həyatını yaşayan Şuşa teatrının Bakıda fəaliyyət göstərməsi ücün əlindən gələni əsirgəməyib və bir müddət burada aktyor kimi calışıb. Onun yaradıcılığının mühüm bir dövrü Bakı Bələdyyə Teatrı ilə bağlıdır. O, 1993-cü ildən 2008-ci ilədək müqavilə əsasında fəaliyyət göstərdiyi Bakı Bələdiyyə Teatrında xeyli sayda yadda qalan rollar oynayıb.
Azad Şükürov 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Dəfələrlə xarici ölkələrdə Azərbaycan teatr sənətini layiqincə təmsil edib. Onun aktyorluq məharəti 2003-cü ildə birinci Tehran Beynəlxalq Komediya festivalında Qızıl medala layiq görülüb.
Azad Şükürovun kino yaradıcılığı da zəngindir. Kino aktyoru kimi onun bədii filmlərdə, teleseriallarda, film-tamaşalarında və bədii-sənədli portret filmlərində yaratdığı və tamaşaçıların rəğbətini qazanmış müxtəlif xarakterli rollar sənət adamlarının da diqqətindən yayınmadı.
Bütün bunlarla yanaşı A.Şükürovun 100-dən çox filmin Azərbaycan dilində səsləndirilməsində və neçə-neçə radio teatrında iştirakı lentlərin yaddaşında qorunub saxlanmaqdadır.
Azad Şükürov ömrünü müəllimliyə həsr eləsə də, aktyordur. Dərs vaxtı auditoriyada ən çətin məqamlarda nəyisə göstərmək, izah etməkdə köməyinə çatan da elə aktyorluğudur. Hətta zaman-zaman ondan asılı olmayan səbəblərdən teatrdan uzaq düşsə də, bu gün teatrda işləməsə də, teatrı unutmadı. Yaradıcılıqdan da kənarda qalmadı.
O, Azərbaycan teatr korifeylərinin, xüsusilə ustadı, Xalq artistləri, professor Rza Təhmasib və Əliabbas Qədirovun aktyorluq məharətindəki realist ənənələri öz sənətində yaşadan, inkişaf etdirən zəhmətkeş pedaqoq aktyorlardandır. Rol üzərində işləyərkən orjinal ştrixlərdən istifadə edərək təcəssüm etdirdiyi surətin daxilinə nüfuz etməyi bacarır.
Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir.
Əbu Turxan
“Yaxşı rolu sevdirmək asandır. Aktyorun bacarığı, məharəti ondadır ki, mənfi obrazı tamaşaçıya sevdirsin” −deyən Azad Sükürov Rza Təhmasib məktəbinin yetirməsi olaraq xarakterik rollara özünü daha yaxın hesab edir. O, yaratdığı obrazları elə canlandırır ki, insan real həyatda ona ekvivalent adamı görür. Gözü qarşısında canlandırır. Budur sənətkarlıq, budur profesionallıq.
Azad müəllim deyir ki, “Vicdan haqqı” filminin çəkilişi ilə bağlı bölgələrin birində olanda, bir qrup gənc aktyorların hamısı ilə gəlib görüşdülər, təkcə məndən başqa. Yəni filmdə nifrət etdikləri “Qırmızı Telman”dan başqa. Doğrusu bir az pərt oldum.”
Əslində, ona olan bu münasibət, davranış onun aktyor olaraq yaratdığı fərqli xarakterili obrazı dolğun yaratdığından, təbiliyindən irəli gəlir.
Bütün varlığı ilə teatra bağlı olan Azad Şükürov: “Normal aktyor səhnədə də, kamera qarşısında da özünü rahat hiss eləməlidir.
Müasirliyi göstərmək üçün vacib deyil ki, bugünkü gündən bəhs edən mövzulu əsəri oynayasan. Ola bilər ki, klassik bir əsər oynayasan və orda elə bir müasir məsələləri qoyasan ki, adamın papağı başında fırlansın.
Oynadığın obrazlarda özünün xarakterinə uyğun keyfiyyətlər də olur. Hər bir obrazda aktyorun “mən”indən nəsə var.
Yaratdığı mənfi obrazlarda aktyorun xarakterinə oxşar cəhətlər olduğundan rol gözəl, ürəyə yatımlı olur” −söyləyir.
Özünəməxsus, yadda qalan obrazlar yaradan Azad Şükürov “Rollarımı pis oynasaydım, qoymazdım onlar çəkilsin. Yaratdığım rolların hamısından razıyam” −deyir.
Ən çox xoşuna gələn rolları isə bu günə qədər oynadığı rollarıdır.
Məncə Azad Şükürov müəyyən mənada rejissorların yadından çıxmış aktyorlardandır.
“İstədiyim rolları oynaya bilməmişəm. Özü də günahı yalnız özümdə görürəm. Bəlkə də hansı məqamdasa inadkar olmamışam. Bəlkə də qürurum mane olub. Bilmirəm...” −deyən Azad Şükürovun oynamadığı rolları oynadıqlarından qat-qat çoxdur. O qədər çox ki sadalamaq istəmir. Arzuladığı rolların bəziləri ürəyində qaldı. Artıq yaş o yaş deyil.
İstəklərindən biri İsmayıl Şıxlının “Ölən dünyam” romanının ekran variantını görmək və burada rol almaqdır...
O, butun aktyorlara hörmətlə yanaşır: “Əgər Afrikadakı cəngəlliklərdə üzünə kömür sürtüb tamaşaçı qarşısına çıxan birisi varsa, ona da hörmətim yerdən göyə qədərdir.
Donatas Banionis, Yevgeni Lebedev, Aleksey Petrenko, Filipp Nuare, Denni Ayello, Səməndər Rzayev bir də ki, ustadım Rza Təhmasib, mənə dərs deyən Əlabbas Qədirov və digər sənət adamları hörmətlə xatırladıqlarım, böyuk həvəslə yaratdıqlarını seyr etdiyim sənətkarlardır”.
Azad Şükürov fikirlərində azaddır.
O, teatrın durumundan narahatdır.
Onun dramaturgiyaya baxışı başqadır. Fərqli quruluşların tərəfdarıdır. Yeni baxışın, yeni nəfəsin gəlməsini istəyir.
Yanaşmanı başqa cür həyata keçirməklə bir çox əsərləri səhnədə fərqli quruluşda görmək istərdi: “M.F. Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini tamam başqa formada, başqa baxışla səhnəyə qoyardı. Qarabağa üç istiqamətdə: rus canişinin məktubunun, fransız qonağın və fars cadugər Məstəli şahın gəlişi və bu üç (rus, fransız və fars) oxun Qarabağdakı sakit həyatı alt-üst etməsini necə diqqətdən kənarda qoymaq olar. Yəni Rus üsul idarəsində çalışan və çox şeydən xəbərdar olan Axundovun alt yapıda çatdırmaq istədiklərini göstərərək.
C. Məmmədquluzadənin “Ölülər” əsərində kefli İsgəndər obrazını əsərin orjinalında sıralamada baş qəhrəman kimi ön sırada verməməsinə diqqət çəkərdim. Demək ki, müəllifin əsərdə çatdırmaq istədiyi fikir uzun illərdir adət etdiyimiz “mühit İsgəndəri başa düşmədi” kimi əsassız məntiqdən fərqlidir, bambaşqadır”.
Azad Şükürov xarakterik rollar aktyorudur.
Xarakterik rollar daha çox ürəyinə yatır. Çünki xarakterik obrazlarda yaxşı materiallar olur. Elə rejissorların onu daha çox görmək istədikləri molla rollarında da. Burada obrazı açmaq üçün imkan var.
“Aktyorluq yüngüllük demək deyil. Aktyor cəmiyyətin ən ziyalı, ən ağıllı insanlarından biridir” −deyir.
O, davranışı, hərəkəti, sözü-söhbəti ilə sənətə sanbal, ciddilik gətirir.
Lənkəran Teatrında Azad Şükürovun iştirak etdiyi "Ölulər"-i, Tədris Teatrının " Müsyö Jordan və Dərviş Məstəli şah”-ı, Bələdiyyə Teatrının "Tomris"-i, "Mənim şəhərim"-i, "Nadir Şah"-ı, "Dəli Domrul"-u, "Ölülər"-i televiziyamızın fondunda qorunur. Bu fonda qeyri-rəsmi qızıl fond deyilir.
Teatrı, kinodan çox sevir. Çünki teatr canlı sənətdir. Teatrda aktyor tamaşaçı ilə nəfəs-nəfəsədir. İfanın cavabını, reaksiyanı anındaca alır. Alqışları da...
Səhnə üçün çox darıxıb. Səhnədən ayrılan, ancaq onun cazibəsindən çıxa bilməyən, daima ona can atan, yuxularında hələ də səhnə görən aktyorlar kimi. Sudan ayrı düşən balıqlar kimi...
Azad Şükürov nikbindir. Ümidlidir.
“Mən ömrüm boyu müəllim işləmişəm. Amma hər zaman aktyor olmuşam. Elə sonacan da aktyor olacağam.” −söyləyir istedadlı aktyor.
Tələbələrindən razıdı: “Hamısı mənim üçün əzizdir. Əlbətdə biri qoçaq olur, biri tənbəl olur. Uca Tanrı istedadı, qabliyyəti birinə az verib, birinə çox. Hər halda mən onlardan çox razıyam”.
O, tələbələrinə yaradıcı insanlar kimi baxır. Tələbələri öyrətməklə bərabər, həm də onlardan öyrənir.
Tələbələrin yüksək ifaçılıq mədəniyyətinə malik olan aktyorlar kimi yetişməsi ilə yanaşı, onların arasında elə bir səmimi atmosfer yaradır ki, bu gənclər çəkinmədən müəlimlərinin səhvini deyə bilsinlər. O, bu atmosteri, normal, ağıllı münasibəti çox vacib sayır. Azad müəllim istəyir ki, Azərbaycan kinosunda, teatrında, televiziyasında, radiosunda cəsarətli insanlar olsun. Tələbələrin cəsarətləri əllərindən alınsa, onlar həyatda normal addım ata bilməyəcəkləri düşüncəsindədir. O, istəyir ki, Azərbaycan mədəniyyətində cəsarətli aktyorlar çox olsun. Və onlara cəsarətli olduqlarına görə hörmət edildiyini hiss etsinlər.
Azad Sükürov ailədə, həyatda əxlaq və tərbiyəyə daha çox fikir verdiyi kimi, auditoriyada da əxlaqlı, tərbiyəli və istedadlı tələbələrə önəm verir.
Azad müəllim tələbələrə sənətlə bərabər həyatı da öyrədir. Gəncləri önə çəkmək, onlara şərait yaradıb etibar etməyi vacib sayır. Sənətdə cəsarətli olmağı, cəsarətli sənətçiləri sevir.
Cəmiyyət yaxşı müəllimlərin sayəsində təşəkkül tapır.
Poeziya - ürəkləri məftun edən müdriklikdir. Müdriklik isə fikir himnini ifa edən poeziyadır.
Cübran
“Poeziya çox əzəmətli bir məvhumdur. Onun qarşısında həmişə acizəm, gücsüzəm. Poeziya mənim yeganə qərəzsiz dostum, arxam-dirəyimdir. Zaman-zaman səhnədən uzaq düşəndə poeziya, yəni bədii qiraətlə məşqul olmağım mənim köməyimə gəlib. Özü də hər cəhətdən. Mənəvi baxımdan da, maddi tərəfdən də. Poeziya mənim zövqümü formalaşdırıb, dünyaya baxışımı cilalayıb, məni Allaha bir addım yaxınlaşdırıb”. −deyən, sözə həssas olan Azad Şükürov bir qiraətçi kimi yaxşı, səmimi şeirlərə üstünlük verir.
Azad müəllimin düşüncələri, fikirləri, yanaşmaları maraqlıdır: “Şair (R.T) bizim hər gün gördüyümüz, ovcumuzun içi kimi bildiyimiz şeyləri tamam fərqli formada elə ifadə edir ki, ona təzədən baxmalı olursan” .
Azad Şükürov mahir qiraət ustasıdır.
O, şeiri ruhuna hopdurur. Şeiri yaşayır. İçinin süzgəcindən keçirir. Vurğusuyla, pauzasıyla, ritmiylə, tempiylə... Şeirə bir canlılıq gətirir. Şeirdə ilk baxışda, hətta şairin özünün fərqində olmadığı məqamları qabardır. Şeirə yeni ruh, yeni həyat verir. Bu onun səsləndirdiyi hekayələrdə, əsər parçalarında, təqdimatlar da belədir.
Şeir bədii qiraətçilərin, sənətkarların ifaları ilə insanlara daha tez, daha yaxşı çatdırılır. Şeirə ikinci nəfəs verilir. Bu şeirlər şair və qiraətçinin məhsuluna çevrilir.
Sözə dəyər verən Azad Şükürovun özünəməxsus söz seçimi, ifadə tərzi, fikirləri də gözəl və dəyərlidir.
Qiraətçinin istedadı sözü duymaq, anlamaq, onu canlandırmaq bacarığıdır.
Gözəl danışan natiqin çox danışdığı hiss olunmur.
J.Renar
Azad Şükürov həm də gözəl aparıcıdır. Səlis nitqi var.
Aparıcısı olduğu mötəbər, rəsmi tədbirləri, şənlikləri məclisin xarakterinə uyğun olaraq yadda qalan edir. Onun iştirakı sözü, rolu, məclisi unudulmaz edir. Budur sənətə, peşəyə dəyər vermək.
Qarabağ müharıbəsi zamanı döyüş bölgələrində, indiki dövrdə isə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə cəbhə bölgələrində və sərhəd qoşunlarında əsgərlər qarşısında çıxışlar edən Azad Şükürov təsadüfi deyil ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin 2009 və 2010-cu ilin sentyabr və dekabr aylarında keçirdiyi “Bakı gecələri” adlı müasir mahnı müsabiqəsində və dəfələrlə özfəaliyyət teatr kollektivlərinə baxış müsabiqəsində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.
Azad Şükürov vətənpərvər sənətkardır.
O, elin dərdini, ağrısını yaşayıb, sevincinə ümid verən el adamıdır.
İnsanın dünəni ilə bu günü arasında zaman sərhədi var. Tez-tez aşırsan o sərhəddi. Dünəninə ağlın gözüylə baxırsan. Etdiklərini, etmədiklərini, əyər-əskiklərini saf-çürük edirsən. Bəzən təəssüflənirsən. Heyfslənirsən... Uşaqlıq xatirələrinə isə elə uşaqlığın gözüylə baxırsan. Elə ilk andan uşaq olursan. Üzünə uşaqlıq sevinci qonur. İçinin çırpıntılarıyla boylanırsan, baxırsan o anlara. Körpə uşaq kimi yeriyirsən. İçin-için ağlayırsan. Ürəkdən gülürsən. Məktəbli kimi əl qaldırıb dərs danışırsan. Ağaca dırmaşırsan, təpədən sürüşürsən. Çayda çılpaq çimirsən. Utanmağın, ağrının, dərdin, itkinin nə olduğunu unudursan.
Bulaq suyu, dağ havası kimi saf olursan.
Qayıtmaq istəmirsən o vaxtlardan, o yerlərdən. Bəlkə də insan ona görə də böyüdükcə uşaqlığına qayıtmaq istəyir. İtirdiklərini təzədən yaşamağa. Çirkabdan qurtulmağa. Bu ağrılı, laqeyd, qəddar dünyadan uzaqlaşmağa, təzədən o təmizliyə, saflığa, daha həssas, daha qürurlu olmağa can atır. Azad da o uşaqlıq, o saflıq üçün darıxır. At çapmağı, ot biçməyi, çayda çimməyi, mal-heyvan otarmağı üçün. Sərbəstliyi üçün.
Amma Azadın və bütün yurd itkisi yaşayanların uşaqlığının içində bir kədər var. Ağrı var. Biz uşaqlıq xatirələrimizdə sona kimi gülə, sevinə bilmirik. Bizim uşaqlıq xatirələrimizin sonu yarımçıq qalan, qırılan kino lenti kimidir.
Düşmən təkcə bizim yurdumuzu, Qarabağımızı işğal eləmədi. Uşaqlığımızı, ilk sevgimizi, məhəbbətimizi işğal etdi.
Biz uşaqlığımızı, uşaqlıq xatirələrimizi, uşaqlıq sevgilərimizi itirmiş adamlarıq. O sevincimiz qeyb olub. Xəzan basan gülüşlərimiz boğulub.
Azad da daha “Sən ey ilk eşqimin şahidi, dağlar...” oxuya bilmir. Yoxdur, bizim gedə bilmədiyimiz qədər çox uzaqdadır, o şahid dağlar. Ümidin gözlərində görünür ancaq. Bir də xatirələrin öləziyən, sönən işartısında...
“Mənim üçün yurd hər şeydən əvvəl valideyinlərimin otuz ilə yaxındır ki, ziyarət eləyə bilmədiyim məzarlarıdır. Yaz ağzı alça-gilas ağacları çiçəkləyəndə az qalıram yalquzaq canavar kimi ulayam...
Mənim üçün yurd doğulduğum, boya-başa çatdığım Ağdamın Muğanlı kəndindəki həyətimizdə bitən qollu budaqlı tut ağacıdır.
Zaman-zaman bağrıma basıb, dərdimi danışa bildiyim tut ağacı” –deyir Azad Şükürov.
O yerlərdə şəhid olan dağlar, təpələr, meşələr qaldı. Bir də indiki Azaddan daha ötkəm, daha saf, daha qürurlu Azad.
Bir insan, bir vətəndaş kimi rahat olmaq gözəldir. Azad Şükürov vətəndaş kimi özündən bir balaca rahatdır: “Küçədə vaxtilə dərs dediyim uşaqlarla rastlaşanda gözümü gizlətmirəm, şəstlə görüşüb, gözlərinin içinə dik baxa bilirəm. Ailəmin, uşaqlarımın yanında da alnım açıdır. Zənn edirəm ki, tələbələrim də Azad müəllimə hörmətlə yanaşır, onu görəndə sevinirlər.”
Azad Şükürov maraqlı adamdır.
Kənardan nə qədər zəhmli, qaraqabaq görünsə də, ilk görüşdən səni çoxdan gözlədiyi doğması kimi elə qarşılayır ki, adam ilk düşüncəsindən utanır. Yola salması, ayrılması da elədi. Təbii. Mehribancasına. Hər dəfə ondan unudulmayacaq təssüratlarla ayrılırsan. Əzizin kimi.
Beləcə, ilk görüşdən doğmana çevrilir.
Azad Şükürovu bir insan kimi sevdirən cəhətlərdən biri də elə budur.
Azad Şükürov səhnədə, çəkilişdə, kadr arxasında aktyordır. Həyatda isə mehriban insandır. İnsanlarda ancaq yaxşılıqları görür. Bəzən insanlar haqqında səhv etməsinin də bundan qaynaqlandığı qənaətindədir.
Azad Şükürov səmimidir.
Hamıyla dil tapmağı, müsahibiylə öz dilində danışmağı bacaran, söhbətə şirinlik qatan, onunla keçən vaxtın bitdiyinə adamı təəssüfləndirən söhbətdaşdır. İnsana pozitiv enerji verən, gedilən yolun yorğunluğunu çıxaran yaxşı yol yoldaşıdır. Onunla zamanın necə keçdiyini unudursan. Ona görə də tanıyanlar onunla tez-tez görüşmək, ünsiyyətdə olmaq, fikir bölüşmək istəyində olurlar.
Etdiyi xeyirxahlıq, göstərdiyi qayğı özünün yadından çıxsa da, tələbələrinin, dostlarının yadından çıxmır.
Əsl türk kişisi kimi ailəni toxunulmaz sayır. Ailəsinə görə hətta ən çox sevdiyi sənətindən də uzaq düşə bilər.
Azad Şükürov optimistdir.
Çox şeylər yaşadı Azad Şükürov. Bir vətəndaş kimi, insan kimi, aktyor kimi, müəllim kimi. Amma ruhu sönmədi. İnsan ruhu, sənətkar ruhu...
Hələ aşağı sinifdə oxuyarkən atasının ustalıqla etdiyi xəbərdarlığı, verdiyi dərsi hələ də unutmayıb. Bir işi yenidən başlamağa qərar verəndə o hadisəni xatırlayır.
Arzuları reallıqlarla üst-üstə düşməyəndə həvəsdən düşmür. Həyatında bir neçə dəfə hər şeyi sıfırdan başlamalı olub. Amma heç vaxt ümidini itirməyib, inadından dönməyib. Arzularına söykənib, özündə güc tapıb.
Aldığı tərbiyə ona olanları təbii qəbul etməyi öyrədib.
Hər şeyə çətinliklə nail olub. İstedad və zəhmətin sayəsində. Bir də səbrin. Hansısa problem rahat və asan həll olunanda təəccüblənib.
“Füzuli ilə dərdləşə bilirəmsə, deməli qazancım böyükdür” −deyir. Küçədə, bayırda yaxınlaşıb görüşənləri, şənliklərinə dəvət edənləri çox olur. Bu onunçün ən böyük qazancdır.
Oynadığı bütün rolları sevə-sevə oynadığından, hamısı onunçün əzizdir. Övladları qədər, tələbələri qədər.
Allah sevdiyi insana sevgini vaxtında göndərir. Sevgi insanı formalaşdırır.
İnsanın həyatında elə məqamları olur ki, o özü-özüylə söhbət eləməli, özünü dinləməli, hesabat verməli olur. Çayın şırıltısında, dalğaların səsi fonunda, həzin bir musiqiyə qulaq asa-asa. Sanki kimsə sənin ürək çırpıntılarını eşidəcək deyə, belə yer, məqam seçirsən. İçinlə, özünlə baş-başa qalırsan. Danışıb rahatlanırsan. Bu içi-içə olan söhbət, verəcəyin qərar sənin sonrakı həyatını müəyyən edir. İnsan üçün bu çox vacibdir.
Səni heç kəs özün kimi tanıya bilməz.
Öz gözünün içinə baxıb danışmaq hamıya nəsib olmur.
Tarixi ədəbiyyat, mədəniyyət nümunələri yaşadır.
Əsəri canlandıranlar, sevdirənlərsə aktyorlardır.
İstedadı ilə bərabər savadın, intellektin, ədəb-ərkanının olması hər aktyora nəsib olmur. Tamaşaçılar Azad Şükürovda həm də bunların vəhdətini gördüklərinə görə onu çox sevirlər. Bir də kiçikliyindən, böyüklüyündən asılı olmayaraq yaratdığı obrazların hər birinin yadda qalan, gözəl olmasına görə.
Ən yaxşı insan peşəsinə nüfuz gətirəndir.
Azad Şükürov peşəsinin namusunu qoruyan aktyordur.
Aktyorluq sənəti çətin sənətdir. İnsan həyatda öz rolunu doğru-dürüst oynaya bilmir. Aktyor isə gündə fərqli bir rol oynamalı olur. Ən çətini isə bu qədər rol oynayaraq özün kimi qalmaqdır.
Azad Şükürov gözəl aktyor olmaqla bərabər, olduğu kimi qalan insandır.
Onun kinoda, televiziyada, səhnədə, mötəbər tədbirlərdə səsini eşitmək, həyatda onunla tez-tez rastlaşmaq çox xoşdur. Gözəldir. Xoş ovqata köklənirsən. Ruhun təzələnir.
Qaş qalxıb dartılırsa, demək Azad Şükürovdan xüsusi bir tonla çoxdan eşitmədiyin bir söz eşidəcəksən...
Həyatımıza zənginlik, rəngarənglik qatan, insanın yaddaşında ifası, gəlişi və görüşü ilə xüsusi yer tutan Azad Şükürovun bizi sevindirəcək rolları hələ qarşıdadır.
“Sənətsiz söz cansız olur. Sənət sözü ətə qana gətirir. Sözsüz də sənət olmaz. Sözsüz olan sənət növləri pantomimadır, rəssamlıqdır və rəqqaslıqdır. Mən də ki bunların heç biri ilə məşqul olmamışam. Təbii ki, bu sənət növlərinə böyük rəğbətlə yanaşıram. Amma mənimki sözdür. Mənim sənətim canlı söz sənətidir. Mən canlı sözün, məqamında deyilən sözün, yerində olan sözün quluyam” −deyən, Azad Şükürov səhnə danışığı müəllimi kimi həmişə tələbələrinə ucadan danışmağı öyrədir. Qışqırmağı yox... Sözü ucadan deməyi...
Oynadığı obrazlar arasında parlaq xətt kimi keçən “Vicdan haqqı” serialında Telmanın səslənən son sözlərindəki kimi:
- Əşi, nə pıçıldaşırsız ey,... Bir bərkdən danışın görək nə deyirsiz...
Rəfail Tağızadə